İmam Hüseyn (ə) üçün keçirilən mərasimlərin təsir və əhəmiyyəti barəsində
Belə mərasimlər ancaq bizim ölkəmizdə keçirilmir. Dünyanın ən ucqar nöqtələrində belə, Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə bizim şəhərlərdə keçirilən mərasimlərə oxşar proqramlar təşkil edilir. Dünyanın iri şəhərlərindən biri olan Nyu-Yorkun özündə belə, Aşura günü o şəhərdə məskən salmış müxtəlif ölkələrdən olan müsəlmanlar bütün xalqın diqqətini özünə cəlb edəcək dərəcədə əzadarlıqlar keçirirlər. O gün Nyu-Yorkun ən böyük xiyabanları insanlarla dolu olur. Hətta şiələrdən əlavə, sünnü məzhəbli müsəlman ölklərində də Aşura günü bu cür mərasimlər keçirilir. Və ya şiələr təşkil etdiyi əzadarlıq mərasimlərində iştirak etməyi sünni qardaşlarımız da özlərinə borc bilirlər. Məsələn, Hindistan, Banqladeş və Pakistanda bu ölkələrin digər məzhəblərindən olan müsəlmanlar ehtiram əlaməti olaraq, Məhərrəmlik mərasimlərində iştirak edirlər.
Çünki, Quranda bu barədə belə qeyd olunub: "Ey Peyğəmbər de ki: Mən sizdən öz yaxınlarıma qarşı məhəbbətdən başqa bir şey istəmirəm."
Bu ayəyə əsasən onlar bunu özlərinə borc bilib, Əhli-beyt əleyhimüssəlama məhəbbət, hörmət izhar edirlər. Hətta İslam şəriətinə etiqadı olmayan bəzi bütpərəstlər belə, İmam Hüseyn əleyhissəlamın xatirinə təşkil edilən əzadarlıq mərasimlərindən gördükləri xeyir-bərəkət səbəbindən, bu cür mərasimlər keçirir, nəzir, ehsan paylayırlar. Qeyd etdiyim bu məsələlrin hamısı bütün dünyada müşahidə edilir və kafirlər də bu işdən xəbərdardırlar. Siz dünyada buna oxşar heç bir hadisəni göstərə bilməzsiniz ki, bu qədər geniş miqyasda keçirilsin və müxtəlif millətlərə bu qədər təsir göstərmiş olsun. Təsirinin davamlılığı baxımından, on üç əsrdən artıqdır ki, bu hadisə öz təravətini, təzəliyini qoruyub saxlamış, sanki dünən baş vermişdir. Elə bil, göz yaşı töküb sinə vuran xalq da bu hadisələri dünən yaşamışdır. Bəlkə də elə bir əzadarlıq mərasimləri, faciələri vardır ki, tarixi baxımdan kökləri daha qədim zamanlara gedib çıxır. Buna misal olaraq, həzrət İsa əleyhissəlamın dara çəkilmə günü münasibəti ilə xristianların keçirdikləri xatirə mərasimlərini göstərmək olar. Həzrət İsa (ə)-ın çarmıxa çəkilmə gününün ildönümü bahar fəslindədir. Əlbəttə, bizim etiqadımıza görə belə bir hadisə olmamışdır. Quranda buyurulur: "Onu öldürmədilər və dara da çəkmədilər, əksinə onlar anlaşılmazlığa düçar oldular.”
Amma onların əqidəsinə görə, həzrət İsa əleyhissəlamı dara çəkib, sonra dəfn etmişdilər. Üç gündən sonra isə dirilərək, qeybə çəkilmişdir. Buna görə də bu günün ildönümü münasibəti ilə mərasim təşkil edirlər.
Mənim Vatikana olan səfərim, təsadüfən həzrət İsa əleyhissəlamın əzadarlıq mərasimi günləri ilə üst-üstə düşmüşdü. Bu mərasim Rumun ən böyük kilsəsi Sen Piterdə, şəxsən Papanın öz iştirakı ilə keçirilirdi. Biz də bu mərasimdə iştirak etməli olduq. Aydındır ki, bu məclis, dünyanın müxtəlif yerlərindən toplaşmış şəxslərin izdihamı və ən böyük kilsədə keçirilən belə bir mərasimə görə həddən artıq təntənəli olmalı idi. Bu mərasimdə qara paltar geyinib şam yandırır və həzin səslə, bizim növhələrə oxşar mahnılar oxuyurlar. Lakin bu mərasimin adi alimlərdən birinin matəm məclisi üçün tutduğumuz əzadarlıq qədər həyəcan və coşqunluğu yox idi. Həzrət İsa əleyhissəlamın doğumundan 2000 min il keçməsinə əsasən, deyə bilərik ki, belə mərasimlərin keçirilmə tarixi 2000 ilə çatır. Bu mərasim hər il keçirilir və ehtiramla yad edilir. Amma olduqca adi və süst keçirilir. Siz əgər bu mərasimi müsəlman dünyasında keçirilən hər hansı əzadarlıq mərasimi ilə müqayisə etsəniz, onda görərsiniz ki, müsəlmanların tutduqları mərasimlərlə onların keçirdikləri mərasim arasında çox fərq var. Belə mərasimlərdə iştirak edənlər bilirlər ki, bu məclislər necə keçirilir. Şiələrin bu yoldakı fədakarlıqları belə mərasimlərin keçirilməsinə və şəhidlər sərvərinin ziyarətinin daim maraq dairəsində olmasına şərait yaratmışdır. Belə mərasimlərin keçirilməsi və o həzrətin ziyarətinə getmək heç də həmişə asan olmamışdır. Əlbəttə, indi də o qədər rahat deyil. Amma bir zamanlar imam Hüseyn əleyhissəlamın qəbrini ziyarət etmək istəyənlər, ölümlərini gözlərinin qabağına gətirməli idilər. Abbasi dövlətinin məmurları, xüsusilə də Mütəvəkkilin zamanında elə ciddi tədbirlər görülürdü ki, bir nəfər belə cürət edib, İmamın hərəminə yaxınlaşa bilmirdi. Sonda bu ziyarətgahlardan əsər-əlamət qalmasın deyə, imam Hüseyn əleyhissəlamın qəbrini uçurtmuş, daha sonra həmin əraziyə su buraxıb yerini şumlamışdılar. Lakin şiələr canları və qanları ilə, min cür əziyyətlər bahasına da olsa, o həzrəti yaxından ziyarət etmək üçün bu yoldan dönmürdülər. Belə bir şey harada görünüb? Ayrı cəhətlərində digər hadisələrlə oxşarlığı olsa belə, bu cəhətindən heç bir hadisəyə bənzəmir. Əlbəttə, bu xüsusiyyətlər təsadüfü işlər deyildir. Düzdür ki, bütün möminlərin qəlbində imam Hüseyn (ə) eşqi, məhəbbəti vardır və bu işdə qeybi səbəblər də mövcuddur. Amma Allahın da işləri zahiri şəraitlər olmadan baş vermir. Bəzən zahiri səbəblər olmadan baş verən işlər isə istisna xarakteri daşıyır. Şiələrin bu qətiyyət, iradə və əzmi təsadüfi olmamışdır. Bu işdən hətta digər məzhəblər də təsirlənmişlər. Ən əsası isə, Peyğəmbər və İmamlar tərəfindən xatirə və əzadarlıq mərasimlərinin keçirilməsi, o həzrətin qəbrinin ziyarəti barəsində təkid və vəsiyyətləridir. İmam Hüseyn əleyhissəlama göndərilən bir salamın savabının, həcc və ümrəyə getmək qədər olduğunu bildirmişlər. Səmimi qəlbdən və sidqi ürəkdən verilən hər bir salamın müstəhəbinin həcc qədər savabı vardır. İmam Hüseyn əleyhissəlamın ziyarətinin savabı olduqca çoxdur. Bu ziyarətnamələri oxuyanlara tarix boyu ehtiram göstərilmişdir. Məsələn, mərsiyə oxuyanlara və şer deyənlərə bəxşiş verər, tərifləyərdilər. Məhərrəmlik ayında öz evlərində əzadarlıq mərasimi keçirər, mərsiyəxanları çağırtdırıb məclis qurardılar.
Beləliklə, dillə olan sifarişlər, əməli olaraq göstərdikləri yol, mərasim və ziyarətlər üçün qeyd olunmuş savablar, nəhayət Allahın bu məhəbbəti möminlərin qəlbində yerləşdirməsi, Kərbəla hadisəsini bəşər tarxinin misilsiz səhifəsinə çevirmişdir.
Qarşıya bir neçə sual meydana çıxa bilər. Bütün bunların insanların həyatında nə kimi təsiri, rolu olmuşdur?
Biz bilirik ki, Peyğəmbər (s)-ın məqamı imamların məqamından yüksəkdir. Bəs nə üçün Peyğəmbər (s)-ın vəfatında belə əzadarlıqlar keçirmirik? Nə üçün İmam Hüseyn (ə) üçün deyilmiş sifarişlər Peyğəmbər (s) üçün edilməmişdir? Əgər imamlarımızın fəzilət dərəcələrinə baxsaq, onların özlərinin buyurduqlarına əsasən, görərik ki, Əmirəl-möminin Əli (ə)-ın məqamı hamısından üstündür. Elə bu səbəbdən də, biz Əli (ə)-ın şəhadəti münasibəti ilə əzadarlıq keçiririk. Lakin bu, imam Hüseyn (ə) üçün keçirilən əzadarlıqla müqayisədə çox zəifdir. Görəsən, imam Hüseyn (ə)-ın müsibətinin hansı xüsusiyyəti onun bu qədər əhəmiyyətli olmasına və belə mərasimlərin keçirilməsinə səbəb olmuşdur? Nəql olunan rəvayətlərə əsasən, İmam Hüseyn əleyhissəlamın zikri, onun müsibətinə göz yaşı axıtmaq hələ həzrət Adəm (ə)-ın zamanında olmuşdur. Hələlik bu kimi rəvayətlərlə işimiz yoxdur. Başqa bir rəvayətə əsasən, bütün peyğəmbər, övliya və mələklər imam Hüseyn (ə) üçün ağlayırlar. Bəs görəsən, o əziz imam haqqında Peyğəmbər (s)-ın buyurduğu nədir? Rəsuləllah (s) buyurmuşdur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm”.
"Hüseyn məndəndir” cümləsinin mənası aydındır. Amma "mən də Hüseyndənəm” cümləsinin mənası nədir? Yaxud, adətən məscid və hüseyniyyələrdə yazılıb vurulan məhşur bir rəvayətdə belə buyurulmuşdur: "Hüseyn hidayət çırağı, nicat gəmisidir.”
Bizim bütün imamlarımız hidayət çırağı olublar, onların hamısı nicat gəmisidirlər. "Camiə” ziyarətində oxuyuruq: "Sizin hamınız nicat gəmisisiniz. Hər kəs sizin ətəyinizdən yapışsa, nicat tapmışdır, hər kəs sizdən üz döndərsə, geri qalar və həlak olar”. Bütün imamlarımızda bu xüsusiyyət vardır. Bəs görəsən imam Hüseyn (ə)-ın xüsusi məziyyəti nədir?
Sözsüz ki, imam Hüseynin (ə) şəxsiyyəti, ilahi təqdirin onun həyatı üçün nəzərdə tutduğu şərait o həzrətə və onun şəhidlik məktəbinə xüsusi bir məziyyət verirdi. Bunlar özü bərəkət mənşəyi ola bilərlər. Eləcə də, imamlarımızın vahid nurdan xəlq edildiyinə etiqadımız var. İmam Hüseyn (ə)-ın yerinə hər hansı bir imam olsaydı, həmin məsləki, yəni, şəhidlik yolunu seçəcəkdi. Misal üçün, İmam Həsən (ə) ilk növbədə müharibə etdi, amma sonra sülh müqaviləsi imzaladı. İmam Həsən (ə)-ın imam Hüseyn (ə) ilə müqayisədə sülh simvolu olduğunu iddia edənlər çoxdur. Bu o demək deyil ki, bu şəxslərin İslamdan başa düşdükləri və ya çıxardıqları hökmlər fərqlidir. Yəni, belə başa düşülməməlidir ki, biri sülh, digəri müharibə və qiyam tərəfdarı olmuşdur.
Xeyr, bizim əqidəmizə görə, imam Hüseyn (ə) da imam Həsən (ə)-ın yerində olsaydı, onun kimi rəftar edərdi. Başqa imamlarımız da belədir. Rəftar və metodlarda olan fərq ayrılığı ictimai şəraitin onların öhdəsinə qoyduğu zəruriyyətdən doğurdu. Şəraitin xüsusiliyi və bu şəraitdən doğan tələblər imamın bəşəriyyətə doğru yolu göstərməsi üçün zəmin yaratmışdı; məhz belə bir şərait bəşər tarixində heç kəsə nəsib olmayan qeyri-adi bir rolu ifa etmək zəruriyyətini doğurmuşdu. Bu rəftarı təyin edən xüsusi şərait idi və ya dini təbirlə desək, ilahi təqdir və Allah-taalanın istəyi bu imkanı yaratmışdı. Çünki, ictimai şəraitin özü də Allahın əlindədir. Bütün şeylərin silsilə səbəbləri Allahın iradəsində tamamlanır. Bu iki mətləb, bir sikkənin iki üzü kimidir. "Allah-taala bu xüsusi şəraiti imam Hüseyn əleyhissəlama bəxş etmişdir” və ya "Bu şərait İmam Hüseyn əleyhissəlamın yaşadığı mühitin tələblərindən doğan zərurət idi” ifadələri eyni mənanı əks etdirən müxtəlif təbirlərdir. Çünki, şəraitin özü də Allahın iradəsinə bağlıdır və hər bir şey Onun təqdiri əsasında baş verir.
Araşdırmağa ehtiyac duyduğumuz başqa bir sual isə, İmam Hüseyn əleyhissəlamın bu nailiyyəti doğuran həmin xüsusiyyətlərə necə nail olmasıdır. İnsanlar bu əzadarlıqlardan dünya və axirət işlərində necə faydalanırlar? Çünki, mömin üçün dünya, axirətə qovuşmağın təkamül pilləsidir. Biz burada yeni həyata hazırlaşan ana bətnindəki körpə kimiyik. Həqiqi həyat ölümdən sonra başlayır."Həqiqi həyat bu dünyadan sonradır”.
Hər halda həm dünya, həm də axirət xeyrimiz imam Hüseyn əleyhissəlama üz tutub ona və uğrunda vuruşduğu haqqa bağlanmağımız, həmçinin, ona əzadarlıq edib, xatirəsini əziz tutmağımızdadır. Yəqin özünüz bu kimi əzadarlıqlarda saysız-hesabsız kəramət və qeyri-adi işlər baş verdiyini eşitmiş və ya görmüsünüz. Mən bu barədə nə qədər danışsam da, kifayət etməz. Ona görə də bu məsələyə toxunmuram. Hətta belə əzadarlıqların birində mərasim iştirakçılarından birinin alnına çəkdiyi gil-türbətlə həzrət Ayətullahül-üzma Bürucirdinin uzun illər boyu sağalmaz gözü şəfa tapmışdır. O dövrdə ölkə müsəlmanlarının əksəriyyəti onun gözünün müalicəsi mümkün olmayan bir dərdə mübtəla olduğunu bilirdilər. Belə əzadarlıqların birində mərsiyə oxuyub sinə vuranlar dəstəsindən biri onun evinə gəlir. Mərhum Bürucirdi onların üzlərinə, alınlarına çəkdikləri türbət gildən götürüb bir miqdarını gözlərinə çəkir. Bununla da gözləri şəfa tapır və ömrünün sonuna qədər bir daha gözlərindən şikayətlənmir. Mərhum Bürucerdi qoca vaxtlarında belə, ən xırda yazıları eynəksiz oxuyardı. Belə kəramətlər sonsuzdur. Sizin hamınız belə mərasimlərdə tökülən bir damla göz yaşının nuraniyyətini əvvəl qəlbinizdə hiss edir, lakin neçə-neçə hacətlərinizin qəbulu və bəlaların üzərinizdən götürüldüyünü bilmirsiniz. Bunlar sonrakı mərhələlərdir.
Burada söhbətdən yayınaraq, bir məsələni xatırlatmaq istəyirəm. Biz, adətən Allahdan qəbul olunmuş istəklərimizi düşünürük. Lakin başımızın üstünü almış neçə-neçə bəlalardan nicat tapdığımızdan xəbərsizik. Bizə nazil olan bərəkətin on bərabəri qədər də bizdən uzaqlaşdırılan müsibət və təhlükələrdən ya xəbərimiz olmur, ya da onları hesaba almırıq. Əgər belə bir həqiqətlər varsa, xalqın bu əzadarlıqları keçirib, göz yaşı axıtmasına nə deyə bilərik?