Fatimə (s.ə)-ın ürəyiyumşaqlığı, əxlaqı və biliyi
Fatimə (ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və İlahi həyat qanunlarını öyrənsə də, yeni elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə böyük həvəs göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı.
Pakların pakı Zəhra (ə) ər evinə - İslam elmlərinin bünövrəsi sayılan bu ocağa köçəndən sonra da ev işləri ilə əlaqədar vaxtının azlığına baxmayaraq, bir an belə İslama dair biliklər qazanmaqdan, məlumatlarını artırmaqdan qalmırdı. Ər evində də həmişə elmi və zehni məsələlərlə maraqlanır və körpə oğlanlarını məscidə göndərirdi ki, İslamın böyük müəlliminin buyurduqlarını öyrənsinlər və evdə danışsınlar. Bu yolla həm onların özləri İslama dair mətləbləri öyrənir, həm də Peyğəmbərin (s) mübarək dilindən eşitdiklərini analarına çatdırırdılar. Buna görə də pakların pakı Zəhra (ə) həmişə bütün məsələlərdən xəbərdar olurdu. Bütün bu xüsusiyyətlərinə görə də Fatimə (ə) İslam tarixində düzgün hədislərin ən dəyərli daşıyıcılarından biri sayılır. O həzrətin bütün sözləri müsəlmanlar üçün ən mötəbər və dəlil-sübutlu sənəddir.
O böyük xanımın sözlərindən ibarət "Müshəf” adlı bir kitab övladlarının ixtiyarında olmuşdur. Əziz oğlanları həmişə bu kitabla fəxr edirdilər. Həmin kitabda o həzrətin adlı-sanlı İslam xadimlərindən ibarət kiçik bir qrupun hüzurunda söylədiyi məşhur bir xütbəsi var. Xütbədəki çox dəyərli məsələ və mətləblər Zəhranın (ə) İslama dair geniş və hərtərəfli biliyinə dəlalət edir.
Pakların pakı Zəhra (ə) işinin çoxluğuna baxmayaraq, əlinə düşən hər bir kiçik fürsətdən bilik və məlumatlarını artırmaq üçün istifadə edirdi. Bu işlərə vaxt tapmadıqda isə yatmaq və istirahət saatlarını azaldır, həmin saatlarını mənəvi xidmətdə keçirirdi. Fatimə (ə) başqaları ilə görüşməyə, onların müxtəlif zehni və mənəvi məsələlərini həll etməyə də vaxt tapırdı. O, şəriətə və dinə aid suallara cavab vermək üçün əsla vaxtını əsirgəməzdi. Əksinə, bu işləri də özünün başlıca vəzifələrindən sayır və Peyğəmbərin (s) qızı kimi, Əlinin (ə) həyat yoldaşı kimi, Həsənlə (ə) Hüseynin (ə) anası kimi və nəhayət bir ağıl-kamal sahibi olan, fəzilətli müsəlman qadını kimi həmin məsələlərə böyük məsuliyyətlə yanaşırdı.
Bir gün Fatimənin (ə) xidmətinə bir qadın gəlib namazla və bəşi məsələlərlə bağlı çətinliyi haqqında ona sual verdi. Fatimə (ə) böyük ürək açıqlığı ilə həmin suallara ətraflı cavab verdi. Qadın ikinci bir məsələ haqqında da sual verdi və yenə də eyni qayda ilə cavabını eşitdi. Sonra daha bir sual verdi, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu… sualını. Fatimə (ə) də gülərüzlə, mülayim bir tərzdə və tələsmədən hər bir suala tam təfərrüatı ilə iynədən sapa qədər cavab verdi. Həmin qadın böyük İslam qadınına zəhmət verdiyini düşünüb üzrxahlıq etməyə başladı və dedi ki, bu məsələləri yataqda olan, yeriyə bilməyən qoca ata-anası üçün soruşur.
Pakların pakı Zəhra (ə) mehribanlıqla, yumşaq və ürəkaçan bir tərzdə buyurdu: "Nə yaxşı bir iş görüb ananın din və məzhəbə aid suallarını mənə çatdırmısan. Yenə də sualın varsa, çəkinmə, söylə. Hamısına cavab verəcəyəm.”
Bu hədis Fatimənin (ə) xasiyyətçə olduqca mülayim və mehriban, səbirli və təmkinli olmasından xəbər verməklə yanaşı həm də böyük İslam xanımının elm, bilik və məlumat baxımından necə böyük məqamla durmasını və bu səbəbdən də müsəlman qadınlarının o həzrətə suallarla müraciət etməsini göstərir. Müsəlman qadınları öz çətinliklərini açıb Fatiməyə (ə) danışır, o həzrət də bilik və kamal sahibi bir ustad müəllim kimi onları böyük səbr və təmkinlə, canıyananlıqla dinləyir, verdikləri suallardan əsla yorulmaq bilmirdi. Fatimə (İə) xidmətinə gələnlərin bütün çətinliklərini həll edir və onları razılıqla evlərinə yola salırdı.
Qeyd etmək lazımdır ki, bəzi rəvayətlərə görə bu iş İslam peyğəmbəri (s) tərəfindən Fatiməyə (ə) bir vəzifə kimi tapşırılmışdı. O həzrət qadınlara aid məsələləri həll etməyi ağıl-kamal sahibi, fəzilətli qızının öhdəsinə qoymuşdu.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild