İmam Səccad (ə) və anasının xatirəsi
Səcdə edənlərin fəxri imam Zeynəlabidin (ə) əziz anasını yaxından görməmişdi, amma onun vücudunun nurunu, təsirini bütün varlığında duymuş, dərindən hiss etmişdi. İmam (ə) yaxşı bilirdi ki, əziz anasının tərbiyə işığından, müqəddəs şəxsiyyətindən bəhrələnmiş, nurlar qazanmışdır. Ona görə də anası Fatimeyi-Zəhranın (ə) böyük şəxsiyyətinin müxtəlif cəhətlərini tam dəqiqliklə öyrənirdi. Həmişə çalışırdı ki, Fatimənin (ə) həyatı ilə bağlı bütün məsələləri incəliyi ilə bilsin və sonra onları müsəlman qadınları və qızları üçün nümunə olaraq göstərsin, əziz anasının həyat yolunu, əxlaq və davranışını İslam cəmiyyətində qadınların tərbiyə məktəbinə çevirsin və hamını ondan öyrənməyə, öyrəndiklərini həyata keçirməyə sövq etsin.
Ona görə də həmişə bu dəqiqlikləri daha yaxşı bilmək üçün pakların pakı anasını yaxından görüb tanıyanları, həyatından bəhrə görənləri arayıb axtarır, onların Fatimə (ə) haqqında söhbətlərinə heyranlıqla qulaq asırdı.
İmam Səccad (ə) bir gün Ümeysin qızı Əsmanın söhbətini dinləyirdi. Bir müddət Peyğəmbər (s) ailəsində xidmətçilik etmiş Əsmaya pakların pakı Zəhra (ə) ilə oturub-durmaq səadəti nəsib olmuşdu. Həmin gün o mömin qadın böyük şövq və həvəslə aşağıdakı hekayəti danışırdı:
"Bir gün hörmətli anan Zəhranın (ə) yanında oturmuşdum. Bu əsnada Allahın Rəsulu (s) qapıda görünüb içəri daxil oldu. Əziz ananız Zəhranın (ə) yaxasında qızıl boyunbağı var idi. Boyunbağını Əli (ə) təzəliklə şəxsi qazancından həyat yoldaşı üçün almış və onu dünya xanımlarının başçısına hədiyyə vermişdi.
O vaxtlar müsəlmanların qüdrəti gündən-günə artmış, həyatları get-gedə yaxşılaşmış, sıxıntı və çətinliklər arxada qalmışdı. İslam peyğəmbəri (s) əziz qızının yaxasındakı boyunbağını görüb xoşhal oldu. Buna baxmayaraq, o həzrət üzünü qızına tutub buyurdu:
"Qızım, olmaya-olmaya, camaatın "Fatimə - Rəsulullahın qızıdır” sözləri səni məğrur etmiş olsun və qürur hissinin təsiri ilə zülmkarların, zalımların geyimini əyninə geymiş olasan!”
Allahın Rəsulu (s) bu bir cümləni deyib bir an dayandı, sonra getdi. O həzrət evdən çıxan kimi Fatimeyi-Zəhra (ə) boyunbağını yaxasından çıxardı və onu bir daha taxmadı. Sonra isə boyunbağını satıb onun pulu ilə bir qulamı sahibindən aldı və Allah yolunda onu azad etdi. Bu xəbər Allah Elçisinin (s) qulağına çatdı və onun böyük sevincinə səbəb oldu. Peyğəmbər (s) qızı üçün Tanrıya çox dua edib onun bu xeyirxah əməlindən razılığını bildirdi. O həzrət bu hadisədən sonra qızı haqqında demişdi: "Belə qıza qurban olum.”