1186. Zülmkarlıqdan çəkinmək.
Qur‘an:«Allah-taala zalım xalqı hidayət etməz»
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.»
Hədis: 3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.»
3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər.»
3875. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, zülm qiyamət gününün zülmətləridir.»
3876. İmam Əli (ə): «Zülmkarlıq ən çirkin alçaqlıqdır.»
3877. İmam Əli(ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.»
3878. İmam Əli (ə)(zülmə nifrətini açıqladığı xütbədə): «And olsun Allaha, gecədən sübhədək dəvətikanı kolunun üstündə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sürüklənməyim, qiyamət günü Allah bəndələrindən birinə zülm, ya dünyanın alçaq malından ən xırda bir şeyi qəsb etmək günahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına çıxmaqdan mənimçün daha xoşdur. Necə ola bilər ki, ipi-sapı sür‘ətlə çürüməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zülm edim?»
3879. İmam Əli(ə) (həmin xütbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu etmərəm.»
3880. İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.»
3881. İmam Əli(ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur. Çünki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.»
3882. İmam Əli(ə): «Kim zülm etsə ömrü (beli) sınar.»
3883. İmam Əli(ə): «Kim zülmün miniyinə qalxsa, miniyi onu başıüstə yerə çırpar.»
3884. İmam Əli(ə): «Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.»
3885. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.»
1187. Zülmün növləri.
3886. İmam Əli (ə): «Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm. Heç vaxt bağışlanmayan zülm, Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür. Nəhayət, sorğu-suala çəkilən zülm, bəndələrin Bir-birinə etdikləri zülmdür.»
1188. Zülmün ən çirkin növü.
3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»
3888. İmam Əli(ə): «Zəifə zülm etmək, zülmün ən çirkin növüdür.»
3889. İmam Əli (ə) («Hansı günahın cəzası günahkara daha tez çatar?» sualının cavabında): «Allahdan başqa köməyi olmayan insana zülm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zülm və təcavüz əlini uzadana.»
3890. İmam Əli (ə): «Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.»
1189. Zalıma möhlət vermək.
3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni öz ixtiyarıma buraxmışdır.» deyənə qədər möhlət verər. Sonra, ona şiddətli cəza verər. Allah-taala zalımları məhv edəndən sonra Özünə həmd söyləyib buyurmuşdur: Zülm edən insanların kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.»
3893. İmam Baqir (ə): «Allah-taala iki söz arasında Firona 40 il möhlət verdi. Sonra ona axirət və dünya əzabını dadızdırdı. Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası müstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il çəkdi.»
1190. Zalımın peşmançılığı.
Qur‘an: «O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim.»
Hədis: 3894. Allahın Peyğəmbəri (s): «Zülm etmək peşmançılığın mənşəyidir.»
3895. İmam Əli(ə): «Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha ağırdır.»
3896. İmam Baqir (ə): «Məzlumun zalımın dinindən götürdüyü, zalımın məzlumun dünyasından aldığından daha çoxdur.»
1190. Zalıma kömək etməkdən çəkinmək.
Qur‘an: «Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz.»
Hədis: 3897. Allahın Peyğəmbəri (s): «Qiyamət günü carçı car çəkər: «Haradadır, zalımlar və onların köməkçiləri? Zalımların mürəkkəbinə liqə (sap) qoyanlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar. Onların hamısını zalımlarla birlikdə qəbirlərdən qaldırın.»
3898. İmam Sadiq(ə) «Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir.»
3899. İmam Sadiq (ə): «Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər.»
3900. İmam Sadiq (ə)(«Zülm edənlərə meyl salmayın» ayəsi barədə): «Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir.»
1192. Məzluma kömək etməyə həvəsləndirmək.
Qur‘an: «Kim xeyir işdə vasitəçi olarsa, onun bu işdə bir payı var. Kim pis işdə vasitəçi olarsa, həmin işdən ona heç bir fayda yoxdur və Allah hər şeyə qadirdir.»
Hədis: 3901. Allahın Peyğəmbəri (s): «Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar.»
3902. İmam Əli (ə): (Həsən (ə) və Hüseynə (ə) xitabən): «Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun.»
3903. İmam Kazim (ə) (Əli ibn Yəqtinə xitab edərək): «Allah-taalanın zalımların dostlarının yanında dostları var və onların vasitəsilə öz dostlarını qoruyur. Sən, ey Əli, onlardan birisən.»
1193. Məzlumun duasından çəkinmək.
3904. Allahın Peyğəmbəri (s): «Məzlumun duasından qorxun. Çünki, Allah-taala onun haqqını alacaq və Allah-taala heç bir haqq sahibini öz haqqından məhrum etməz.»
3905. Allahın Peyğəmbəri (s): «Hərçənd kafir olsa belə, məzlumun duasından qorxun. Çünki, məzlumun duasına heç bir şey mane olmaz.»
3906. İmam Əli (ə): «Oxların ən təsirlisi, məzlumun duasıdır.»
Mənbə:"Mizanul – hikmət (xülasəsi) 2-ci cild"kitabı.