Müasir inqilabçı müsəlman qadınlar
Yaşadığımız bu qarışıq zəmanədə yaradıcı qadına həmişəkindən daha artıq ehtiyac duyulur. Müasir, gözüaçıq, inqilabçı müsəlman qadını özünün bu tarixi rolunu yaxşı dərk edərək sələfləri kimi yeni-yeni qəhrəmanlıqlar yaratmaqdadır.
Ayıq müsəlman qadını bizim əsrimizdə belə qəhrəmanlıqlar sırasında materialistlərin qaranlıq zindanlarını qırıb-dağıtmaq, XX əsrin daşlaşmış, cahiliyyə dövrünə məxsus dəmir qəfəsələrini sökmək, insanın, ümumiyyətlə bəşərin, xüsusilə də qadının köləlik, qulluq zəncirlərini sındırmaq və onların yerində mənəviyyat, təmizlik və dindarlıqla dolu bir dünyanın bünövrəsini qoymaq istəyir. Bu kimi qəhrəmanlıqların şanlı və tarixi nümunələrini İslam ölkəsi olan İranın qəhrəman qadınları 1356-cı ilin dey ayının 19-da təlatümlü inqilab günlərində həyata keçirməyə başlayıb, 1357-ci ilin qanlı 17 şəhrivər – 22 bəhmən günlərində ən yüksək zirvəyə çatdırdılar. Bu hərəkətləri ilə onlar dünya qadınlarına və qadınlar dünyasına varlıq aləmində qadının rolunun necə olmasını və onu necə ifa etməyi göstərmək istədilər.
Tarix İranın müsəlman qadınlarının həmin o qanlı fəryadlı və qəhrəman günlərdə nə etdiklərini unutmayacaqdır. İran qadınları həmin günlərdə küçə yürüşlərində fəal və təsirli iştirak etməklə, güllə və atəş qabağında sinə gərməklə, orucluq bayramı, Tasua, Aşura günləri və başqa günlərdə keçirilən bir neçə milyon adamlıq izdihamlı mitinqlərin ön cərgələrində addımlamaqla, ərlərini, qardaşlarını və oğullarını hərəkətə gətirərək onları iqtidar sahibləri ilə zəiflərin əbədi döyüşlərinə göndərməklə, imperializm və dünya sionizmi əlaltılarının zülmkar və zorakı hökumətinə qarşı qanlı nümayişlərin ön sıralarında getməklə, dam üstünə çıxan kişilərin səsinə səs verərək Amerika hökumətini lərzəyə salan və dünyanın bu qaniçən qüdrət sahibinin muzdurlarını çıxılmaz vəziyyətdə qoyan möhtəşəm "Allahu Əkbər” sədasını göylərə ucaltmaqla, əl bombası, qumbara və bu kimi əldəqayırma silahların düzəldilməsində, 1357-ci ilin 21-22 bəhmən günlərindəki səngər qurmaq və səngərdə dayanmaq işlərində və başqa vacib tədbirlərdə fəal iştirak etməklə göstərdilər ki, ayıq müsəlman qadını artıq Şərqin və Qərbin qüdrət sahiblərinin iradəsiz gəlincik, məclislərin zinəti kimi görmək istədikləri qadın deyil. Əksinə, elə bir qadındır ki, istibdad və müstəmləkəyə, xaricilərə və xaricipərəstlərə qarşı mübarizədə öhdəsinə böyük vəzifələr götürür və bu vəzifələrin öhdəsindən də yaxşıca gələ bilir. İran qadınının inqilab tarixində oynadığı bu əzəmətli böyük rolu gələcək qadın nəsilləri və ümumiyyətlə bəşər həyatının gələcək tarixi üçün bir nümunə ola bilər və olmalıdır...
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Müəllif: Əqiqi Bəxşayişi