41. بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاء وَتَنسَوْنَ مَا تُشْرِكُونَ
"Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.”
Əzabın götürülməsinin səbəbi ya höccətin, dəlillərin tamamlanması məqsədidir, ya da qövmün halının dəyişilməsi. Necə ki, "Yunus” surəsinin 98-ci ayəsində buyurulur: "İman gətirdiklərinə görə onları zillət əzabından azad etdik.”
1. İnsan çətin hadisələrlə qarşılaşdığı zaman bütün uydurma məbudlar yaddan çıxır. Bu məbudlar nəinki unudulur, hətta inkar edilir. Digər bir ayədə oxuyuruq: "Müşriklər qiyamət günü and içməklə öz şirklərini inkar edərlər.”
2. Xalisanə dua qəbul olunur.
3. Allahdan qeyrilərinə ümidsizlik duanın qəbul olmasını sürətləndirir.
4. Duanın qəbulu Allahın hikmətinə, iradəsinə əsaslanır.
42. وَلَقَدْ أَرْسَلنَآ إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَتَضَرَّعُونَ
"Həqiqətən, səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. (Boyun qaçırdıqlarına görə) onları yoxsulluq və xəstəliyə düçar etdik. Bəlkə (Bizə) yalvaralar.”
"Bəsa” döyüş, yoxsulluq, qəhətlik, sel, zəlzələ, keçici xəstəlik, "zərra” isə qəm-qüssə, alçalmaq, cəhalət, iflas deməkdir.
Həzrət Əli (ə) buyurmuşdur: "Əgər çətinliklər zamanı xalq Allah dərgahına sədaqətlə nalə çəksə, Allahın lütfünə nail olar.” Mövləvi bu həqiqəti belə nəzmə çəkir:
Haqqın hüzurunda çəkilən fəğan,
Üstündür bir ömür səcdədən, inan.
Zoru kənara qoy, tut nalə yolun,
Göylər ağlayana uzadır əlin.
|
1. Xalq arasında peyğəmbərin besəti tarix boyu gerçəkləşmiş ilahi sünnələrdəndir.
2. Keçmişdəkilərin başlarına gələnlər gələcəkdəkilər üçün ibrətdir.
3. Tərbiyə və hidayətdə bəzən təzyiq və sərtlik də lazım gəlir.
4. Çətinliklər fitrəti oyadan və diqqəti Allaha yönəldən yollardandır.
5. Hər rifah lütf, hər əziyyət qəzəb sayılmamalıdır.
6. Bəzi inadkarlar hətta sıxıntı və çətinlik vasitəsi ilə də ram olmurlar.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti