Dini söhbətlərdə əsas yer almış mövzulardan biri suizən, yəni bədgümanlıq, ətrafdakı insanların söz və rəftarlarını pisə yozmaqdır. Qurani-Kərimdə suizən cəmiyyətə dağıdıcı təsir göstərən bir günah kimi qeyd olunur. Suizən, bəlgümanlıq xəstəliyinə tutulmuş insan başqalarının söz və əməllərini güdməyə, izləməyə meyillidir. Casusluq, insanın hərəkətlərini izləmək qeybətə səbəb olur, qarşı tərəfin şəxsiyyəti üçün təhlükə yaradır. Suizən ən böyük ictimai bəlalardandır. Əgər Allah bəşəriyyət üçün vəhdəti həyat amili sayırsa, suizən vəhdətə qarşı yönəlmiş ən dağıdıcı sifətlərdəndir. Bir insanın cəmiyyətdən inciyib tənhalığa çəkilməsində suizən sifətinin rolu böyükdür. Bədgüman insan heç vaxt kiməsə etibar etmir, hamıya şübhə ilə yanaşır, nəticədə tək qalır. Düşmənçiliklərin, qarşıdurmaların, hətta qanlı savaşların əsas səbəblərindən biri bədgümanlıq, bədbinlikdir. Bir çox ailələrin dağılmasının əsas səbəbi də elə bu çirkin sifətdir. Suizən dostluq və sevgi bağlarını qırır, insanlarda bir-birinə qarşı nifrət yaradır. İnsan ictimai varlıqdır və onun başqalarının köməyinə ehtiyacı var. Bədbin insan qəlbində kimsəni bəyənməsə də ətrafdakıların köməyindən istifadə məqsədi ilə zahirdə özünü mehriban göstərir, bu da sonda ikiüzlülüyə səbəb olur.
Bədbinlik, suizən insan ruhunu və cismini ağrıdan sifətdir. Bədbin insanlar adətən narahatdır. Təsəvvürlərində uydurduqları faciəli durum onlara əzab verir. Onlar ətrafdakı insanları pis və təhlükəli hesab etdiyindən rahatlıq tapmır. Əslində insanlarla ünsiyyət ruh yüksəkliyi yaratmalıdır. Bədgüman insanlar isə hamıdan şübhələndikləri üçün ünsiyyətdən qaçırlar. Əslində ruh yüksəkliyi gətirəsi bir hal bədgümanlar üçün əzaba dönür. Bu səbəbdən də daim qəmgin, fikirli və sərtdirlər. Bədbin insanların ruhu iztirabdadır, daim başqalarını düşünür. Bəzi əxlaq alimləri suizəni qəlb qeybəti adlanırır. Qeybət edən şəxs başqalarına dildə irad tutursa, bədbin şəxs bu işi qəlbində görür.
Digər tərəfdən bədgümanlıq insanların sirrinin açılmasında təsirlidir. Əgər insanlara bir-birinin gizli işləri ilə maraqlanmaq icazəsi verilsəydi hamının sirri faş olardı.
Suizən sözünün lüğət mənası bədgümanlıqdır. Terminaloji baxımdan yersiz mühakimə yürütmək suizəndir. Quran ayələrində suizənlə bağlı nöqtələr açıqlanır. Munafiqun surəsinin 4-cü ayəsində oxuyuruq: "(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!" Nur, 12: " Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?"
İslamda əsas prinsiplərdən biri ilk baxışda müsəlmanın əməlini yaxşıya yozmaqdır. İmam Sadiq (ə) buyurur: "Bir əməldən şübhələnəndə 70 bəhanə gətirməklə suizəni özündən uzaqlaşdır." Həzrət Əli (ə) buyurur: "İnsanların söz və əməlləri barədə xoşgüman olan şəxsi ətrafdakılar sevər."
Şübhə yoxdur ki, İslam bədgümanlığı günah hesab edir. Amma Quranda "bəzi gümanlar" istisnası müəyyən gümanların həqiqət ola biləcəyinə işarədir. Amma bu istisna bədgümanlığın pisliyini azaltmır. Hucurat surəsinin 12-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" Bu ayədə Allah münafiqlərin sifətindən danışır. Bildirir ki, münafiqlər haradan bir səs qalxsa bu səsi özlərinə qarşı dəyərləndirirlər. Qorxu və dəhşət onların qəlbinə hakimdir. Hətta öz kölgələrində qorxurlar.
Allah-Taalanın, suizən, bədgümanlıq sifətini münafiqlərə aid etməsi bu sifətin pisliyi üçün yetərli dəlildir.
Həzrət Peyğəmbər (s) buyurur: "Zənn-gümandan çəkinin çünki bu yalanların yalanıdır." (Biharul-ənvar). Həzrət Əli (ə) buyurur: "Həzər qıl gümanların sənə qələbəsindən, əmin olduqlarının nəfsi susdura bilməməsindən." Həzrət başqa məqamda buyurur: "Bir-birinizə qarşı suizəndən uzaq olun, çünki Allah bunu qadağan etmişdir." Həzrət Peyğəmbər (s) buyurur: "Qardaşına münasibətdə bədgüman olan öz Allahına qarşı bədgümanlıq etmişdir." Həzrət Əli (ə) buyurur: "Qardaşından xoş gəlməyən söz eşitdikdə bunu yaxşılığa yoz, bədgüman olma." Allahın Rəsulu buyurur: "Qardaşının söz və əməlində pislik görəndə bunu üzürlü say, səbəb tapmasan özündən uydur." Həzrət Əli (ə) buyurur: "İnsanlara münasibətdə xoşgüman ən gözəl sifətlərdəndir." Həzrət buyurur: "Xoşgüman qəmi aradan
qaldırar, insanı günah tələsindən xilas edər." İmam Sadiq (ə) buyurur: "Xoşgüman ol ki, qəlbin aramlaşsın, işin irəli getsin." Həzrət Əli (ə) buyurur: "Ən üstün paklıq insanlara münasibətdə xoşgüman olmaqdır."
Suizən günahdır və bu xəstəlik vaxtında müalicə olunmasa fərd və cəmiyyət üçün bəlaya çevrilər. Suizənlə mübarizənin yollarına nəzər salaq:
1.Suizəndən uzaq olmaq üçün öz eyiblərimizlə məşğul olaq. İnsan öz eyiblərinə diqqət yetirdikdə başqalarının eyibləri haşiyə məsələsi olur. Çünki insan öz pis hərəktinin səbəbini bilir, başqalarının hərəkəti isə zahirən pisdir, mahiyyətdən xəbərsizik.
2.Öz həyat şəraitimizi, yaşadığımız fəzanı suizəndən paklayaq. Şər və dolaşıq insanlarla ünsiyyətdən çəkinək. Belə adamlarla ünsiyyət zəhər kimidir, insan ruhunu məhv edir. Xoşgüman, yüksək ruhiyyəli insanlarla ünsiyyət insanı mənfi fikirlərdən uzaqlaşdırır, ruhunu yüksəldir. Əgər uşaqlıqda təbriyə olunduğumuz mühit sağlam olmayıbsa və bu səbəbdən bədbinliyə yoluxmuşuqsa, mütaliə və təlqinlərlə özümüzü sağaltmağa çalışaq. Böyük ariflərin, övliyaların həyatının mütaliəsi bu işdə köməkçidir.
3.Bəbdinliyin fərdi və ictimai zərərləri barədə düşünək. Görün bədbinlik sayəsində cəmiyyət necə parçalanır!
4.Suizən başqa pis sifətlərə də yol açır. Ruhunda suizən möhkəmlənmiş fərd kin-küdurət, eqoistliyə meyilli olur. Belə insanlar vicdanı ilə söhbət etmir, öz söz və rəftarlarını vicdanın mühakiməsinə vermir.
5.Müsəlmanlara münasibətdə zehnimizdə pis fikirlər möhkəmlənibsə heç olmaya bu fikirləri əməldə büruzə verməyək. Özümüzü etimadlı və mehriban göstərməyə çalışaq. Əgər belə etsək müəyyən vaxtdan sonra pis fikirlər zehnimizdən təmizlənər. Həzrət Peyğəmbər (s) buyurur: "Suizən mömin üçün bəyənilməyən sifətdir və onda qaçmaq yolu əməldə suizənə yer verməməkdir."
6.İnsan zehnini müxtəlif faydalı mövzulara məşğul etməklə suizəndən qaça bilər. Əgər hər dəfə kiminsə haqqında pis fikirlər işə düşəndə dərhal zehnimizi faydalı mövzulara yönəltsək müsbət nəticə alarıq. Suizən, bədgümanlığın insanın əlində olmadığını düşünmək düzgün deyil. Rəvayətlərdəki göstərişlər bu çirkin sifətdən uzaqlaşmağın mümkünlüyünü göstərir. Rəvayətlər öyrədir ki, müsəlman qardaşda pis əməl gördükdə bunu yaxşıya yozmağa çalışaq. Bu göstəriş İslamın prinsip məsələlərindəndir. İnsanları hörmətdən salmaqdan pis iş nə ola bilər. İslam dini insanların şəxsiyyətinə qiymət verir və şəxsiyyətə qarşı yönəlmiş söz və əməlləri yasaqlayır.