Tarixdə qadının etibar və dəyərinin başlanğıcı
Fatimeyi-Zəhra (ə) haqqında çoxlu tərifli, xoş sözlər işlətmək olar. Belə sözlərin sayı hədsiz-hesabsız olsa da, onların heç biri onun mənəvi böyüklüyünü, dərin və böyük mənəviyyatını, əziz varlığının sonsuz dəyərlərini ifadə etmək üçün bir damla da deyil – dəniz və okeanlarla müqayisədə bir damcı bərabərindədir. Bununla belə, tutaq ki, bu anda bütün bu dəyərləri və qabiliyyətləri bir neçə qısa sözlə tərif və vəsf etmək mümkündür, onda belə demək olar: Fatimeyi-Zəhra (ə) öz əsrində qadınların hər şeydən məhrum və zəif bir dövrünü dəyişdirən və onu mənəvi, ictimai, siyasi və bəşəri baxımdan xoşbəxtlik və səadət çağına qovuşduran bir həlqə hesab olunur. Həmçinin başqa əsrlər üçün – köklü dəyişikliklərin başlanğıcıdır. Köhnə və yeni dəyərlərin, meyarların elə bir məhvəridir ki, bütün zaman və məkanlarda bir ağıllı və yaradıcı, hər şeydən agah və doğru yol göstərən, insan həyatını dəyişdirən və onu mənalandıran bir qadın nümunəsi ola bilər.
İlk baxışda Fatimənin (ə) qısa, lakin səmərəli həyatına bu nəzərlə baxsaq, tarixin, dost və düşmənin şəhidliyi ilə belə bir həqiqəti açıq-aşkar dərk etmiş olarıq: bədəvi qəbilə və tayfalarda "qadın və qız” arını-eybini mühafizəkar, köhnə adət-ənənələrə aludə olmuş kişilərin zehnindən, yaddaşından silən, məhv edən o həzrətin əziz vücudu oldu. O həzrət bu yolda kişini başçı sayan, kişiyə hədsiz imtiyazlar verən cəmiyyətlərdə insanlığı təkcə "kişi olmaqla” məhdudlaşdıran bir fikrin aradan qaldırılmasında, qadınla kişinin dəyərlərinin bərabər şəkildə tanınmasında əbədi nümunə oldu. Bu əsassız və mənasız imtiyazları öz varlığının parlaq gövhəri ilə yalana çıxaran, sübut və elan edən o həzrət oldu. O həzrət səmərəli həyatı ilə göstərdi ki, İslam cəmiyyətinin yaradıcısı olması, həm maddi, həm də mənəvi məqsədlərin əldə edilməsi üçün qadınlar da kişilərlə bərabər xidmət göstərə bilər, həyatda özlərindən sonra yadigar qoya bilər,
kişilərin görə biləcəyi hər hansı bir yaradıcı işin öhdəsindən bacarıqla gələ bilər.
Qısaca demiş olsaq, Fatimeyi-Zəhra (ə) sözün həqiqi mənasında misilsiz bir mömin və elmli-bilikli bir qadındır. Fatimə (ə) yeni dəyər və meyarların bir yaradıcısı kimi İslam qadınlarına həqiqi və əsl həyatın nə olduğunu öyrətmiş, onların diqqətini öz varlıqlarında olan gövhərə bənzər dəyərlərə cəlb etmişdir. Beləliklə də, qadınların həqarətli maddi həyat mərhələsindən düzgün və ağıllı mənəvi həyata qədəm qoymasına rəhbərlik etmişdir.