İmam Baqir (ə) və anasının xatirəsi
Şiələrin başçısı, beşinci məsum rəhbər kimi imam Baqirin (ə) əziz anasına olan dərin məhəbbəti haqqında çoxlu rəvayətlər və hekayətlər var. Bu rəvayətlərdə imam Baqirin (ə) istəkli anasının xatirəsini necə əziz tutması dönə-dönə təkrar olunur. Fatimeyi-Zəhranın (ə) fəzilət və kəramətlərindən birər-birər danışırdı.
İmam Baqirin (ə) anasına olan bu əlaqəsini aşağıdakı kiçik parçanın nümunəsində açıq-aşkar görmək olar:
"Hədisdə gəlmişdir ki, imam Baqir (ə) həmişə bərk qızdırmalı olub yatağa düşərkən soyuq su istəyirdi. Elə ki, su gətirirdilər, ondan bir qurtum içir, sonra su içməyini kəsir və içindən gələn yanıqlı bir səslə ucadan anası Zəhranı (ə) çağıraraq deyərdi: "Anacan Fatimə, ey Rəsulullahın (s) qızı!”
İmam Baqir (ə) beləliklə ürəyi təşnə olan anlarda bu cür sözlərlə, əziz anasını yad etməklə qəlbinə rahatlıq verir, dərdinin üstünə məlhəm qoyur və canına, ruhuna istəkli validəsinin gözəl adını çəkməklə ətir səpirdi.”
Fəzilətdə heç bir qadın Fatiməyə (ə) çatmaz
Fatimeyi-Zəhra (ə) həyatın bütün sahələrində pak və alicənab oğlanları üçün əbədi bir nümunə idi. Onlar çalışırdılar ki, bütün mömin və müsəlman qadınları əziz analarının yolu ilə getsinlər, onu özlərinə rəhbər və nümunə etsinlər. İmam Baqir (ə) də belə hərəkət edirdi. O həzrət də həmişə əziz anasını yad edir, onun həyat yolunu müsəlman xanımı üçün ən ali nümunə sayırdı.
Bir gün Əhli-beytin (ə) davamçı və vurğunlarından olan bir qadın imam Baqirin (ə) hüzuruna gəlib belə dedi: "Mən heç vaxt ərə getməyəcəm.”
Həzrət buyurdu: "Bu sözü deməkdə məqsədin nədir?”
Qadın cavab verdi: "Belə qərara gəlmişəm ki, əsla ərə getməyəm. Bu sözdən də məqsədim elə budur. Fəzilət və kamala çatmaq üçün bu yolu seçmişəm. Bu dünyaya bağlılıqdan əl çəkmək və bütün ömrümü ibadətlə keçirmək istəyirəm. Bu yolda ailə məsələlərinin mane olmamasını istəyirəm.”
İmam (ə) buyurdu: "Sənin bu qərarın düzgün deyil. İslam əsla kimsəni bu yola sövq etməmiş, həyati əlaqələrə göz yummağı düzgün saymamış və müsəlmanlara belə bir işi məsləhət görməmişdir. Əgər ərə getməkdən, ailə qurmaqdan əl çəkmək müsəlman qadını üçün fəzilət və üstünlük sayılsaydı, anam Zəhra (ə) bu fəziləti dərk etməkdə səndən və bütün dünya qadınlarından daha layiqli olardı. Amma anam əsla bu yolu tutmadı və həyatın qanunlarına, yaranışın təbiətinə, bəşər həyatının təamülünə uyğun olaraq özü üçün ər seçdi və onunla ailə qurdu. Sən özün bir müsəlman qadınsan və yaxşı bilirsən ki, heç bir qadın fəzilət və kamalda anam Zəhranı (ə) üstələməmişdir. Odur ki, əgər sən də fəzilət axtarırsansa, onda gərək onun yolunu davam edəsən.”