İmam Musa bin Cəfər (ə) və anasının xatirəsi
Vilayət və imamlıq səmasının yeddinci parlaq ulduzu, haqq-ədalət uğrunda mübarizənin qəhrəmanı, bu yolda olmazın əzab və işkəncələr görmüş, ömrünü zindanda keçirmiş imam Musa bin Cəfər (ə) anası Zəhraya (ə) coşqun və dərin məhəbbət bəsləmişdir.
Məsum imam (ə) həmişə əziz anasını, onun fədakarlıq və mübarizəsini, bu yolda çəkdiyi əzabları yadına salıb xatırlayırdı. O həzrət xüsusilə də İslam tarixinin qara səhifələrindən biri olan Fədək məsələsindən tez-tez danışar, onun həqiqətlərini təfsilatı ilə açıb deyər, şərh edərdi.
Aşağıdakı hekayət imamın (ə) əziz anasına olan bu məhəbbətini göstərməklə yanaşı, həmçinin sübut edir ki, pakların pakı Zəhranın (ə) tapdalanmış hüququ həmişə oğlunun diqqət mərkəzində olmuşdur.
Qeyd edək ki, Musa bin Cəfərin (ə) imamlığı zamanı xəlifə olmuş zalım Mehdi Abbasi öz qəsbkar hökumətinin başlanğıcında məsum imamla pis davranmırdı. Bir dəfə Mədinədə İmamla (ə) görüşərkən ona Abbasi xəlifələrinin sarayında işlənən spirtli içkilər barədə sual verdi. Bu yaramaz xəlifə imamdan (ə) elə dərin və dəqiq, ağıllı və qaneedici cavab eşitdi ki, qəlbinin qaranlığına və dünyagörüşünün darlığına baxmayaraq, yenə də öz heyrət və təəccübünü gizlədə və İmamın (ə) dərin biliyini, elm və zəkasını təsdiq etməyə bilmədi.
Mehdi Abbasi ilə məsum imamın (ə) ikinci görüşü elə bir vaxtda oldu ki, zahirən Mehdi guya atası Mənsurun etdiyi zülmlərə qarşı çıxırdı. Yəni onun imam Sadiqdən (ə) zəbt edib zorla aldığı malı oğlu Musa bin Cəfərə qaytarmaq istəyirdi. Ona görə də həmin görüşdə o, İmamdan (ə) soruşdu: "Anan Fatimədən (ə) zəbt olunmuş Fədək torpağı nə qədərdir? Onun sərhədləri hardan harayacandır? Onun hüdudlarını mənə bildir ki, geri qaytarım.”
İmam (ə) Mehdinin cavabında Fədək üçün elə hədd və sərhədlər təyin etdi ki, eynilə onun xəlifəliyi dövründə İslam imperatorluğunun sərhədlərinə bərabər idi. Belə ki, İmam (ə) buyurdu:
"Deməli, sən istəyirsən Fədək torpağının sərhədlərini biləsən? Elə isə qulaq as, sənə deyim.
Onun bir tərəfi Ühüd dağı.
Bir tərəfi Misir,
Üçüncü sərhəddi Qırmızı dəniz,
Dördüncü sərhəddi isə Dümmətül-Cəndəl idi...
İmamın (ə) sözlərindən halı dəyişən Mehdi nigarançılıqla soruşdu:
"Bütün bu dediklərin Fədək torpaqlarının sərhədləridir?”
İmam (ə) buyurdu:
"Bəli, bütün bu torpaqlar elə yerdədir ki, qoşun çəkməklə, döyüşlə geri alınmamışdır.”
Həmin gündən başlayaraq Mehdinin qəlbində İmama (ə) qarşı kin və düşmənçilik hissləri baş qaldırdı. Mehdi o həzrəti (ə) öldürmək qərarına gəldi, çünki onu özü üçün təhlükə hesab edirdi. Həmin gün başa düşdü ki, İmamın (ə) məqsədi təkcə boş Fədək torpağının sərhədlərini bəyan etmək və onu geri almaq yox, həm də Peyğəmbər (s) nəslinin, Əhli-beytin (ə) əlindən zorla alınmış hökumətə, xilafətə yiyə durmaqdır. O anladı ki, Əli (ə) və Zəhranın (ə) övladları öz haqlarını hələ unutmamışlar. Ona görə də təkcə Fədək torpağını yox, həm də zülm üstündə qurulmuş bu hökuməti yıxıb dağıtmaq istəyirlər. O zaman Mehdi məsum imama (ə) belə cavab vermişdi:
"Bu dediklərin olduqca çoxdur.”
Əlbəttə ki, o yaramaz xəlifə ismət və paklıq əhlinin hüquqlarını əsla qaytarmadı, əksinə, o gündən başlayaraq imamı öldürmək, ona azar vermək niyyətinə düşdü. Onu şəhid edənədək bu çirkin niyyətindən əl çəkmədi.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild