Əmr be məruf və nəhy əz münkərin əhəmiyyəti
İslam cəmiyyətində, ailədə, məktəblərdə uşaqlara öyrədilən ilkin dərslərdən biri də üsulidin və füruidin məsələləridir; dinin etiqadi əsasları və əməli bölmələri. Dinin əsasları onun kökü və gövdəsi, bölmələri isə onun şaxələri misalındadır. Bu şaxələrin sayı ondur. Onun yeddinci və səkkizinci şaxəsi "Əmr be məruf və nəhy əz münkər” adlanır və onların icrası hər bir müsəlmana vacibdir. Yəni, bu hökmlər hər bir müsəlmanın boynunda olan vacib əməllərdən biridir.
Beləliklə, əmr be məruf və nəhy əz münkərin vacib olması məsələsi hamıya aydınlaşdı və hər bir şəxs bunun dinin zəruri əməllərdən biri olduğunu bilir. Kimsə bəhanə edib deyə bilməz ki, mənim bu iki məsələdə baxışlarım fərqlidir, mən bunları vacib əməllərdən saymıram. Hətta balaca uşaqlara deyəndə ki, dinin vacibatlarını, yəni şaxələrini say, fikirləşmədən deyir: Namaz, oruc, həcc və s. və nəhayət əmr be məruf və nəhy əz münkər.
Bir şeyin dinin zəruri məsələlərindən olması o deməkdir ki, həmin şeyi bilərəkdən inkar etmək İslamı inkar etməyə bərabərdir və insanın mürtədliyinə dəlalət edir. Həmçinin, həmin şeyi iqrar etmək Quranı, peyğəmbəri (s), Allahı təsdiq etmək deməkdir.
Bu barədə çoxlu sayda Quran ayələrinin mövcudluğu, dediklərimizə aşkar sübutdur. Onun barəsində kifayət qədər hədis, rəvayət də söylənilmişdir. Mən bu barədə deyilmiş rəvayətlərdən bir-ikisini nümunə olaraq söyləməklə, sizi məsələ ilə daha da yaxından tanış etmək istəyirəm.
Mərhum Şeyx Tusi "Təhzib” və mərhum Kuleyni "Üsuli-kafi” kitabında belə rəvayət edirlər: "Həzrət Baqir (ə) Cabirə belə buyurur: "Axirəz-zamanda bir xalq olacaq ki, xüsusi bir dəstənin ardınca gedəcək, o dəstənin sözlərinə, əməllərinə etimad edib, onları haqq biləcəklər.”
Xalqın etimadını qazanmış həmin dəstəni cəmiyyət arasında alim və sözü-əməli doğru-dürüst adam kimi tanıyar, onların sözlərinə qulaq asarlar. Həmin şəxslər bu sifətlərə malik olarlar: yətəqərrun və yətənəssəkun.
"Yətəqərrun” kəlməsinin kökü "qiraət” sözündən götürülmüşdür. İslamın ilkin vaxtlarında Quranı və Quran elmlərini bilib digərlərinə təlim edənləri, ən böyük alim bilirdilər. Belə şəxslərə "qürra” deyirdilər. Məsələn, təzə müsəlmanlığı qəbul etmiş bir qövmə, ya bir ölkəyə Quranı öyrədəcək mübəlliğ (təbliğatçı) göndərmək istəyəndə, həmin qürralardan birini seçirdilər. Bu insanlar xalqa İslami hökmləri başa salar, Quranı təlim edər, bununla da onları hidayət edərdilər. Buna görə də bu şəxslər İslamın əvvəlində xalq arasında ən tanınmış, hörmətli şəxslər sayılırdılar. Amma bəzi adamlar bu məqamdan sui-istifadə edərək, yalandan özlərini qürra kimi qələmə verirdilər. Yəni, bu mühüm işə səlahiyyətləri çatmadığı halda, alim adı ilə zahir olub, öz şəxsi mənafelərini güdürdülər.
İmam Baqir (ə) buyurur: "Axirəz-zəmanda camaat bu cür qondarma ruhanilərin ardınca gedərlər.” Bu insanlar özlərini ruhani, alim kimi qələmə verməkdən əlavə, yalançı abid donuna da girərlər.
"Yətənəssəkun” sözünün kökü "nüsük sözündəndir və faili "nasik”dir. Nasik ibadət əhli, ibadət edən mənasındadır. Tənəssük isə, özünü zahirdə ibadət edən kimi göstərmək deməkdir.
Axirəz-zamanda bu cür ruhanilərin sözünə inanıb arxasınca düşənlərin əksəriyyəti sadəlövh və dünyagörüşləri səthi olan adamlar olacaqdır.
Xalqın etimad etdiyi həmin alimlər əmr be məruf və nəhy əz münkər məsələsinə diqqət yetirməzlər. Xalqa belə deyərlər: "Əmr be məruf və nəhy əz münkər vacib deyil. Amma bir təhlükə, zərər yetişməzsə, əməl etmək olar. Əmr be məruf və nəhy əz münkər o zaman vacib olur ki, onun deyilib-deyilməməyi sizin üçün problem yaratmasın. Yox, əgər sizin üçün kiçicik problem yaradarsa, vacib deyildir.”
Bu sözlər, əmr be məruf və nəhy əz münkər məsuliyyətindən yaxa qurtarmaq üçün bir bəhanədir. Təbiidir ki, pisliklərdən çəkindirmək istədiyiniz insan, sizin sözlərinizin deyiliş formasından asılı olaraq, inciyə bilər. Bunu sizə biruzə verməsə də, tezliklə sizdən uzaqlaşar. Üzdəniraq ruhanilərin də qorxduğu bu amildir, yəni xalqın onlardan uzaqlaşması. Çünki, bu cür ruhanilər xalqa qazanc mənbəyi kimi baxırlar. Həqiqi ruhaniləri xalqın gözündən salmağa, onların nüfuzlarına xələl gətirməyə, beləliklə də, cəmiyyət arasında özlərinə yer etməyə çalışırlar. Bunun üçün həqiqi ruhanilərin söhbətlərini diqqətlə dinləyir, xırda bir səhv müşahidə edən kimi, onu cəmiyyət arasında yayaraq, bu nöqsandan öz mənafeləri üçün sui-istifadə edirlər. Onu elimsizlikdə, günah əhli olmaqda ittiham edir və nüfuzuna zərər gətirirlər. Bu kimi çirkin xislətli insanların xalqa, məscidə rəhbərlik etməyə, özlərini alim adlandırmağa səlahiyyətləri çatmır. Bunu mən demirəm; Şeyx Tusinin "Təhzib”ində və həmçinin, "Üsuli-kafi”də nəql olunmuşdur. İmam Baqir (ə) Cabirə belə buyurdu: "Yalançı ruhanilər doğru alimlərin izində olub, onların etdikləri səhvi güdərlər.”
Camaatın gözündə yaxşı görünən, canlarına və mallarına zərər verməyəcək namaz, oruc və s. işlərə üz tutarlar. Yəni, dini işlərdən elələrini seçərlər ki, canlarına, mallarına xətər dəyməsin və bu iş onlar üçün problem yaratmasın. Məlumdur ki, əmr be məruf və nəhy əz münkər insandan cəsarət, malından, canından keçməsini istəyir. Biri əmr be məruf etmək istəsə, bu ən azı tərəf müqabilinin ona göstərdiyi köməklərindən məhrum ola bilər. Adətən, maddi ehtiyacları ödənilmiş, sərvət, vəzifə sahiblərinin günaha düşmək imkanları da çox olur. İstər-istəməz əmr be məruf edəndə onların hisslərinə toxunulur və bu da bir növ qarşılıqlı münasibətlərə mənfi təsir göstərə bilər. Buna görə də, özlərini ruhani, alim adlandıran belələri əmr be məruf edəndə pul, vəzifə sahibləri ilə üz-üzə dayanmış olurlar. Onlarla da qarşı-qarşıya durmaq müəyyən problemlər, ixtilaflar yaradır. Bu səbəbdən də, özlərini ruhani kimi göstərənlər elə dini məsələləri, ibadətləri seçirlər ki, canlarına və maddi maraqlarına zərəri olmasın.
Əgər bir vaxt şərait dəyişsə, namaz qılmağın özü də canına, malına təhlükə yaratsa, namazı da buraxarlar. Çünki, belə bədbəxtlərin bir şeyi tutub digərini buraxmasında əsas meyarları zərərdir. Əmr be məruf, nəhy əz münkəri tərk etməklərinin səbəbi də, bundan qaynaqlanır. Bunlar mallarına zərər dəyə biləcəyindən qorxaraq əmr be mərufu tərk edirlər.
O həzrət daha sonra buyurur: "Onlar mallarının qorxusundan fərizələrin, ibadətlərin ən kamili, ən şərəflisi olan əmr be mərufu tərk etdilər.” Həzrət bu kəlamında əmr be mərufun əhəmiyyətini göstərərək, hətta onun namazdan da üstün olduğunu bildirir.
Əmr be məruf və nəhy əz münkər İslamın ən böyük vacibi əmrlərindən biridir. Əgər əmr be məruf unudulsa, digər vacibi əmrlərə də əməl edilməz və get-gedə cəmiyyətdə azğınlıq yaranar. Dinin davamı, əmr be məruf və nəhy əz münkərdən asılıdır. Bu iki vacibata əməl edilmədikdə, digər vacib əməllər də yavaş-yavaş tərk edilir. Alim cilidinə girmişlər də belə olurlar. Cəmiyyətdə özünü alim və abid hesab edən şəxslərin bariz xüsusiyyətlərindən biri, onların əmr be məruf və nəhy əz münkəri tərk etmələridir. Əlbəttə, əgər heç bir qorxusu olmasa, bu əməli də yerinə yetirirlər. Həzrət (ə) buyurur: "Axirəz-zamanda bu xüsusiyyətdə olan insanlar çox olacaq.” Sonra sözünə davam edib belə nəticə çıxarır: "Elə ki, camaatın işi bu yerə gəlib çatdı, bu kimi şəxslərin arxasınca düşdülər, Allah öz qəzəbini belə xalqa şamil edər və bütün xalq qəzəbə düçar olar. Elə ki, Allahın ümumi əzabı bir xalqa nazil oldu, yaxşısını da, pisini də birlikdə bəlaya düçar edər.”
Deməli, hər hansı cəmiyyətdə belə bir vəziyyət yaranarsa, yəni əmr be məruf və nəhy əz münkər tərk edilərsə, həmin cəmiyyəti bu cür ağır bəla gözləyir və bir kimsə bu bəladan istisna olunmayacaqdır.
İmam (ə) sözünə davam edib, yenə də əmr be məruf və nəhy əz münkər haqqında nəsihət verir: "Əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yoludur. Bu yolu getmək istəyənlər, əmr be məruf və nəhy əz münkər əhli olmalıdırlar. Əgər belə olmasalar, digər yolun yolçusu olarlar. Peyğəmbərin getdiyi yoldan çıxmış hesab olunarlar.”
Saleh insanların qarşılarına qoyduqları mühüm vəzifələrdən biri də əmr be məruf və nəhy əz münkərdir.
Həzrət (ə) təkrar olaraq buyurur ki, digər vacibi əmrlərin kökü bu məsələyə əsaslanır və əmr be məruf və nəhy əz münkərdən asılıdır. Yolların əmin-amanlığı bu əməlin, yəni əmr be məruf və nəhy əz münkərin sayəsində hasil olur. Alış-verişin də halallığı bu əməl ilədir. Əgər xalq alış-verişlərinin halal olmalarını istəyirlərsə, əmr be məruf və nəhy əz münkəri həyata keçirməyə çalışmalıdırlar. Əks təqdirdə, yavaş-yavaş riba, sələm onların ticarətlərinə yol tapar və əgər bir kimsə buna etiraz edib nəhy əz münkər etməzsə, xalq artıq halalını haramından ayıra bilməz. Belə olduqda, halal harama qarışar. Əmr be məruf və nəhy əz münkərin sayəsində məzlum öz haqqına çatar. Əgər biri digərinin haqqını əlindən almış olsa, əmr be məruf və nəhy əz münkərin cəmiyyətdə bərqərar olunması, haqqın öz sahibinə qaytarılmasına səbəb olur. Ölkənin abadlığı da bu əməl sayəsindədir. Çünki, əmr be mərufa aid olduğu sahələr o qədər genişdir ki, hətta mənfəət xatirinə təbiətə, ekologiyaya zərər vuran təşkilatların da qarşısını almış olur. Nə üçün bəzi zavodlar və nəhəng sənaye mərkəzləri ekoloji göstəricilərə riayət etmirlər? Bu sual yəqin ki, sizi maraqlandırır. Əlbəttə, bu onların maddi maraqları ilə uyğun gəlmir. Əmr be məruf və nəhy əz münkərlə bu cür əməllərin qarşısı alınır, təbiət sağlam qalır və yer üzü abadlaşır. Məcburiyyət qarşısında qalıb insafa gəlirlər. Yəni, insaflı olmağa vadar edilirlər. Qüdrət sahibləri əmr be məruf və nəhy əz münkər əhli olsalar, artıq düşmənlərin zülm etməyə cürəti çatmaz. Bir şərtlə ki, əmr be məruf cəmiyyətdə geniş vüsət tapsın, yoxsa bir nəfərin əmr be məruf etməsilə, heç bir nəticə əldə etmək olmaz. Amma bütün cəmiyyət buna rəvac versə, düşmənlər ehtiyat edib möminləri sancmaqdan, incitməkdən çəkinərlər. Nəhayət, İmam (ə) buyurur: "Bütün işlər əmr be məruf və nəhy əz münkər sayəsində səliqə-sahman tapır.” Bu iş, bizim əvvəldə söhbətini etdiyimiz islahatdır. Onun köməkliyi ilə azğın işlərə son qoyulur və bütün işlər öz qaydasına düşür.
İmam (ə) bir tərəfdən xəbərdarlıq edir ki, axirəz-zamanda əmr be məruf və nəhy əz münkər rövnəqdən düşəcək və ona əməl edən çox az olacaq. Özü də azlıqda olan bu qrup bu hökmə bir şərtlə əməl edərlər ki, sözü gedən işin onlar üçün can və mal qorxusu olmasın. Bu vəziyyətdə əmr be məruf və nəhy əz münkər məsələsi tamamilə unudular. İmam (ə) xəbərdarlıq edir ki, əgər belə bir vəziyyət yaranmış olsa, Allahın qəzəbinə düçar olacağınızdan qorxun. Elə bir əzab nazil olar ki, nə qurusuna baxar, nə də yaşına, nə böyüyünə baxar, nə də kiçiyinə, hamısını bir yerdə yandırar. Başqa bir tərəfdən, həzrət (ə) bu xəbərdarlığı edəndən sonra nəsihət edib buyurur: "Yaxşı, belə olmasın deyə nə etmək lazımdır? Belə bir gün gələcəkdir. Siz ki, mənə tabesiniz, onda nəsihətlərimi yaxşı yadda saxlayın ki, belə bir bəlaya düçar olmayasınız.”
Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi