"Maidə" surəsi (66-67)
66. وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ
"Əgər onlar (yəhudilər və məsihilər) Tövrat və İncili, Rəbləri tərəfindən onlara nazil olanı bərpa etsəydilər, başlarının üstündən (səmadan) və ayaqlarının altından (yerdən) ruzi yeyərdilər. Onlardan bəziləri orta haldadırlar. Amma çoxlarının gördüyü iş pisdir.”
Nöqtələr
Əvvəlki ayədə insanın mənəvi və axirət səadətində imanın rolundan danışıldı. Bu ayədə imanın dünyəvi səadətdə, iqtisadi rifahdakı əhəmiyyəti qeyd olunur.
Əgər asimani kitab tərəfdarları Quran qarşısında da təslim olsaydılar və Quran qarşısında təslimçiliyi Bəni-İsrailin ərəb qövmü qarşısında təslimçiliyi saymasaydılar, bilərdilər ki, peyğəmbərlərin təlim üsulu eynidir. Tövrat və İncildən sonra nazil edilənə iman əvvəlki ilahi göstərişləri batil etmək yox, daha üstün sinfə adlamaqdır. Bu halda qiyamətdə axirət nemətlərindən əlavə, dünyada da çeşidli nemətlər əldə edilir.
Əvvəlki ayədə Allahın əllərinin bağlı olması haqqında yəhudilərin əqidələrindən danışıldı. Bu ayədə buyurulur: «Siz səmavi kitablara üz tutun, sonra mühakimə yürüdün ki, Allahın əlləri bağlıdır, yoxsa yox? Əgər sizin əzəmətiniz zillətə dönmüşsə, bunun səbəbi səmavi göstərişlərə arxa çevirməyinizdir. Bunu Allahın acizliyi və əlləri bağlı olması kimi yozmaq olmaz.»
"Əraf” surəsinin 96-cı ayəsi də bu ayənin oxşarıdır: "Əgər abadlıqların sakinləri iman gətirib təqva yolunu tutsalar, həqiqətən göyün və yerin bərəkət qapılarını onların üzünə açarıq.”
Sual: Səmavi kitabları uca tutmaq ruzini artırırmı?
Cavab: Ya Allah mükafat olaraq ruzini artırır, ya da səmavi kitabların özündə ruzini artırmanın təbii yolları göstərilir. Əgər səmavi kitablar əsas götürülsə, uyğun yollar ələ gətirilər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Yəhudilər yetmiş bir, məsihilər yetmiş iki firqə olar. Onlardan yalnız bir firqəsi behişt əhlidir.” Həzrət Əli (ə) nə vaxt bu hədisi həzrət Peyğəmbərdən (s) nəql edirdisə, hazırkı ayəni də tilavət edirdi.
1. Kitab əhli bütün səmavi kitablara imanlı deyil. (Ayədəki "ləv” sözü imtina göstəricisidir.)
2. Təhrif olunmamış səmavi kitablar bütün hərəkətlərdə əsas qanun, mehvər və göstəricidir. Bu kitablar daim bayraq tək uca tutulmalıdır.
3. Başqalarını İslama dəvət edərkən onların düzgün etiqadlarını alçaltmayın.
4. Səmavi kitabı oxumaq mühüm deyil, bu kitablardakı hökmləri yerinə yetirmək zəruridir.
5. Bütün səmavi kitablar möhtərəmdir.
6. Quran təkcə müsəlmanlar yox, bütün ümmətlər üçündür.
7. İslam xalqın rifahına da diqqət yetirir.
8. Dini göstərişlərə diqqət maddi həyatda da fayda verir.
9. Varlıq nizamında insanların imanı torpağın məhsuldarlığında və yağıntıda, əhəmiyyətli rola malikdir.
10. Günahkar cəmiyyət insanı günaha məcbur etmir. Günahkar toplumların arasında da düz yolda qalanlar var.
11. Səmavi kitablara əməl edərkən orta yol tutulmalıdır. Nə ifrat, nə də təfrit səmərəlidir.
12. Bir cəmiyyətin, bir irqin, bir məntəqənin, bir məzhəbin bütün fərdlərini istisnasız olaraq suçlamaq olmaz.
13. Cəmiyyətin çoxluğu haqlı olmaq nişanəsi deyil.
67. يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
"Ey peyğəmbər! Rəbbin tərəfindən (Həzrət Əlinin (ə) vilayəti və canişinliyi haqqında) sənə nazil olanı elan et. Əgər belə etməsən, ilahi risaləti çatdırmamısan. (Bil ki, Allah səni xalqdan (onun şərindən) hifz edər. Həqiqətən, Allah kafir qövmü hidayət etməz.”
Bu ayə qarşıda bəyan olunacaq dəlillərə əsasən Həzrət Əlinin (ə) canişinliyi, onun vilayət məqamına təyini haqqındadır. Bu hadisə hicri onuncu ildə həzrət Peyğəmbər (s) həcc səfərindən qayıdarkən Qədir-Xumda baş vermişdir. Maraqlıdır ki, bu ayə səmavi kitabların nüzulundan danışan iki ayə arasında bəyan olunmuşdur. Belə bir nəticə çıxarmaq olar ki, məsum rəhbərlə səmavi kitabın yerinə yetirilməsi arasında möhkəm bir bağlılıq var. Bəli, səmavi kitabı həyata keçirə bilən şəxs məhz imamdır. Həqiqi imamı isə Allahın kitabı tanıtdıra bilər.
Bütün şiə təfsirçiləri Əhli-beyt (ə) rəvayətlərinə əsaslanaraq və bəzi sünni təfsirçiləri həzrət Əlinin (ə) Qədir-Xumda vilayət və imamətə təyin olunmasını ayənin nümunələrindən saymışlar. Maraqlıdır ki, "Əl-mənar” təfsirinin müəllifi uyğun hədisi Əhməd, Termizi, Nəsayi və İbn-Macənin kitablarından etibarlı sənədlə bəyan etmişdir. Sonra iki cümlə ilə, öz düşüncəsinə əsaslanaraq uyğun hədisi şübhə altına almışdır: Qeyd etmişdir ki, vilayət dedikdə dostluq nəzərdə tutulur. (Müəllif yaddan çıxarmışdır ki, dostluğun beyətə, təbrikə, Qədir-Xumdakı dəbdəbəyə heç bir ehtiyacı yoxdur) Müəllif qeyd edir ki, əgər Həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra imam və rəhbər seçilmişdirsə, nə üçün bu təyinatını bəyan etmirdi?! (Müəllif "Nəhcül-bəlağə”də və digər mənbələrdə Həzrət Əlinin (ə) bu məsələni dəfələrlə qeyd etdiyini nəzərdən qaçırır. Sanki həzrət Əlinin (ə) uyğun məsələ ilə bağlı fəryadlarını eşitməmişdir.)
Quranda yalnız bu ayədə həzrət Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, əgər bu bəyanatı gizləsə, iyirmi üç il ərzində dedikləri hədərə gedəcək. Bu xəbərdarlıq uyğun məsələnin mühümlüyünü göstərir.
Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: "Əgər sənin vilayətin haqqında buyuruqları xalqa çatdırmasam, bütün əməllərim məhv olar.”
Bu aydəki bir neçə nöqtə onun mahiyyətini aydınlaşdırır:
1. "Maidə” surəsi həzrət Peyğəmbərin (s) ömrünün axırlarında nazil olmuşdur.
2. Ayədə "ey peyğəmbər” əvəzinə "ey rəsul” təbiri işlədilmişdir. Bu isə mühüm bir risalətdən danışır.
3. Ayədəki "bəlliğ”, yəni elan et təbiri məsələnin qətiliyini, rəsmiliyini və mühümlüyünü göstərir.
4. Peyğəmbər bu mühüm bildirişi çatdırmayacağı halda bütün zəhmətlərin hədərə getməsi ilə hədələnir.
5. Həzrət Peyğəmbər (s) işin sonundan ehtiyatlandığı üçün Allah onu xalqın şərindən qoruyacağı ilə arxayınlaşdırır.
6. Peyğəmbər öz canından qorxmur. Həzrət təkbaşına bütlərlə mübarizə apardığı, savaşlarda müşriklərlə üzləşdiyi vaxt təhlükələrdən qorxmurdu. Həmin vaxtlar ona daş atırdılar, ətrafındakılara işkəncə verirdilər. İndi ömrünün sonunda, ətrafında bir bu qədər tərəfdarı olan halda nədən qorxmalı idi?!
7. Ayədə əhəmiyyət baxımından elə bir bildirişdən danışılır ki, uyğun buyuruq bütün əvvəlki buyruqlara bərabər tutulur. Və o, bəyan olunmayacağı təqdirdə bütün əvvəlki bildirişlər puç sayılır.
8. Ayədə əsaslı bir məsələdən danışılır. Əks-təqdirdə cüzi və fərdi məsələlərə görə bir bu qədər hədələməyə və təsəlliyə ehtiyac olmazdı.
9. Ayənin bildirişi tövhid, nübüvvət və məada aid deyil. Çünki bu əsaslar besətin ilk günlərində Məkkədə bəyan olunmuşdu və həzrətin ömrünün sonlarında onların bir daha tapşırılmasına ehtiyac yox idi.
10. Namaz, oruc, həcc, zəkat, xüms və cihad buyruqları ötən iyirmi üç ildə bəyan olunduğundan, bu bildirişi həmin hökmlərə aid etmək olmaz. Uyğun buyuruq bəyan olunarkən yuxarıda sadalanan dini hökmlər yerinə yetirilirdi. Həmin hökmlərin icrası ilə bağlı narahatçılıq yox idi. Belə isə, həzrət Peyğəmbərin (s) ömrünün sonlarında bəyan olunan bu məsələ nədir?
Bir çox şiə və sünni rəvayətləri məsələni aydınlaşdırır. Rəvayətlərdə deyilir: Ayə həzrət Peyğəmbərin (s) "hiccətul-vida” səfərinə, hicri onuncu il, zil-hiccə ayının on səkkizinci gününə aiddir. Həzrət Mədinəyə qayıdarkən Qədir-Xum adlanan məkanda Allahın əmri ilə dayanmaq göstərişi verdi. Hamı onun ətrafına toplandı. Həmin yer suyu, kölgəliyi ilə hicaz istisində dayanmaq üçün gərəkli bir yer idi. Bu yerdə Məkkə, Yəmən, İraq, Şam, Mədinə, Həbəşə karvanları bir-birlərindən ayrılırdı.
Qədir-Xumda həzrət Peyğəmbər (s) çoxsaylı tərəfdarlarının arasında minbərə qalxaraq uzun bir xütbə oxudu. Xütbə tövhid, nübüvvət və məad məsələləri ilə başlandı. Bu mövzular yeni bir mövzu deyildi. Xütbədəki yeni məsələ həzrət Peyğəmbərin (s) öz vəfatı haqqında xəbər verməsi idi. Həzrət müsəlmanların diqqətini özünə çəkdi. Hamı onun kəramətini, əzəmətini, xidmətini və risalətini etiraf edirdi. Həzrət Peyğəmbər (s) səsinin bütün ətrafdakılara çatdığına əmin olduqdan sonra gələcəklə bağlı bəyanatını açıqladı. O buyurdu: "Mən kimin mövlasıyamsa, Əli (ə) da onun mövlasıdır.” Beləcə, həzrət Peyğəmbər (s) özündən sonra həzrət Əlinin (ə) canişinliyini elan etdi. Amma həzrətin vəfatından sonra həzrət Zəhra (s) müsəlmanların qapısına gedib onlara Qədir-Xumdakı buyuruqları xatırladarkən ona deyirdilər: "Biz Qədir-Xumda uzaqda idik və peyğəmbərin səsini eşitmirdik.” Aman haqqın gizlədilməsindən, qorxudan, vəfasızlıqdan, peyğəmbər qızına yalandan! Aman!
Bəli, insan iki şahid vasitəsi ilə öz haqqını alır. Amma Həzrət Əli (ə) on minlərlə şahidi olduğu halda haqqını geri qaytara bilmir. Aman dünya məhəbbətli qəlblərdən, Əliyə (ə) tuşlanmış Bədr, Xeybər, Hüneyn kin-küdurətindən! Aman!
İmam Baqir (ə) buyurmuşdur: «İslam beş əsas üzərində bərqərardır: Namaz, zəkat, oruc, həcc, Əhli-beytin (ə) vilayəti. Vilayət qədər diqqət mərkəzində dayanan məsələ yoxdur. Amma xalq həmin beş əsasdan dördünü qəbul edib, vilayətdən uzaq düşdü.»
İmam Riza (ə) buyurmuşdur: «Allah-təalanın Peyğəmbərə (s) zamin olacağını buyurduğu bu ayə nazil olduqdan sonra o həzrət hər cür təqiyyəti özündən uzaqlaşdırdı.»