15. قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
"De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.”
Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu.
1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır.
2. Allahın övliyaları tağutdan və xalqdan yox, Allahın qəzəbindən qorxurlar.
3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir.
4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir.
5. Allah rəsulunun qiyamət qorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir.
6. Başqalarını həvəsləndirib onlara vəd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şənində bildirildi ki, peyğəmbərə öz dəvətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: "Mən qiyamətdən qorxuram.”)
16. مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ
"Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.”
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz.” Soruşdular: "Sizdəmi, ya rəsuləllah?” Həzrət buyurdu: "Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!” Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi.” Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
3. Allahın qəhr-qəzəbini yalnız Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti