Peyğəmbər məktəbləri arasındakı fərq iki ustad və ya hakimin proqramları arasındakı fərq kimidir. Onlar elmi və siyasi məsələlərin əsasında vahid cəhətə malikdirlər. Amma cüzi məsələlərdə şagirdlərin və ya məntəqələrin fərqli cəhətlərini nəzərə alaraq fərqli proqramlar irəli sürürlər.("Təfsire-Məraği”.)
Həzrət Əli (ə) buyurmuşdur: "Allah əvvəlki peyğəmbərlərdən əhd aldı ki, xalqa İslam peyğəmbərinin besəti və xüsusiyyətləri haqqında xəbər versinlər. Onlara həzrət Məhəmmədi (s) qəbul etmək əmr olundu.("Təfsire-Məcməül-bəyan”. ) İmam Sadiq (ə) buyurmuşdur: "81-ci ayədəki "caəkum rəsulun musəddiqun” təbiri İslam peyğəmbərinə işarədir.”("Təfsire-Nurus-səqəleyn”.)
1. İlahi rəhbərlikdə əhd almaq məsuliyyət tapşırmaq, vəzifəyə təyin etməyin şərtidir.
2. Harada iş çətindirsə, əhd almaq zəruridir. Mövcud ayin və sünnədən üz çevirmək və yeni zühur etmiş şəxsə iman gətirmək sadə məsələ deyil. Ona görə də Allah əhd alır.
3. Son peyğəmbərin gəlişi qətidir. Ona görə də bəzi peyğəmbərlərdən yox, bütün peyğəmbərlərdən əhd alınmışdır.
4. Nübuvvət cərəyanı təfriqə səbəbi yox, vəhdət əsasıdır.
5. Peyğəmbərlər müştərək hədəfə malik olmuşlar. Ona görə də əvvəlki peyğəmbərlər sonrakı peyğəmbərin gəlişni müjdə verirdilər. Onların hər biri özündən sonrakı peyğəmbərə iman və yardımı əhd etmişlər. Sonrakı peyğəmbərlər də əvvəlki peyğəmbərləri təsdiq etmişlər.
6. Qədimdəkilər yeniləri təhvil götürür, onları xalqa tanıtdırır, gələcəkdəkilər üçün inkişaf zəminəsi hazırlayırdılar.
7. İman təklikdə kafi deyil, həm də himayə lazımdır.
8. Peyğəmbərlər arasında mərtəbələr silsiləsi var. Son peyğəmbər ("xatəmən-nəbiyyin”) onların şərəflisidir. Ona görə bütün peyğəmbərlər ona iman gətirib, onu himayə etməlidirlər.
9. Əgər əvvəlki peyğəmbərlər İslam peyğəmbərinə iman gətirməli və onu himayə etməlidirlərsə, onların ardıcılları da eyni cür hərəkət etməlidirlər.
10. İmandan qaynaqlanan himayə dəyərlidir.
11. Ən əsası təslim ruhuna malik olmaq və haqqı qəbul etməkdir. Əməl üçün şərait yaranmaya da bilər. Əvvəlki peyğəmbərlər İslam peyğəmbərinin dövrünü görmədilər. Amma həmin ruhiyyəyə malik idilər. Məsələn, şəhid olmaq bir məsələdir, şəhadətə hazır olmaq isə başqa bir məsələ. Allah-təala İsmailin qanının axıdılmasını istəmir. Amma istəyir ki, İbrahim öz övladını qurban verməyə hazır olsun. Bəlkə də biz həzrət Məhdinin (ə) zühur dövrünü görməyək. Amma zühur intizarı, həzrətə eşq və əlaqə onlarla ayə və rəvayətlərdə sifariş olunmuş bir səciyyədir.
12. Əhdini pozan günahkardır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti