Təvəkkül və fəaliyyətin zəruriliyi
Təvəkkül o demək deyil ki, insan məsciddə e’tikaf edib, Allaha ümüd ilə bütün işlərdən əl çəksin. Şübhəsiz ki, belə bir yol seçən insanlar yanılmışlar. Həqiqi təvəkkül belə bir düşüncədən çox-çox uzaqdır. Rəvayətdə nəql olunur:
İslam Peyğəmbəri (s) bir qrup adamın işdən çəkindiyini görüb, bunun səbəbini soruşdu. Dedilər: "Biz Allaha təvəkkül edənlərik.” Həzrət buyurdu: "Siz təvəkkül edənlər yox, cəmiyyətə artıq yüksünüz.”
Allahı tanıyanlar yaxşı bilirlər ki, Allahın hikmətinə əsasən, işlər vasitələrlə gerçəkləşir. Bə’zən bu vasitələr maddi və təbii olur, bə’zən isə mə’nəvi. Qeyri-adi və xariqüladə səbəblər də ola bilər. İstənilən bir halda hadisələr səbəblər yolu ilə həyata keçir. İnsan Allahı tanımaqla işlərin səbəblər vasitəsi ilə həyata keçdiyini də anlayır. İnsanın təkamülü səbəblər nizamından asılı olur və bu yolla bəşəriyyət imtahana çəkilir. Əks təqdirdə, insan kamala çata bilməzdi. Çüki təkamül bəndəlik vəzifələrinin icrasından asılıdır. Bir kənara çəkilib yalnız ibadətlə məşğul olan, gün uzunu əlini ağdan qaraya vurmayan insan ilahi hikmətin ziddinə hərəkət edir. Bu halda Allahdan ruzi gözləmək də nahaqdır. Mövləvinin tə’birincə:
Təvəkkül etdinsə, ək-becər ki, sən
Zəhmətlə bərəkət enəsi göydən.
Bəli, ilahi hikmət tələb edir ki, insan öz ehtiyaclarını ödəmək üçün vasitələrdən bəhrələnsin. Əgər Allahı çağırmaqla göydən ruzi nazil olsaydı, kimsə iş dalınca getməzdi. Belə bir halda insanların sınağa çəkilməsi də mümkünsüz olardı. İnsan məhz çətinliklər meydanında imtahan verir. Müxtəlif çətinliklərlə üzləşən insan ya kamala çatır, ya da süquta uğrayır. İnsanın müxtəlif vasitələrə üz tutması üçün vəzifələr müəyyənləşdirilmişdir. Ruziyə ehtiyac duyan insan işləməli, öz zəhməti sayəsində möhtaclıqdan qurtarmalıdır. Kimi müəyyənləşmiş vəzifəsinə əməl edərək çalışır, kimi də öz ehtiyaclarını ödəmək üçün başqalarına əl atır. Əgər iki rəkət namaz müqabilində insana behiştdən ruzi göndərilsəydi, bəşəriyyətin imtahana çəkilməsi mümkünsüz olardı. Bu vaxt saleh insan günahkardan seçilməzdi. Kimin əziyyətə dözdüyü, kimin zülmə əl atdığı bilinməzdi.
Əlbəttə ki, bə’zən ilahi hikmət əsasında xariqül’adə işlər də baş verir. Həzrət Məryəmin əhvalatını misal çəkmək olar. Qur’ani-kərimdə buyurulur: "Zəkəriyya Məryəmin yanına gəldiyi vaxt onun yanında ruzi görərdi. Belə bir hadisə də ilahi hikmət əsasında baş verir. Allah bu yolla layiqli bəndələrinə öz mərhəmətini göstərir. Bu sayaq hadisələr başqaları üçün də bir ibrətdir. İnsan əldə etdiyi ne’mət vasitəsi ilə imtahana çəkilir. Kimi şükr edərək Allahın razılığını qazanır, kimi də ne’mət sahibinə arxa çevirir.
Bir çox hallarda hadisələr adi səbəblər vasitəsi ilə baş verir. Əgər bir şəxs adi vasitələrlə məqsədinə çatmaq istəməsə, Allahın istəyinə qarşı çıxmış olur. Saleh insanın işi və ibadəti Allahın razılığı əsasındadır. Əgər Allah bu gün varlıq aləmindəki nizamı bəyənmişdirsə, mö’min insan bu nizama qarşı çıxa bilməz. Əgər Allah ruzinin yetişmə yolunu müəyyənləşdirmişdirsə, bəndə başqa bir yol axtarmamalıdır. Təbii səbəblər olmadan məqsədinə çatmaq istəyən insan ilahi hikmətə qarşı çıxır və onu tənbəl adlandırmaq daha düzgün olar.
Əgər bildirilirsə ki, insanlar öz məqsədlərinə vasitələr yolu ilə çatmalıdırlar, bu o demək deyil ki, bu işdə Allahın rolu yoxdur. İlahi hədəflərin gerçəkləşməsi üçün insan vəzifəsini yerinə yetirməlidir. Vəzifələrə əməl insanın təkamülünü tə’min edir.
Demək, təvəkkül edən insan işdən çəkinməməlidir. Əgər həm təvəkkül edən insan, həm də təvəkkül etməyən insan çalışmalıdırsa, bəs onların arasındakı fərq nədir? Fərq qəlb halətindədir. Təvəkkül edən insan öz ümidi ilə Allaha itaət etmiş olur. Təvəkkül etməyən insan isə yalnız özünə və başqalarına güvənir. Təvəkkül edib çalışan insanın yeganə ümidi Allahadır. Vasitələr səmərə vermədikdə belə, onun ümidi üzülmür. Var-dövləti əlindən çıxmış mö’min insan heç zaman naümid olmur. O bilir ki, onun xəzinəsi boş olsa da, Allahın xəzinəsi doludur.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi