"Maidə" surəsi (68-69)
68.قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّىَ تُقِيمُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ
"De ki, ey kitab əhli! Tövrat, İncil, Rəbbiniz tərəfindən nazil olanı bərpa etməyincə heç bir dəyəriniz yoxdur. Həqiqətən, Allahın tərəfindən sənə nazil olan onların bir çoxunun tüğyan və küfrünü artıracaq. Kafirlərə (onların müxalifətinə) görə təəssüf etmə.”
Səmavi kitab - Quran hidayət vasitəsi olsa da, ilahi ayələr oxunduqda bir qrup insanın batini çirkinliyi inadkar ruhiyyə səbəbindən daha çox aşkara çıxır.
İmam Baqir (ə) buyurmuşdur: "Bir çox tüğyan və küfrün səbəbi Həzrət Əlinin (ə) vilayətinə etiqadsızlıqdır.”
1. Kitab əhli bütün səmavi kitablara inanmalıdır.
2. "İmanlıyam” demək kifayət deyil. Əməldə hərəkət lazımdır.
3. Səmavi qanunlar əməl üçün mehvər olmalıdır. Bu qanunlar qüdrət kürsüsünə oturmalıdır.
4. Fərdlərin şəxsiyyəti və dəyəri onların dini öhdəçiliklərinə bağlıdır.
5. Təbliğdə ilk öncə başqalarının düzgün etiqadlarına hörmətlə yanaşmaq, sonra nəzərdə tutulan yolu açıqlamaq lazımdır.
6. Tüğyan küfr üçün zəmin və müqəddimədir.
7. Tüğyan və küfr artıb-azala bilər.
8. Kitab əhlinin az bir qismi düzgün yoldadır.
9. İnadkar və kafir fərdlərə görə qüssə çəkmək yersizdir.
69. إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
"Həqiqətən iman gətirənlər, möminlər, yəhudilər, sabiilər, məsihilər, qiyamət gününə iman gətirib saleh iş görənlərin heç biri üçün qəm yoxdur.”
Quranda yəhudilər və məsihilər sözü ilə üç dəfə yanaşı işlənmiş «sabiilər» sözü səmavi dinlərdən birinə itaət edənlərə aiddir. Zaman ötdükcə onlar doğru yoldan azmış, ulduzların təsiri kimi əqidəyə, haqdan uzaqlığa və yanlış adət-ənənələrə uğramışlar.
Müxtəlif dinlərin ardıcılları yeni din gəldikdən sonra həmin dinə iman gətirməli idilər. Əgər son peyğəmbərə iman zəruri olmasaydı, onun gəlişi əbəs olardı. Müsəlmanlarla yanaşı İslam peyğəmbərinə iman gətirib saleh əmələ üstünlük verən yəhudilər, məsihilər və sabiilər üçün qorxu olmayacaq.
Bütün qədim dinlərdən yəhudi, məsihi və sabii dinlərinin adı çəkilir. Çünki bu dinlər ilahi din olmaqla haqqın dəvətinin qəbuluna başqalarından daha layiqdirlər.
1. Allaha və qiyamət gününə iman, peyğəmbərlərin risalətinin qəbulu səmavi dinlərin müştərək əsaslarındandır.
2. Bütün səmavi dinlərdə səadət ölçüsü iddia və ad yox, iman və saleh əməldir.
3. İman əməldən ayrı deyil.
4. Gerçək rahatlıq iman və saleh əməl sayəsində əldə olunur.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti