İran İslam inqilabında qadının rolu
Qadın da mübariz və öz haqqını tələb edən kişilərin döyüş və səngər yoldaşı kimi həmişə izzət, şərəf və yüksək amallar uğrundakı döyüş meydanlarında özünü fəal və aparıcı qüvvə kimi göstərmiş və adını bəşər tarixinin qanlı və iftixarlı səhifələrinə yazmışdır. Elə çoxlu qadınlar olmuşlar ki, haqq və batil uğrunda döyüş meydanlarına kişilərlə bərabər (hətta bəzən kişilərdən qabaqda və kişilərdən daha çox) atılaraq onlarla birgə mübarizə bayrağını əllərinə almış və döyüş səngərlərindən möhkəm dayanıb canlarından keçmişlər. tarixin də əsil və şərəfli, döyüşkən və mübariz qadınların şanlı qəhrəmanlıq səhifələri ilə bəzənmiş zərli vərəqləri, başlıqları çoxdur. Aslan kimi elə çoxlu qadınlar da olmuş və vardır ki, iman və əzmlə meydana qədəm qoymuş, müxtəlif ictimai sahələrdə həmişə öz ləyaqət və istedadını, bacarıq və huşyarlığını, ayıqlıq və uzaqgörənliyini sübuta yetirmişlər.
Belə qadınlar həmişə göstərmişlər ki, onlar analıq sahəsində bahar şehindən daha lətif, səhər yelindən daha nəvazişlidirlər. Ömür-gün gün yoldaşlığında günəşdən daha isti, ay işığından daha ürəkoxşar, buludlardan daha bərəkətli, daha barlıdırlar. Qadın böyüklüyünün təzahüründə isə dağlardan daha möhkəm, həmişə coşub-daşan çaylardan daha inadcıl, dağ sellərindən daha gur, yırtıcı şirdən daha çox hücumçəkən, səhrada tək dayanan Səbur ağacından daha dözümlüdürlər. Şanlı qəhrəmanlıq səhifələrini, yorulmaz və dönməz mübarizə tarixini yaradanlar da onlardır.
Bəli, insafla desək, bəşər tarixində bu cür qadınlar az olmamışlar. Onların içərisində bəzən çox qəribələri də olmuşlar...
Amma İslam ölkəsi olan İranda özünün layiqli rolunu bütün bəşəriyyətə göstərmiş və şərəfli adını dünya tarixində zərli xətlərlə yazdırmış qadın həqiqətən qadınlığın və qadın olmağın elə bir keyfiyyətlərini, xüsusiyyət və özəlliklərini də aşkar etdi ki, nəinki bugünkü dünya qadınlarını heyrətə saldı, eyni zamanda müasir kişiləri də İran qadınına başqa gözlə baxmağa, onun haqqında ayrı cür düşünməyə, zəmanə və tarix kitabında onun əbədi qəhrəmanlıq tarixçəsi üçün ayrıca yer ayırmağa vadar etdi.
Ona görə ki, İran İslam inqilabı tarixində, ardıcıl və coşqun mübarizə meydanında, qəhrəman millətimizin taleyində, Şərq və Qərb qüdrət sahiblərinə qarşı amansız döyüşlərdə, 2500 illik çürük rejimin satqın başçılarının zülm və haqsızlığı əleyhinə mübarizədə, bir sözlə, "Şanlı İran İslam inqilabı”nda müsəlman qadın və qızları – Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübra (ə) məktəbinin bu yetirmələri sübut etdilər ki, onlar bəşər həyatı meydanında qadının əbədi surətinin layiqli davamçılarıdır.
Tarixə düşmüş həmin şanlı dövrdə müsəlman İran qadınları Suməyyələrin, Sudələrin döyüş və səngər yoldaşları kimi ağır vəzifələri və qorxulu məsuliyyətləri çiyinlərinə götürdülər. Bu, Fatimənin (ə) və Kübranın (ə) vəzifələrinin davamı idi. Bəli, İranın qəhrəman müsəlman qadınları Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübradan (ə) sonra uzun əsrlər boyu yarıucalmış halda qalan və kimsənin dalğalandırmadığı qadının əzəmət, izzət və şərəf bayrağını bir daha əllərinə alıb onu yenidən ucaltmaq üçün çoxlu səy və təlaşlar, fədakarlıq və qəhrəmanlıqlar göstərdilər...
İranın müsəlman qadın və qızlarının İslam inqilabında oynadığı rol elə əzəmətli və böyükdür ki, dünya qadınlarının mübarizə tarixində dönüş nöqtəsi hesab oluna bilər. Eynilə müqəddəs Kərbəla döyüşündə də qadının kişi ilə bərabər bir səngərdə vuruşması vacib bir zərurət kimi özünü göstərmişdi. Çünki qadının təlaşı, mübarizə və cihadı ilk dəfə İslamın Kərbəla inqilabında kişi ilə bərabər addımlayan bir döyüşçü kimi özünün həqiqi sifətini aşkarca büruzə vermişdi.
Məlum olduğu kimi, Zeynəbi-Kübra (ə) Hüseynin (ə) müqəddəs inqilabının davam etdirilməsi və Kərbəla meydanı şəhidlərinin qanının alınması, ədalətin bərpa olunması yolunda çox əlləşib-çalışdı, tarixi heyrətə saldı. Bu aslan kimi güclü qadın coşqun və alovlu kəlamları ilə inqilabın əsaslarını möhkəmlətdi. Bu, canlı Kərbəla üsyanının məntiqi davamı idi. O, müharibə meydanının tozu yatdıqdan və şəhid qanlarının arxları quruduqdan sonra bütün zamanların və məkanların insanının hüquqlarını müdafiə etmək üçün ədalət səsini qaldırdı. Beləliklə, dünya inqilabları tarixində qadının da kişi ilə bərabər eyni səngərdə mühüm rol oynamasını sübut etdi.
Bəli, Əlinin (ə) qızı, pakların pakı Fatimənin (ə) tərbiyəsini görmüş Zeynəb Kərbəla döyüşünün yeganə qız qəhrəmanı idi ki, mübarizlik, cəsurluq tarixinə yeni səhifə yazdı və mübarizə, üsyan, inqilab məfhumlarına yeni məna bəxş etdi. Bu səbəbdən də dünya tarixi, xüsusilə də İslam tarixi ona "Kərbəlanın aslan qadını” və "Neynəva çölünün qəhrəmanı” ləqəblərini verdi. Doğrudan da, Zeynəb döyüş səhnəsində elə bir qəhrəmanlıq və şücaət göstərdi ki, bu igidlik onun tərifi və vəsfini ifadə etmək üçün insan ağlına gələn bütün söz və məfhumlardan daha ali, qat-qat üstündür. Zeynəb hər bir ləqəb və tərifdən daha ucadır. Bu döyüşçü qadın Hüseynin (ə) üsyan və mübarizəsini şəhidliyin dərin fəlsəfi mənası ilə tarixin əbədi döyüş səhnəsinə daxil etdi və onu elə yazdı ki, dünyanın gələcək tarixi bu qəhrəmanlığı heç vəchlə unuda bilməsin. Zeynəb bu coşqun ruhu, yüksək duyğunu, güclü qəlbi, aydın fikri və bənzərsiz xüsusi keyfiyyətləri Peyğəmbər (s), Əli (ə) və Fatimə (ə) məktəbindən irsən almışdı. Dəlilik atəşinin şölələri söndükdən və Kərbəlanın qan seli kəsildikdən, Zeynəbin yeddi böyük qardaşı və bir neçə nəfər gözünün işığı, ürəyinin parçası olan öz övladı da şəhid olduqdan sonra (onların arasında südəmər uşaq da var idi, təzəcə evlənmiş və nişanlı cavanlar da; onlar qanlarının damcılarını zəncir halqaları kimi bir-birinə bağlamışdılar ki, tarixi qorxunc və qaranlıq uçurumdan nur və gözəllik meydanına keçirmək üçün körpü hazırlasınlar) o, bir an belə geri çəkilmədi. Bütün o dözülməz, taqət sındıran məsuliyyətlərin ağır yükünü öz çiyninə götürdü və tam ayıqlıq və gözüaçıqlıqla, coşqun inqilabi ruhla İslamın ədalət bayrağını başı üstündə ucaltdı və qanları coşdurdu.
Düşmən özünün zəhərli və yalançı təbliğatı ilə İslamın simasını dəyişdirməyə çalışaraq namuslu və pak Əhli-beytin (Məhəmməd Peyğəmbərin (s) ailə üzvlərinin) parlaq sifətlərini sadəlövhlər və ğəflət yuxusunda yatanlar üçün öz istədiyi şəkildə qələmə vermək istəyirdi. Lakin bütün bu cəhdlərə baxmayaraq Zeynəbi-Kübra (ə) düzlərə və çöllərə, şəhər və məhəllələrə yola düşərək atəşin kəlamı və düşmənin iç üzünü açan, qaranlıqlara işıq saçan aydın çıxışları ilə Hüseyn (ə) hərəkatının əsl simasını göstərdi. Həqiqətlə yalanın, paklıqla murdarlığın, düzlüklə əyriliyin bu mübarizəsində Zeynəbin (ə) kəlamları hər yeri dolaşır, açıq ürəklərdə özünə yer tapır, oyaq ruhları özünə gətirir və Əməvilər səltənətinin istismarçı hökumətinin zülm və cəhalət, zorakılıq və istibdad üzərində qurulmuş sütunlarını lərzəyə salırdı. Bu sözlər zülmkarları, Əlinin (ə) buyurduğu kimi, yüzlərlə haqqı tapdalanmış və dəfn olunmuş zavallılar qarşısında göylərə ucalan zülm və sitəm saraylarında bərk qorxudur, əsdirib titrədirdi. Bəli, bu Zeynəb idi ki, Fatimə məktəbinin ilkin bir yetirməsi kimi bəşər tarixinə mübariz və qəhrəman qadınların əbədi yaşayan ölməz surəti kimi daxil oldu. İndi bizim zəmanədə də - insanlığın siyasi alverlərdə girova çevrildiyi, qadının qiymət və fəzilətinin dəyərsiz bir mal kimi hərraca qoyulduğu bu bəlalı və qarışıq əsrdə iranlı qız və qadın da öz qarşısında belə bir parlaq nümunəyə malikdir. O, həmişə yanan bu alovdan hərarət və dirilik alır və öz yolunu işıqlandırır. Beləlikdə, ismət Əhli-beytinin şanlı məktəbindən ilhamlanan İranın qəhrəman qadın və qızları da İslamın iki qüdrətli və yol göstərən xanımının – Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübranın (ə) ardınca gedərək İran millətinin azadlıq mübarizəsinin ilk günlərindən başlayaraq bütün mübarizə meydanlarında ardıcıl surətdə fəal iştirak etmiş və inqilabçı müsəlman kişilərlə çiyin-çiyinə qoşa addımlayaraq öz müqəddəs borclarını şərəflə yerinə yetirmişlər.
İran qadınlarının İran İslam inqilabında oynadığı rol təkcə bu şanlı inqilab tarixində deyil, eyni zamanda bütün dünya inqilabları tarixində də misilsiz və bənzərsizdir. Cəsarətlə demək olar ki, bəşəriyyətin gələcək tarixi İranın bu şanlı dövrünə nəzər salarkən qadın haqqında başqa cür mühakimə yürütməyə, ona başqa gözlə baxmağa məcbur olacaqdır. Bəli, qəhrəman İran qadını da qarşısındakı o iki əzəmətli qadın kimi indidən belə həmişə elə parlaq nümunə ola bilər ki, dünya qadınları qadın və insan olmağın əsl mənasını ondan öyrənmiş olar.