İmam Həsən Müctəba (ə) və əziz anasının xatirəsi
İkinci imam, şiələrin məsum rəhbəri, Fatimənin (ə) ilk övladı həzrət imam Həsənin (ə) əziz anasına dərin məhəbbət və əlaqəsi var idi. Bu məhəbbət və əlaqənin əlamət və izlərini o həzrətin həyatına aid müxtəlif sənədlərdə görmək olar. Həmin sənədlərin ən mühümləri o həzrətlə Müaviyə və onun hökumətinin valiləri, hakimləri və nümayəndələri arasında olan məktublar, yazışmalardır.
İmam Həsənin (ə) dilindən və qələmindən çıxmış bu sənəd və məktublarda dəfələrlə, böyük iftixarla pakların pakı Zəhra (ə) kimi bir ananın mübarək vücuduna istinad edilmişdir. Məsum imam belə bir müqəddəs ananın mübarək vücudunu öz yolu və məramının doğruluğuna dəlil gətirmiş, beləliklə də, tutduğu yolun doğruluğunu və möhkəmliyini sübut etmişdir.
Mərhum Seyyid Möhsün Amili "Əyanüş-şiə” əsərində bu məktubların bəzilərinə işarə etmişdir. İmam (ə) bu məktubların birində qəsbkar Müaviyənin zülmkar valilərindən biri olan Ziyad bin Əbiyəyə yazır:
"Fatimənin oğlu Həsəndən Səmiyyənin oğlu Ziyada!
Bil ki, Allahın Rəsulu (s) buyurmuşdur: "Övlad qanuni evlənmənin pak yorğan-döşəyinə məxsusdur. Kəbinsiz evlənənin (zinakarın) nəsibi isə (övlad əvəzinə) daşdır. Vəssəlam.”
Bu məktub bir tarixi həqiqəti aşkar edir. Həqiqəti araşdıranlar, xüsusilə də həqiqəti arayan tarixçilər üçün bu, mötəbər bir sənəddir. İmam Həsən (ə) məktubda Übeydullahın arvadı Səmiyyənin yalançı, məkrli və hiyləgər Əbu Süfyanla qanunsuz əlaqəsini ifşa edirdi.
Bu məktub Ziyad tərəfindən imam Həsənin (ə) müqəddəs şəxsiyyətinə qarşı təkrar-təkrar rəva görülmüş təhqir və alçaqlıq, həyasızlıq və ədəbsizlik, boşboğazlıq və cəfəngiyyatdan sonra yazılmış və o həyasız boşboğazın həqiqi zatını aşkar etmiş, tarixə tapşırmışdır.
Bu sənəd və məktublardan əlavə imam Həsən (ə) dəfələrlə Müaviyə ilə mübahisə edərkən özünün pak zatına, əsl-nəsəbinə, əziz anasının təmizliyi və müqəddəsliyinə istinad etmişdir. Deməli, əziz anasının əzəməti və dərin nüfuzu, təsiri imam Həsən Müctəbanın (ə) qəlbində, ruhunda özünə möhkəm yer etmişdi. Bu nüfuz və təsir elə əhatəli idi ki, o böyük imam (ə) nəinki bütün pak və səmərəli həyatı boyu həmişə anasını düşünür, onun böyüklük və paklığını yad edir və Əhli-beyt (ə) aşiqlərinə ondan eşitdiyi bir neçə həqiqəti açıb söyləyirdi, həm də şəhidlik çağında, ömrünün son anlarında da əziz validəsinin adını, məhəbbət və xatirələrini dilinə gətirirdi.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild