
Fatimə (s.ə) bir evdar qadın kimi
Fatimeyi-Zəhra (ə) Məhəmməd (s) məktəbinin yetirməsi idi. Təlim-tərbiyəsini ilahi vəhyinin sinifində başlamışdı. İnsan tərbiyə edən bu mədrəsəni bitirdiyi üçün o həzrətin bütün sözü, işi, fikirləri yaradıcı və qurucudur. İlahi və mənəvidir. Məhz buna görə də o həzrətin davranış və əməl qaydaları İslam dünyasının bütün qızları, qadınları üçün nümunə olmalıdır. İndi isə Fatimənin (ə) mənzildə və evdarlıq işlərində rəftarına, özünü ev sahibəsi kimi necə aparmasına, ər üçün həyat yoldaşlığı, övladlar üçün isə analıq vəzifələrini necə yerinə yetirməsinə nəzər salaq.
Fatimə (ə) hər şeydən əvvəl nümunəvi bir evdar qadın, canıyanan və mehriban, düşüncəli və dərrakəli, bir ev sahibəsi idi. O, hər kəsdən daha yaxşı dərk edirdi ki, cəmiyyətin bünövrəsi, dayaq nöqtəsi evdə qurulur. Cəmiyyətdəki vicdanlı və sağlam cavanlar da, naxələf və pozğun övladlar da evdə tərbiyə alırlar. Buna görə də ev mühitini məhəbbət və təmizlik, düzgün tərbiyə və saf əxlaq mühitinə çevirmək üçün var qüvvəsilə çalışırdı.
Fatimənin (ə) özü uşaqlıq illərini peyğəmbərlik ocağında, İslam dünyasının və bəşəriyyətin ilk ali şəxsiyyətinin yanında keçirdi. İlk tərbiyəsini vəhy və ilham ocağında, o İlahi məktəbin fəzilət və mənəviyyat beşiyində aldı, ən ali və bəşəri dəyərlərə burada yiyələndi. Elə buna görə də o, hər kəsdən daha yaxşı bilirdi ki, övladın tərbiyəsində evin, ailənin rolu nə dərəcədə böyük və mühümdür. Bundan əlavə o, həyatının inkişaf və yaradıcı dövrünü imamlıq və vəlilik ocağında keçirdi. Bu da öz-özlüyündə onun həmin ocaqda pak və layiqli övladlar tərbiyə etməsinə səbəb oldu. Fatimənin (ə) boya-başa çatdırdığı övladları vəlilik bayrağını başları üstündə qaldırıb, bütün bəşəriyyət üçün imamlıq çırağını alovlandırdılar.
O həzrətin evdarlıq işlərində rəftarı, alicənab ərinə və övladlarına olan münasibəti Allaha ibadətindən, bilikli və qüdrətli Yaradana olan mənəvi bağlılığından, İslam yoluna – iş, mübarizə və inqilab yoluna olan sədaqətindən irəli gəlirdi. Belə ki, yerinə yetirdiyi hər bir işdə, atdığı hər bir addımda birinci növbədə Allahı düşünür və çalışırdı ki, şəxsi həyatındakı, ailəsindəki hər bir işi, əməli ictimai həyatındakı kimi İslam və Quran yolu ilə başa gəlsin. Əri ilə İslamın qoyduğu qayda-qanunla rəftar etməyə, övladlarına Quranın buyurduğu qaydada tərbiyə verməyə çalışırdı.
Bu məsələlərə xüsusi diqqət yetirmiş İslam tarixçiləri o həzrət haqqında yazmışlar: "Tuluqda o qədər su daşıdı ki, sinəsində yeri qaldı və ziyanı dəydi. Əl dəyirmanında o qədər buğda üyütdü ki, biləyi düyün bağladı və əllərinin içi qabardı. Evi o qədər süpürdü ki, onun təmizliyi üçün o qədər çalışdı ki, paltarlarının rəngi toz rənginə döndü. Qazan altına o qədər odun yandırdı ki, hisdən-tüstüdən paltarlarının rəngi qaraldı.”
Onun da ulu atası kimi dünya malında, maddi nemətlərdə zərrəcə gözü yox idi. Əlinə nə düşürdüsə, onun dəyərinə əsla fikir vermədən Allah yolunda xərcləyirdi. Dünya malına bağlılıqdan asudə olduqda isə pak və təmiz halda Allaha ibadətə başlar və hər dərdə çarə qılan, hər şeyin səbəbkarı olan Yaradanına dua və şükürlər edərdi.
Dünyəvi nemətlərə əlaqəsini nə qədər çox kəsirdisə, əzəli və əbədi Pərvərdigara olan bağlılığını bir o qədər möhkəmlədirdi. Əziz oğlu imam Həsən Müctəba (ə) anasının pak və ürəkdən gələn ibadətləri haqqında belə yazır: "Cümə gecələrində görərdim ki, anam ibadət mehrabında durub Allaha dua və şükürlər edir, öz bəndəlik vəzifələrini yerinə yetirir. Görərdim ki, bütün gecəni sabahadək rüku və səcdə vəziyyətində namaz qılır. Allaha dua və şükürlər edirdi. Sübh çağı da eşidirdim ki, daima mömin kişi və qadınlar, qonşular və tanışlar üçün xeyir duası edir, başqalarının adlarını çəkir və əsla öz adını dilinə gətirmir. Bir gün dedim: "Ana, niyə özümüz üçün dua etmirsən? Elə hey başqaları üçün dua edirsən?”
Cavabında buyurdu: "Oğlum, əvvəl qonşu, sonra evin içi.”
Bəli, Fatimənin (ə) duası belə idi. Fatimə (ə) duası belə də olmalı idi, yoxsa Allaha ibadət də yalnız özünü istəməyə çevrilmiş olardı.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild