Allahı tanıma
Allahı tanımaq bəşərin ilkin yaradıcı mərhələsini təşkil, çünki bəşəri fəzilət və dəyərlərin əsasında Yaradanı dərk etmək durur. Allahı tanıma bəşərin ilkin rüşeymi, onun fəaliyyət və təkamül mərkəzidir. Bəşər həyatının məramnaməsində Allahı tanıma prinsipi olmasa, onun bütün əməlləri – fikri və əməli fəaliyyəti düzgün və bərabər əsaslar üzərində qurula bilməz.
Pakların pakı Zəhra (ə) Allahı tanıma məsələsində nadir bir şəxsiyyət idi. Onun Allahı taınma əlamətləri bütün əməllərində, işində, fikirlərində özünü göstərirdi. O, gecə-gündüzünü nəfsin və Allahı tanımanın təkamülünə sərf edir, bu yolla hər an yeni addımlar atırdı. Allahı dərk etmənin bu qığılcımları onun vücudunu bürümüşdü. Bütün varlığı bu mərifət alovlarının içərisində idi.
İstəkli oğlu imam Həsən (ə) hörmətli anasının bu parlaq xüsusiyyəti haqqında belə buyurur: "Anam gecələr sübhədək Allaha ibadətlə məşğul olur və qazandığı mənəvi dəyərlərə görə Allaha dua edərkən Yaradandan əvvəlcə qonşularına mərhəmət göstərməsini diləyər və buyurardı: "Əvvəl qonşu, sonra öz evim.” Aydındır ki, yalnız və yalnız bu cür səmərəli bir məktəbdə tərbiyə almış bir şəxs belə bir məntiq sahibi ola bilərdi. Çünki yaşadığımız dünyada insanların çoxu hər şeydən əvvəl özlərini düşünür və hər şeyi birinci olaraq özləri üçün istəyirlər. Sonra isə vaxt və ya əlavə imkanlar olduqda başqaları haqqında da fikirləşirlər. Özü də bunu özlərinə tərəfdarlar toplamaq xatirinə edirlər. Fatimənin (ə) məntiqi isə belə insanların əksinə olaraq təbiətindəki paklıqdan və əzəmətli mənəvi aləmindən irəli gəlirdi. Bu xüsusiyyətlər isə yalnız Məhəmmədin (s) tərbiyə məktəbində qazanıla bilər, çünki belə bir məntiqin əsasında insansevərlik və humanizm, fədakarlıq və özünü qurban vermək kimi keyfiyyətlər durur. Bütün bunlardan isə başqa məktəblərdə əsər-əlamət belə ola bilməz.