Qur’an baxımından təvəkkülün mahiyyəti
"Təvəkkül” sözü "vəkalət” kökündəndir və İslam lüğətində insanın Allahı özünə e’tibarlı bir dayaq seçməsi, bütün işlərini ona həvalə etməsi mə’nasında nəzərdə tutulur. Bir hədisdə İslam Peyğəmbəri (s) Cəbrəildən təvəkkül haqqında soruşur. Cəbrəil onun cavabında deyir: "Təvəkkülün mə’nası budur ki, insan bütün xeyir və ziyanın, bəxşiş və məhrumiyyətin xalqın əlində olmadığına əmin olsun. Əgər insan elə bir mə’rifət mərtəbəsinə çatsa ki, Allahdan qeyrisi üçün iş görməsin, Allahdan qeyrisinə ümidvar olmasın, Allahdan qeyrisindən qorxmasın, Allahdan qeyrisindən bir şey gözləməsin, bu hal Allaha təvəkküldür.” Qur’ani-məciddə təvəkkül haqqında çoxsaylı ayələr vardır. Təvəkkül sözünün mahiyyətini aydınlaşdırmaq məqsədi ilə bu ayələrdən bə’zilərini nəzərdən keçiririk. Bu mövzu ilə bağlı digər incə nöqtələri başqa bir məqamda araşdıracağıq.
Allah-təala təvəkkülü imanın ayrılmaz bir hissəsi sayır və buyurur: " İmanlı insanlar yalnız Allaha təvəkkül etməlidirlər.” Digər bir ayədə oxuyuruq: "Əgər imanınız varsa, Allaha təvəkkül edin.”
Başqa bir ayədə təvəkkül və Allaha e’timad mö’minlərin bariz sifətlərindən sayılır: "Mö’minlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə qorxudan ürəkləri titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar yalnız öz Rəblərinə təvəkkül edərlər.” Növbəti bir ayədə Allaha e’timad və təvəkkül olduqca şiddətlə vurğulanır. "Şərqin və qərbin Rəbbi Odur. Ondan başqa heç bir mə’bud yoxdur. Yalnız Ona təvəkkül et.” "Şərqin və qərbin Rəbbi” ifadəsi Allahın bütün varlıq aləminə hakimiyyətindən danışır. Ayənin məqsədi budur ki, yalnız bütün varlıq aləminə hakim olan Allah pərəstişə layiqdir. Bütün varlıq aləminə hakim olan Allaha təvəkkül etməmək, Onu bütün işlərdə tə’sirli saymamaq mümkündürmü?! Əgər Allahı yaddan çıxarmasaq, Ona təvəkkül etsək, ruhumuzu Onun zikri ilə gücləndirsək, könül bağlarımız daim xürrəm olacaq.
Könlümüzü güllər alıb qoynuna,
Pərişanlıq? − Könüldə yer yox ona!
Belə bir məqamda insan heç bir üstünlük dalınca qaçmır və hər iki aləmə arxa çevirir. Necə ki, Hafiz buyurur:
Dostdan savay bir kimsə yox könüldə,
Boşla dünyaları, dost varsa əldə.
Başqa bir beytdə isə belə oxuyuruq:
Qəlbdə dostun bircə əlif qaməti,
Öyrədən olmamış başqa hikməti.
Adi insanlar dünyəvi işlərdə daha çox müvəffəqiyyət qazanmaq üçün özlərinə vəkil seçdikləri kimi, Allah bəndəsi də bütün işlərdə Allah-təalanı vəkil seçməlidir. Bu halda istəklər iztirab və təşvişsiz həyata keçir. Başqa sözlə, öz ehtiyaclarını ödəmək istəyən insanın qarşısında üç yol var: Öz gücünə güvənmək; başqalarına güvənmək; hər şeydən ümidi üzüb, Allaha təvəkkül etmək.
Bu üç yol arasında ən pis yol başqalarına güvənməkdir. Belə bir üsul təkcə dini baxımdan yox, psixoloji baxımdan da bəyənilməmişdir. Belə bir üsul insanı cəmiyyət üçün ağır yükə çevirir. Belə bir yolla gedən insan tədricən öz müqəddəs ehtiyacsızlıq hissini unudur və ən kiçik işlərdə də başqalarının köməyinə göz dikir.
Amma psixoloqların "Özünəinam” ("E’timad be nəfs”) adlandırdığı birinci yol iki baxımdan araşdırılmalıdır: Pozitiv (müsbət) və neqativ (mənfi) baxımlardan.
Özünə inam yolunu müsbət mə’nada qəbul etmək bütün işlərdə özünə güvənməkdən ibarətdir. Pisixologiya özünəinam məhfumunu həmin bu müsbət mə’nada qəbul etsə də, tövhidi e’tiqad baxımından, bu baxış məqbul deyil. Çünki insan öz-özünü və Allahını daha dəqiq şəkildə tanıdıqda, zəif və aciz olduğunu anlayır. Aydın məsələdir ki, insanın malik olduğu bütün güc və enerji Allahdandır. Belə bir halda insan hansı əsasla yalnız özünə güvənə bilər?! Əgər insan özü və onun ixtiyarından olan hər şey Allaha aiddirsə, insan özünü həqiqi malik hesab edə bilməz. İnsanın Allaha təvəkkül və e’tiqadı öz Rəbbini tanıması yolu ilə hasil olan bir xüsusiyyətdir. Əgər insan bütün varlıq aləminin, eləcə də öz varlığının həqiqi sahibi kimi Allahı tanıyarsa, öz ehtiyaclarının tə’mini üçün başqalarına əl açmaz. Özünəinam hissinin mənfi yönümü, yə’ni başqalarına e’timadsızlıq həm psixoloji, həm də tövhidi baxımdan məqbul sayılır, özünü, başqalarına möhtac bilməyən insan üstün tutulur. Qur’ani-kərimdə və mə’sum imamlardan nəql olunmuş rəvayətlərdə uyğun mövzuda ətraflı şəkildə danışılmışdır. Uyğun mənbələrdə Allahdan qeyrilərinə güvənməyin ümidsizliklə sonuclandığı bildirilir. Əslində bu ayələrdə təvəkkül məsələsində tövhidə işarə olunur. Allah kimi e’tibarlı bir dayağa malik olan insan başqalarına ehtiyac duymadığından Qur’ani-məciddə buyurulur: "Diri və ölməz Allaha təvəkkül et.” Başqa bir ayədə oxuyuruq: "Yalnız Allaha təvəkkül et. Əlbəttə ki, sən haqsan və haqq olduğun açıq-aşkardır.”
Axı Allah mövcud olduğu bir halda ondan qeyrilərinə üz tutmağa əsas nədir?! Məgər Allah-təalanın insana diqqəti ona bəs etmirmi?! Allah-təala buyurur: "Məgər Allah öz bəndəsi üçün bəs deyilmi?!”Başqa bir ayədə oxuyuruq: "Allah göylərin və yerin Rəbbi olduğu halda ondan qeyrisinimi özünüzə hami seçirsiniz?!”
Əgər insan bir təhlükə və zərərlə üzləşərsə, onu həmin vəziyyətdən yalnız Allah-təala qurtara bilər. Bütün səadət və xoşbəxtlikləri də öz bəndəsinə nəsib edən Allahdır. Qur’anda oxuyuruq: "Əgər Allah sənə bir zərər yetirsə, Ondan qeyrisi bu zərəri aradan qaldıra bilməz və əgər sənə bir xeyir yetirsə, O hər şeyə qadirdir.” İstənilən bir şəkildə Allaha sığınıb ona ümid bəsləyən insana Allah bəs edir. Allah-təala Qur’ani-kərimdə buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona bəs edər. Allah öz buyuruğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü tə’yin etmişdir.” Başqa bir ayədə İslam Peyğəmbərinə (s) xitabən buyurulur: "De ki, mənə təkcə Allah bəs edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər.”
Kitabın ad: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi