"Ali-İmran” surəsi (79-80)
79. مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ اللّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادًا لِّي مِن دُونِ اللّهِ وَلَـكِن كُونُواْ رَبَّانِيِّينَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ
"Allahın Kitab, hökm və nübuvvət verdiyi heç bir bəşər (və peyğəmbər) xalqa deyə bilməz ki, «Allah əvəzində mənə bəndə olun.» Lakin siz keçmişdə kitab təlim-tədris etdiyiniz üçün rəbbani olun.”
Peyğəmbərlərin digərlərindən fərqləri budur ki, onların ətrafındakıların sayı artdıqca xalqı Allaha bəndəliyə daha çox dəvət edərlər. Heç vəchlə tövhid yolunu dəyişməz, əksinə öz xəbərdarlıqlarını gücləndirərlər. Amma mənfəət güdən dəvətçi ilk öncə müqəddəslik donu geyib ürək yanğısı ilə işə başlayır. Qüdrətə çatdıqdan sonra isə onlar öz istibdadlarını və zülmlərini gücləndirirlər.
Rəvayətdə nəql olunur ki, öz qullarınıza "əbdi” (mənim qulum) yox, "fəta” deyin. Qullar da öz ağalarına "rəbbi” yox, "səyyidi” (mənim ağam) desinlər.("Təfsire-Qurtubi”. )
Əgər peyğəmbərə pərəstiş etmək qadağan olunmuşsa, başqalarına pərəstişdən danışmağa dəyməz. Bəndəlik amili mənəvi səciyyələr olmadıqda, meydanı maddi səciyyələr tutur.
"Rəbbaniyyun” sözü "rəbbani” sözünün cəm forması olub Allahla möhkəm bağlılığı olanlara deyilir. Belələri başqalarının islah və tərbiyəsi yolunda çalışırlar.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənə münasibətinə görə iki dəstə həlak oldu: 1. Məni bəşər həddindən yuxarı qaldıran ifratçı ardıcıllar; 2. Mənim peyğəmbərliyimi qəbul etməyən insafsız düşmənlər. Hər iki dəstə məndən uzaqdır.” Həzrət İsa da öz ardıcıllarına belə bir xəbərdarlıq etmişdir. Bu məna "Nəhcül-bəlağə”də Həzrət Əli (ə) tərəfindən də zikr olunur. Başqa bir məqamda həzrət peyğəmbər buyurur: "Məni olduğumdan yuxarı qaldırmayın. Həqiqətən, Allah məni peyğəmbər qərar verməmişdən öncə bəndə yaratmışdır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.("Təfsire-Nurus-səqəleyn”. )
Həzrət Peyğəmbər (s) bu ayə haqında buyurmuşdur: "İstər azad olsun, istərsə də bəndə, bütün müsəlman kişi və qadınların Allah tərəfindən müəyyən olunmuş vacib vəzifəsi vardır. O da budur ki, Quranı öyrənib, onun haqqında düşünsünlər.(Təfsire-fi zilalil-Quran”. )
1. Mövqedən, sevgidən və məsuliyyətdən sui-istifadə etmək qadağandır.
2. İnsana kitab, hikmət və nübuvvət verilməsi onu insanlıqdan xaric etmir.
3. Peyğəmbərlərin məqsədi bəşəriyyəti təkcə şirkdən xilas etmək deyil. Peyğəmbərlər bəşəriyyəti rəbbani bir mərhələyə inkişaf etdirmək üçün çalışırlar.
4. Rəbbani yol sufilik və guşənişinlik yox, din elmi və kitab dərsi ilə əldə olunur. (Təfsire-fi zilalil-Quran”. )
5. Əgər elm və bilik insanı rəbbani edə bilməmişsə, demək, o elm elm olmamışdır. ("Təfsire-Safi”. )
6. Rəbbani alimlər Quranın həqiqi təfsirçiləridirlər.
7. Səmavi kitabların təlim və tədrisi daimi olmalıdır.
8. Müəllimlik peyğəmbər peşəsidir.
80. وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ
"(Allah) sizə əmr etməz ki, mələkləri və peyğəmbərləri özünüzə Rəbb seçəsiniz. Allaha təslim olduqdan sonra mümkündürmü ki, O sizə kafir olmağı əmr etsin?!”
1. İstənilən bir kəs tərəfindən şirkə istənilən növ dəvət qadağandır.
2. Küfr təkcə Allahın inkarı deyil. İstənilən bir məxluqu Rəbb saymaq küfrdür.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti