"Ali-İmran” surəsi (119-120)
119. هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
"(Ey müsəlmanlar,) bu sizsiniz ki, onları dost tutursunuz. Amma onlar sizi dost tutmurlar. Halbuki siz bütün (səmavi) kitablara iman gətirmisiniz, (amma onlar sizin kitabınıza iman gətirmirlər.) Sizinlə rastlaşdıqda (münafiqcəsinə) deyirlər: Biz iman gətirdik. Elə ki, (öz aralarında) xəlvətə çəkilirlər, sizə olan qəzəblərindən barmaqlarının ucunu gəmirirlər. De ki, «öz qəzəbinizlə ölün!» Həqiqətən, Allah sinələrdə olanlardan agahdır.”
1. Düşmən ruhiyyəsinin müəyyənləşdirilməsi və insan meylinin səbəbləri çox dəqiqdir. Ona görə də ayənin başlanğıcında xəbərdarlıq və tənbeh məqsədi ilə "ha” təbiri işlədilmişdir.
2. Dostluq qarşılıqlı olmalıdır. Dostluğa meyl göstərməyənlə dostluğa can atmaq alçaqlıq səbəbidir.
3. Müsəlmanlar bütün əvvəlki səmavi kitablara inanırlar. O biri dindən olanlar isə Qurana inanmırlar.
4. Hər "iman gətirdim” sözünə arxayın olmayın.
5. Elə düşünməyin ki, sizin məhəbbətiniz düşmənin qəlbindəki kini aradan qaldırar.
6. Daxili stimullar xaricdən qaynaqlanır.
7. Düşmən sizə qəzəbli yox, qeyzlidir. Qeyz o zaman yaranır ki, insanın köksü qəzəblə dolmuş olsun.
8. İlahi yardımlardan biri müsəlmanlar üçün düşmən ruhiyyəsinin açıqlanmasıdır. Bu ruhiyyə ifşa olduqda, müsəlmanlar qəflətdən qurtulub ayıq-sayıq ola bilər.
9. Öz düşmənlərinizi əskildin (alçaldın).
10. Bəzən həsəd və kin kimi psixoloji hisslər insanı ölüm sərhədinədək aparır.
11. İslam əziyyətçil münafiqlərlə yekrəng kafirlərdən də sərt rəftar edir.
12. Bəzən nifrət və nifrini elan etmək lazım gəlir. Kinli kafirlər və hiyləgər münafiqlər məhv olmağa layiqdir.
13. Kafirləri cəzb etmək bəhanəsi ilə onlara məhəbbət göstərməyin. Bəzən kafirlərlə yaxınlığın səbəbi tamah, qorxu və ya satqınlıq olur.
14. Allah qəlblərin sirlərindən xəbərdardır.
Əgər inansaq ki, Allah hər şeydən xəbərdardır, hiylə və yalana əl atmarıq. Fitnəkar münafiqlər də bilsinlər ki, Allah onların əməllərindən xəbərdardır və vaxtında cavab verəcək.
120. إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
"Əgər sizə bir yaxşılıq çatsa, bu onları qəmgin edir. Əgər sizə pislik üz versə, onlar bundan şadlanarlar. Əgər (onların qarşısında) səbir etsəniz və təqvalı olsanız, onların bədxah hiylələri sizə heç bir zərər toxundurmaz. Həqiqətən, onların gördüyü işlər Allahın əhatəsindədir.”
Bu ayə dost-düşməni tanımaq yolunu bəyan edir. Bu işdə ən yaxşı yol müsəlmanlara bir xeyir və ya zərər toxunduqda onların keçirdiyi hisslərə, düşdüyü hallara diqqətdir. Xarici siyasətdə də bəyanatlara, tərəfdaşlıqlara, təbriklərə, təkziblərə, növbənöv köməklərə və təbliğata diqqət zəruridir.
Əvvəlki ayələrdə müsəlmanlara sifariş olundu ki, düşmənlə yoldaşlıq etməsinlər, dostluq əlaqələri qurmasınlar. Bu ayədə buyurulur: Bu rəftar mənfi reaksiya doğura bilər və düşməni sizin üzərinizə qaldırar. Ona görə də siz səbir və təqva əhli olmalısınız ki, onların hiylələri sizə zərər toxundurmasın.
1. Düşmən o qədər həsədçildir ki, sizə zərrəcə xeyir gəlsə, bu onu narahat edir.
2. Düşmənin nüfuz yolu ya bizim qorxu və tamahımız, ya da təqvasızlığımızdır. Səbir və təqva düşmənin məğlubiyyət yoludur.
3. Bizim inkişafımızdan narahat olan həsədçilərin qarşısında səbir və təqvadan başqa çarə yoxdur.
4. Allah düşmənlərin ruhiyyəsini ifşa etməklə həm də müsəlmanlara ruhiyyə verir, onları ayıq olmağa çağırır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti