Bilikli qadın və kamal sahibi
Xədicənin yüksək əxlaqi keyfiyyətləri və fəzilətləri sırasında onun yüksək bilik və kamalını da qeyd etməyə bilmərik. O, bilikli, təcrübəli, çox ağıllı və açıq dünyagörüşlü və yetkin kamal sahibi bir qadın idi. Hər bir məsələni diqqətlə yoxlar, heç bir şeyi düşünmədən qəbul etməz, dərindən fikirləşmədən bir söz deməzdi. Peyğəmbərliyin başlanğıcında Peyğəmbərdə (s) qeyri-adi dəyişiklikləri görəndə, hətta o həzrətin cismani vəziyyətinin, rəftar və hərəkətinin də başqalaşdığını duyanda o həssas şəraitdə özünə məxsus diqqət və qayğı ilə böyük psixoloq alimlərindən daha yaxşı və daha diqqətlə məsələnin əsl mahiyyətini dərk etdi və qətiyyətlə bildirdi ki, bütün bu dəyişikliklər və Peyğəmbər (s) üçün ortaya çıxmış bu xüsusi cismani vəziyyət dərin ruhi və mənəvi dəyişikliklərin əlamətlərindən başqa bir şey deyildir.
Peyğəmbərin (s) halında, rəftarında dəyişiklik baş verən zaman o həzrətin bəzi tanışları və ətrafında dolaşan bəzi şəxslər gah gizli, gah da aşkara bu hadisə ilə bağlı öz nigarançılıqlarını bildirməyə başladılar. Xədicə isə bu zaman çox uzaqgörənliklə və ağıl-dərrakə ilə Peyğəmbərə (s) müraciətlə dedi: "Allah səni əsla aciz və gücsüz etməyəcək (müvazinətini pozan, yatağa salan ağır cismani xəstəliklərə düçar etməyəcək), çünki sən həyatda həmişə rəhimli olmusan və rəhimlisən, qonaqlıq verirsən, əliaçıqlıq edirsən, zəiflərə, əldən-ayaqdan düşmüşlərə əl tutursan, məzlumların fəryadına yetirsən.”
Çox mühüm bir cəhət də ondan ibarətdir ki, Xədicə İslam peyğəmbərinin (s) həyatının ən həssas anlarında – istər mübarək vücudu vəhy nüzulunun astanasında olarkən, hər şeyin dəyişdiyi zaman, istərsə də ilahi vəhyi pak qəlbinə nazil olarkən və dünyanı lərzəyə gətirən zaman – həmişə böyük Elçini yaxşıca dərk etdi. Onu açıq-aşkar tanıdı və vücudundakı ali gerçəkliyi duya bildi. Onun peyğəmbərliyini aydın başa düşdü, onu bütün qəlbi ilə qəbul etdi və var gücü ilə onun möhkəmlənməsi və yayılması yolunda çalışdı. Doğrudan da, həyatda bu cür həssas və hər şeyi başa düşən, ağıllı-kamallı, həqiqətləri dərindən dərk edən həyat yoldaşı az-az tapılar.
Bu cür yüksək əxlaqi keyfiyyətlərə malik olan bu xanım bütün başqa üstünlüklərdən əlavə həm də Peyğəmbərin (s) ən yaxın həmdəmi, qəminə, kədərinə şərik olan bir insan idi. Belə bir qadın hər hansı bir kişinin həyatındakı uğurları üçün ən başlıca amil və ailənin möhkəmliyi üçün ən əsas şərt ola bilər. Belə ki, qadınlığa xas olan zahiri gözəllik, yaraşıqlı görünmək və bu kimi əlamətlər əsla bütün bunları əvəz edə bilməz. Bu vacib məsələ Xədicənin ailə həyatında tam açıq-aşkar şəkildə özünü göstərdi. Mötəbər sənədlər də bunu sübut edir.
İslamın məşhur adamlarının tərcümeyi-hallarını ilk dəfə qələmə almış görkəmli tarixi yazıçılardan biri İbn İshaq bu barədə belə yazır: "İslam peyğəmbəri (s) xoşa gəlməyən hər hansı bir şeyi görür və ya eşidirdisə, ona qarşı nalayiq bir hərəkətlə üzləşir və ya nədənsə kədərlənir, təsirlənirdisə, evə gələrkən Xədicəyə danışır, onunla məsləhətləşirdi.
Və Allah-təala Xədicə vasitəsilə o yaramaz və nalayiq işin həlli yolunu buyururdu. Xədicə həmişə onu möhkəm olmağa və müqavimət göstərməyə çağırır və ağık-fərasəti ilə Peyğəmbərin (s) dərdlərinə, qəmlərinə təsəlli verirdi (və bu qayda ilə həmişə dərdlərinə şərik çıxır, mehriban hərəkətləri ilə o həzrətə köməklik edirdi). Xədicə dünyadan köçənəcən Peyğəmbər (s) üçün bir ağıllı həmsöhbət və məsləhətçi, mehriban və səmimi təsəlliverən oldu.”
Bu qədim tərcümeyi-halı yazan müəllif də etiraf edir ki, Xədicənin mənəvi və əxlaqi məqamı və sonsuz hörməti vardı. Onun bütün bu keyfiyyətləri elə həddə çatdı ki, İlahinin xüsusi mərhəmətinə layiq görüldü. Belə ki, bir gün Cəbrayil vəhy nüzul olarkən dedi: "Ya Peyğəmbər, bir olan Pərvərdigarın salamını Xədicəyə çatdır.” İslam peyğəmbəri (s) də Xədicəyə buyurdu: "Ey Xədicə, indi Cəbrayıl Pərvərdigarın salamını sənə elan edir.” Onda Xədicə cavabında dedi: "Allah Özü salamdır və salamın başlanğıcı Ondandır. Və salam olsun Cəbrayıla...”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild