Xədicənin fədakarlığı və canından keçməsi
Bu mübarək evlənmə haqqında ilkin danışıqlar oldu. Qərarlar qəbul edildi. Evlənmə günü təyin olundu. Həmin gün sadə bir mərasim keçirildi. Ən yaxın adamların və qohumların iştirakı ilə Məhəmmədlə (s) Xədicənin evlənmə mərasimi oldu.
Həmin mübarək gündə bu iki böyük və görkəmli şəxsiyyətin evlənmə kəbininin xütbəsi Peyğəmbərin (s) sevimli əmisi – Qüreyşin ən hörmətli böyükləri və başçılarından olan Əbu Talib vasitəsilə oxundu. Beləliklə, Xədicənin evi İslam peyğəmbərinin (s) mübarək qədəmləri ilə nur və əzəmət, mənəvi gözəllik tapdı. Lakin hələ heç kim bilmirdi ki, bu ev tezliklə şərəf evi, vəhyin nüzul (enmə) yeri və Cəbrayılın, eləcə də başqa səma mələklərinin enmə yeri olacaqdır.
Evlənmə mərasimindən və kəbin kəsiləndən sonra Məhəmməd (s) yerindən qalxıb qapıya tərəf yollandı. Rəftar və hərəkətindən görünürdü ki, məclisi tərk etmək fikrindədir. Qərara gəlmişdi ki, bu evdən gedib öz evini həyat yoldaşının gəlişi üçün hazır etsin. Amma qəfildən Məhəmmədin (s) arxasından Xədicənin səsi ucaldı: "Ey Məhəmməd (s), hara gedirsən? Axı indi mənim evim sənin evindir. Bütün sandıqların açarı sənin ixtiyarındadır. Mənim özüm də bu gündən etibarən sənin kənizin və fərmanında duranam.”
Beləliklə, Xədicənin evi bu iki böyük və görkəmli şəxsiyyətin birgə rahatlıq və səadət ocağı oldu. Həmin gündən Məhəmməd (s) o evə köçdü ki, uşaqlıq illərində ata-anasının vəfatına görə itirdiyi rahatlığını burada yenidən tapsın, əmin-amanlıqla, asudə yaşasın və özünü ali duyğu və düşüncələrini inkişaf etdirsin.
Bu evlənmədə daha bir mühüm və diqqəti cəlb edən cəhət var idi. Bu da bu cür sadə və təmənnasız evlənmə əhd-peymanının İslam peyğəmbəri (s) üçün əhəmiyyətli olmasında idi. Allah-təala Özünün sonsuz hikmətini bu evlənmədən 15 il sonra İslam peyğəmbəri (s) üçün aşkar etdi. Belə ki, bu əhd-peyman və evlənmə nəticəsində Xədicənin bütün sərvəti həzrət Məhəmmədin (s) ixtiyarına keçdi və o həzrət də peyğəmbərlik məqamına çatdıqdan sonra bütün bu böyük sərvəti İslamı inkişaf etdirmək yolunda, Allah yolunda sərf etdi.
Xədicə İslam peyğəmbəri (s) üçün fədakar və canından keçən bir qadının nümunəsi idi. O, həmin birgə həyatlarının əvvəlindən səmərəli həyatının son anlarınadək – bütün bu müddət ərzində Peyğəmbərin (s) ən yaxın köməkçisi, yardımçısı və ən mehriban dostu hesab olunurdu. Rahatlıq günlərindən Peyğəmbərin (s) ən yaxın həmdəmi, çətinliklər, məhrumiyyətlər içində yaşadıqları günlərdə o həzrətin ən səbirli və dözümlü köməkçisi və böyük Rəsula (s) üz vermiş bütün ağır, müsibətli hadisələrdə ən ardıcıl, ən güclü arxası, ən sədaqətli və möhkəm dayağı idi. Peyğəmbərlikdən sonra Peyğəmbər (s) və müsəlmanlar üçün meydana çıxmış bütün ağır sınaqlardan ən çətin anlarda Xədicə təkcə o həzrətin (s) ən yaxın dostu və təsəlliverəni yox, eyni zamanda bütün müsəlmanlar üçün bir mehriban ana, sönməyən ümid yeri hesab olunurdu. Misilsiz səbr və hövsələsi, bənzərsiz güclü dözümü, heyrətdoğurucu möhkəmliyi və müqaviməti başqaları üçün nümunəyə çevrilirdi. Bundan əlavə, Peyğəmbərin (s) ilahi məqsədləri, İslamın güclənməsi və yayılması yolunda çoxlu malını xərcləməyi əsirgəməzdi. Bu cür qüdrət və şöhrətinə, nüfuzuna və rifah, naz-nemət içində yaşamaq iqtidarında olmasına baxmayaraq, dünyəvi həyatın bütün zahiri cəhətlərini bir kənara qoydu və əvəzində Peyğəmbərlə (s) birgə yaşadığına görə üzləşdiyi bütün çətinliklərə, məhrumiyyətlərə sinə gərdi. İllər boyu ərinə qarşı edilən əzab və işkəncələri, hər ikisinin həyatı üzərinə kölgə salan təhlükəli sürgün və mühasirə həyatını, aclığı, gecələr oyaq qalmağı asanlıqla yola saldı ki, İslamın ali hədəflərinə nail olmaq, Quranın buyurduğu göstərişləri yerinə yetirmək və İslamın insan tərbiyələndirici məktəbini davam etdirmək yolunda hər gün addımlar atsın.