Bəni-haşim arasında Peyğəmbəri (s) himayəyə götürəcək müvəhhid, pak adamlar vardı. Əbdül Mütəllibin vəfatından sonra müvəhhid, pak, fədakar Əbu Talib və Fatimə binti əsəd Həzrətə öz məhəbbət ağuşların açıb, vəsfə gəlməz bir eşqlə ona himayə göstərdilər. Əbu Talib maddi cəhətdən imkanlı olmasa da, Həzrətin (s) himayəsini iftixarla öhdəyə aldı. Həzrətin (s) də qədəmləri onlara xeyr və bərəkət gətirdi. Əbu Talib bu uşağa şiddətlə bağlı olduğundan hamıdan çox qayğı göstərir və onu övladlarından üstün tutur.
Həzrətin (s) gəncliyi bu imanlı ailədə keçir. Bu ailənin fədakarlığı və məhəbbəti o qədər dərin təsir qoyur ki, Peyğəmbər (s) bu məhəbbəti heç zaman unutmur. Fatiməni xeyli körpə əhatə edirdi. Onun imkanı zəif idi. Onlara yemək verəndə hər biri öz payını almaq üçün vurnuxardılar. Amma Peyğəmbər (s) bir kənarda dayanıb, Fatimənin nə vaxt ona baxacağını ədəblə gözləyirdi. Fatimə vəfat edəndə Peyğəmbər (s) onun qəbri üstə ağlayaraq buyurdu:
«Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı, övladları pərişan ikən mənim saçımı, surətimi darayıb qaydaya
salardı. O, mənim anam idi».
(«Tarixe Yəqubi» 1-ci cild).
Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verərdi. O, Fatimənin övladı əli ibni əbu Talibin himayəsini öhdəsinə almışdı. Əli (ə) Peyğəmbər (s) Əbu Talib və Fatimənin ağuşunda böyüdüyü kimi, Peyğəmbərin (s) yanında tərbiyə almışdı.