İmam Hadi (ə) və anasının xatirəsi
Vilayət və imamlıq səmasının onuncu parlaq ulduzu və İslam dünyasının pak rəhbəri imam Hadi (ə) də anası Zəhranın (ə) müqəddəs xatirəsini əziz tuturdu.
Məsum imam (ə) əziz anasına bəslədiyi sevgi və duyğularını Əhli-beytin (ə) düşmənləri ilə, müxalif qruplarla etdiyi mübahisələrində dönə-dönə gözəl sözlərlə bəyan etmişdir. O həzrət həmişə əziz anasının varlığı ilə fəxr etmişdir.
Bu böyük şəxsiyyətin çoxsaylı dua və öyrətmələri içərisində "Ziyarəti-came” öz dərin və gözəl mənası ilə seçilir. Məsum imam (ə) anası Zəhraya (ə) və pak Əhli-beytə (ə) qarşı olan ali duyğularını, dərin məhəbbətini həmin "Ziyarəti-came”sində olan əzəmətli dualarında dönə-dönə dilə gətirmişdir:
"Salam və alqış Sizə, Ey Peyğəmbər (s) nəsli!
Salam və alqış Sizə, ey səma mələklərinin gedib-gəlmə mərkəzləri və ey İlahi vəhyin nüzul olduğu yer!
Salam və alqış Sizə, ey millətlərin başçıları, pak siyasət xadimləri və tədbir sahibləri!
Salam və alqış Sizə, ey iman açarları, Allahın mötəbər bəndələri və peyğəmbərlərin qaymağı!
Salam və alqış Sizə, ey mərifət və möminlik mərkəzləri, ey İlahi hikmətlərinin xəzinələri və böyük sirr sahibləri!
Salam və alqış Sizə, ey İlahi Kitabının daşıyıcıları, Peyğəmbərin (s) hamiləri və Allahın Rəsulunun (s) nəsli, İlahi rəhməti və bərəkəti Sizə nəsib olsun!”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild