86. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ
"Kafir olub ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Həqiqəti anladıqdan sonra şücaətlə, aşkar surətdə və sədaqətlə onu etiraf edənlər, öz dindaşlarından qorxmayanlar yaxşı əməl sahiblərinin ən üstünləridirlər. Çünki onlar həm özlərinə nicat verib cəhənnəm əzabından qurtulurlar, həm etiraf etməklə doğru yolu başqalarına göstərirlər.
1. Haqqı tanıdıqdan sonra onu rədd etmək üçün heç bir üzr, bəhanə qalmır.
2. Salehlərlə yoldaşlıq müqəddəs işdir.
3. Düzgün arzunun nişanəsi iman və əməldir.
4. Allaha iman vəhyə imandan ayrı deyil.
5. İmanın əvəzi behiştdir.
6. Kamal yollarından biri vicdana üz tutub onu sorğuya çəkməkdir.
7. Tövhid, peyğəmbərin risaləti, Quranın haqq olmasını dillə etiraf etmək zəruridir.
87. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ
"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.”
Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə and içdilər. Həzrət Peyğəmbər (s) bu məsələdən xəbər tutub xalqı məsciddə topladı və buyurdu: "Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşımı tərk etmirəm. Bizim dinimiz guşənişinlik və röhbaniyyət dini deyil. Mənim ümmətimin röhbaniyyəti cihaddır. Hər kəs mənim yolumu tərsinə getsə, müsəlman deyil.” Xalq arasında "içdiyimiz andlar necə olsun?” deyə soruşanlar oldu. Onların sualına cavab olaraq növbəti ayələr nazil edildi.
Halallardan imtina haramlığı etiqadla müşayiət olunduqda bidət və haram, əqidə bağlamadan bəhrələnməməkdən ibarət olduqda qadağandır.
Müsəlman ilahi göstərişlərə təslimdir. O nə halalları özbaşına haram edir, nə də haramlara başqa münasibət bəsləyir.