352. Geyim
1609. Geyim
Qur‘an:
«Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtmək üçün paltar, eləcə də gözəl və yumşaq geyimlər göndərdik. Təğva libası sizin üçün daha yaxşıdır. Bu Allahın nişanələrindəndir ki, bəlkə öyüd alasınız.»
Hədis:
5640. Allahın Peyğəmbəri (s): «Özünüzlə paltar götürün və çılpaq yol getməyin.»
5641. Allahın Peyğəmbəri (s): «Ağ paltar geyinin! Çünki ağ paltar daha yaxşı və daha təmizdir. Öz ölülərinizi də ağ parça ilə kəfənləyin.»
5642. Allahın Peyğəmbəri (s): «Pambıq parça geyinin. Çünki o Allahın Peyğəmbərinin (s) və bizim paltarımızdır.»
5643. İmam Sadiq (ə): «Kətan peyğəmbərlərin paltarlarındandır və əti böyüdər.»
1610. Geyimdə mötədillik.
5644. «Kənzul Ümmal»: «Allahın Peyğəmbəri (s) iki şeyə görə şöhrəti qadağan etmişdir: paltarın nazikliyinə və qalınlığına, onun yumşaqlığına və xovluluğuna, uzunluğuna və qısalığına görə. Bu xüsusiyyətlərin arasındakı orta həddə riayət etmək lazımdır.
5645. İmam Sadiq (ə): «Əli (ə) yunla yamanmış iri kərbasi parçadan paltar geyinərdi və camaata xütbə oxuyardı. Bununla əlaqədar Həzrətə irad tutduqda İmam (ə) buyurmuşdur: Bu paltar qəlbdə təvazökarlıq oyadar və mömin ondan nümunə götürər.»
5646. İmam Sadiq (ə): «Var-dövlət Allaha məxsusdur və onları insanın yanında əmanət qoymuş, insanlara mötədilliklə yeməklərinə və mötədilliklə geymələrinə icazə vermişdir.»
1611. Hər zamanın ən gözəl paltarı, həmin zəmanə camaatının paltarıdır.
5647. Həmmad ibn Osman: «İmam Sadiqin (ə) yanında idim ki, bir kişi Həzrətə ərz etdi: «Allah sənə məsləhət bilər! Yadına saldınmı ki, Əli ibn Əbutalib (ə) cod paltar geyinər, əynində dörd dirhəmlik köynək olardı və s. Ancaq görürük ki, siz gözəl paltar geyinmisiniz.»
Həzrət ona buyurdu: «Əli ibn Əbutalıb (ə) o paltarları ayıb sayılmadığı vaxt geyinərdi. Əgər həmin paltarları bu gün geyinsəydi, məşhurlaşardı. Deməli, hər vaxtın ən yaxşı paltarı həmin zəmanə əhlinin geyimidir. Ancaq bizim qaimimiz zühür edəndə Əli (ə) kimi geyinəcək və o Həzrət kimi rəftar edəcək.»
5648. Süfyan Sauri: «İmam Sadiqə (ə) ərz etdim: «Siz rəvayət edirsiniz ki, Əli ibn Əbutalib (ə) cod paltar geyinərdi, ancaq özünüz quhi və mərəv parçadan paltar geyinirsiniz.» O Həzrət buyurdu: «Vay olsun sənə! Əli ibn Əbutalib çətin və kasıb şəraitdə yaşayırdı. Zəmanədə bir yaxşılaşma olanda, ruzigarın yaxşıları həmin inkişafdan faydalanmağa layiqdirlər.»
5649. İmam Rza (ə): «Mənim imkansız dostlarım, yun parça üzərində oturmağımı, zəmanə bunları qəbul etmədiyi halda cod paltar geyinməyimi istəyirlər.»
5650. Əbi Əbbad: «Həzrəti Rza (ə) yayda qamış həsirin, qışda isə palazın üstündə əyləşərdi. Paltarları cod parçadan olsa da, camaat içinə çıxanda özünü bəzəyərdi.»
1612. Əmmamə.
5651. Allahın Peyğəmbəri (s): «Əmmamələr ərəblərin taclarıdır.»
5652. Allahın Peyğəmbəri (s): «Gülər üzlə və əmmamə ilə məscidə gəlin. Çünki əmmamələr müsəlmanların taclarıdır.»
5653. Cabir: «Allahın Peyğəmbəri (s) Məkkənin fəth olunduğu il, başında qara əmmamə Məkkəyə daxil oldu.»
5654. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) öz əli ilə Əlinin (ə) başına əmmamə qoydu və qabaqdan onun qanadını bağladı, arxadan isə dörd barmaq qədər qısaltdı və buyurdu: Arxaya bax. Əli (ə) arxaya döndü. Buyurdu: Üzünü mənə tərəf tut. Əli üzünü Peyğəmbərə tərəf tutdu. Allahın Peyğəmbəri buyurdu: Mələklərin tacları belədir.»
1613. Qadağan olunmuş geyimlər.
5655. Allahın Peyğəmbəri (s): «İpək paltar və qızıl taxmaq mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.»
5656. Allahın Peyğəmbəri (s): «Kimsə camaatın ona baxması üçün bahalı paltar geyinərsə, o paltarı əynindən çıxarmayana qədər Allah ona nəzər salmaz.»
5657. İmam Sadiq (ə): «Kişi müharibədən qeyri vaxt, ipək və diba parçadan paltar geyinməməlidir.»
Kitabın adı: Mizanul-hikmət 2-cild (xülasəsi)