Əbu Talibin vəfatı
İlk İslam xanımının, ilk müsəlman qadınının – Xədicənin vəfatından bir neçə ay keçmişdi. Peyğəmbərin (s) qəlbi isə hələ də qəmlə-kədərlə dolu idi. Axı o həzrət İslama ilkin iman gətirmiş bir qadını, Peyğəmbəri (s) ilk dəfə təsdiq etmiş Xədicəni itirmişdi. Xədicə ilə birgə yaşadıqları həyatın – o böyük fədakarlıq, sədaqət və vəfadarlığın şirin xatirələri və ömrünün son illərində düşmənlərin əzab-əziyyətinin doğurduğu ağrılı-acılı xatirələri o həzrətin xəyalında dolaşır, ona rahatlıq vermirdi... Əfsuslar ki, mübarək qəlbindəki bu yara hələ qaysaq bağlamamışdı ki, başqa bir dərdlə üzləşdi. Bu dəfəki ağır dərd-qəmi əmisini itirməsi üzündən idi... Alicənab, mərhəmətli əmisi Əbu Talib – dənizlər qədər böyük o ürək sahibi əldən getdi. Peyğəmbəri (s) uşaqlıq yaşlarından himayəyə götürən, ömrünün sonuna qədər bir an belə o həzrətdən məhəbbət və qayğısını çəkməyən, onun köməyinə tələsən, həyatının ən ağır, ən acılı anlarında ona arxa duran əmisi... Qırx ildən artıq bir müddət ərzində Peyğəmbərə (s) hər cür yardım əlini uzadan, dərdini-qəmini öz dərd-qəmi bilən, düşmənlərdən qoruyan, pak nəslinin hörmət və nüfuzunu həmişə uca tutan, qardaşı oğlunun müdafiəsi yolunda bütün əzab-əziyyətlərə dözən, nəyi varsa hamısını İlahi ayininin yayılması xatirinə fəda edən əmisi. Əli (ə) kimi bir qəhrəman övladı – Allahın aslanını, şirini tərbiyə edən, Peyğəmbərin (s) xidmətində qoyan əmisi...
Bəli, əziz hamisi Xədicənin vəfatından bir neçə ay sonra belə bir hörmətli əmisi, belə bir dostu və arxası, özü də çoxlu əzab-əziyyətlərə dözdükdən, xüsusilə də Şibi – Əbu Talibin işkəncəli mühasirəsindən sonra dünyay gözünü yumdu, Peyğəmbəri (s) yeni bir böyük yas içində qoydu...
Əbu Talibin ölümü ilə peyğəmbərlik nəslinə yeni bir qəm-kədər üz verdi. Bu arasıkəsilməz qəmlər o dərəcədə ağır idi ki, Allahın Rəsulu (s) həmin qəmli ili "Ammül-hüzn” – qəm və matəm ili adlandırdı...
Təbii ki, bu böyük müsibətdə hamıdan çox təsirlənən, qüssələnən Fatimə (ə) idi. Çünki bir tərəfdən hələ anasının yasını saxlayırdı, bir tərəfdən də Əbu Talibi çox istədiyindən onun vəfatına görə bərk kədərlənirdi. Bir yandan da görürdü ki, Əbu Talibin vəfatı möhtərəm atasına bərk təsir etmişdir. Odur ki, Fatimə (ə) də dünya qadınlarının bir parlaq nümunəsi kimi, atasının taleyinə yaxından bağlı bir övlad kimi onun qəminə-kədərinə şərik idi. O, əziz atasının dərdli-müsibətli görəndə hamıdan çox kədərlənirdi. Beləliklə, Fatimənin (ə) uşaqlıq illəri hər an əzab-əziyyətə məruz qalırdı. Onun incə və həssas qəlbinə aramsız halda dözülməz zərbələr vurulurdu...
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild