İmam Cavad (ə) və anasının xatirəsi
İmam Cavad (ə) atası imam Rzanın (ə) tərbiyə məktəbində böyümüşdür və təbii ki, əziz anasına olan məhəbbət və əlaqəsini alicənab atasından əxz etmiş, ondan öyrənmişdir. Bəli, imam Cavadın əziz anasına qarşı olan coşqun məhəbbəti həmişə şölələnmiş və dillər əzbəri olmuşdur.
Bu sönməz eşq və məhəbbət haqqında çox deyilmişdir. Ona görə də burada bu mövzu ilə bağlı kiçik bir hədisi oxucuların nəzərinə çatdırmaqla kifayətlənirik. "Səfinətül-bihar” əsərində qeydə alınmış hadisədə deyilir:
"İmam Cavad (ə) həmişə günəş batarkən Mədinədəki Nəbiyyi-Əkrəm məscidinə gələr, İslam peyğəmbərinə (s) salavat və salam göndərər və beləliklə, ulu cəddini yad etməklə rahatlıq tapardı.
Sonra Peyğəmbərin (s) qəbrinin yaxınlığında uyuyan anası Fatimənin (ə) məqbərəsinin yanına gedərdi. Əvvəlcə, özünəməxsus nəzakət və ədəblə ayaqqabısını çıxarar, sonra isə böyük şövq və həvəslə o kiçik, lakin nurlu evə daxil olardı. Orada namaz qılar, dua edər və bir müddət sükut içində fikrə dalardı.”
Bu məhəbbət və əlaqənin dərki üçün təkcə bunu qeyd etmək kifayətdir ki, İmam (ə) Nəbi məscidinə gedərkən bir dəfə də olsun, əziz anasını yoluxmadan evə dönməmişdi.
İmamın (ə) əziz anasına olan məhəbbət və əlaqəsinin dərinliyi o həzrətin evlənməsinə aid hekayətdə də əyani şəkildə özünü göstərir.
İmam Cavabın (ə) evlənmə qaydasına diqqət yetirdikdə hər şeydən əvvəl görürük ki, o həzrət anasına necə böyük bir ehtiram bəsləmiş və onun aliliyini, üstünlüyünü hər cəhətdən nəzərə almışdır. Məlum olduğu kimi, imam Cavad (ə) xəlifə Məmun Abbasinin kürəkəni olmuşdur. Ona görə də gözləmək olardı o həzrətin xəlifənin qızı Ümmül-Fəzllə toy mərasimində qızın atası minlərlə dirhəm və dinar xərcləyəcək. O zamanlar bu cür mərasimlərdə kəbin pulu gəlinin atasının imkanlarına uyğun olaraq böyük bir məbləği təşkil edirdi.
Ancaq imam Cavad (ə) anasına bəslədiyi dərin ehtiramın əlaməti olaraq həyat yoldaşının kəbin pulunun beş yüz dirhəmdən artıq təyin olunmasına razılıq vermədi. Axı o həzrətin əziz anasının kəbin pulu da eyni ilə beş yüz dirhəm idi.
Beləliklə, o həzrət heç bir vəchlə razı olmadı ki, həyat yoldaşının kəbin pulu möhtərəm anası Zəhranın (ə) kəbin pulundan artıq olsun və bu, bir növ üstünlük sayılsın.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild