4. Fatimeyi-Məsumə (ə)
İki əsrdən sonra pak Fatiməliyin bu müqəddəs silsiləsində başqa bir Fatimə ilə üzləşirik. Fatimənin təmiz adının nuru nəinki 1200 il gözləri qamaşdırmış, eyni zamanda bu gün də pak məqbərəsi şiə aləminin ən böyük elm, fəzilət və şərəf ocağıdır. İran İslam inqilabı bu müqəddəs ziyarətgahdan, bu cah-calallı fəzilət ocağından başlamış və bütün çağdaş dünyaya öz nurunu yaymışdır.
Bəli, bu dəfə imam Musa bin Cəfərin (ə) qızı və imam Rzanın (ə) əziz bacısı Fatimeyi-Məsumənin gözəl və əzəmətli adı ilə rastlaşırıq. O Fatimə ilə ki, ismət və paklıq sülaləsinin başqa bir dəyərli yadigarı və Peyğəmbərin (s) şöhrətli nəslinin başqa bir nurlu çırağıdır. Onun astanasının torpağı iman əhlinin gözü üçün dərmandır, tutiyadır.
Diqqəti cəlb edən başqa bir məsələ də vardır:
Mötəbər Hədisi-Qədir sənədlərində Fatimiyan adı ilə bir silsilə hədislər var. Şəmsəddin Əbülxeyr Əli bin Əbu Talibin əsərində qeyd olunmuş bu hədislərin tam mətnini möhtərəm əllamə Əmini dəyərli "Əl-ğədir” kitabında vermişdir. Həmin hədislərdə deyilir: "İmam Musa bin Cəfərin (ə) qızları Fatimə, Zeynəb, Ümm Gülsüm, imam Cəfər Sadiqin (ə) qızı Fatimədən və o, Məhəmməd Baqirin (ə) qızı Fatimədən və o, Əli bin Əl-Hüseynin (ə) (imam Səccadın (ə)) qızı Fatimədən və o, imam Hüseynin (ə) qızları Fatimə və Səkinədən, onlar isə ulu Peyğəmbərin qızı Ümm Gülsümdən nəql etmişlər ki, sonuncu adı çəkilən şəxs bir qrup müsəlmanın yanında belə dedi: "Məgər Allahın Rəsulunun (s) Qədir günü buyurduğu bu kəlamı unutmusunuz”...
Hədisi rəvayət edən Əbu Musa demişdir: "Bu hədisi bir-birinin ardınca, ardıcıl şəkildə beş nəfər Fatimədən nəql etmişlər, onlar isə öz bibilərindən eşitdiklərini demişlər. buna görə də bu hədis çox diqqətəlayiqdir.”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild