“Bəqərə” surəsi (239-240)
239. فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا فَإِذَا أَمِنتُمْ فَاذْكُرُواْ اللّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ
"Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.”
Quranda bəzən "səlat” yerinə "zikr” sözü işlədilmişdir. Məsələn, cümə namazı haqqında buyurulur: "Allahın zikrinə tələsin.” Başqa bir yerdə Allah-təala Musaya buyurur: "Namaz qıl ki, məni zikr edəsən.” Bu ayədə də məqsəd namazdır.
Bəli, namazın fəlsəfəsi və ruhu Allahın xatırlanmasıdır.
Bu ayədə döyüş şəraitində və fiqhdə adı çəkilən başqa şəraitlərdə qılınan qorxu namazına işarə olunmuşdur.
Hədislərdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) Əhzab döyüşündə işarə ilə namaz qıldı. Həzrət Əli (ə) bəzi savaşlarda işarə ilə namaz qılınması göstərişi vermişdi. Bir şəxs imam Kazimdən (ə) soruşdu: "Əgər yırtıcı bir heyvan bizə hücum etsə və namazın vaxtı dar olsa nə edək?” Həzrət buyurdu: "Hansı vəziyyətdəsinizsə, həmin vəziyyətdə də namaz qılın.” Hətta arxanız qibləyə olsa da!”("Kafi”, c. 6, s. 105. )
1. Namaz heç bir halda insanın boynundan götürülmür.
2. İslamda çətinlik və sıxıntı yoxdur. Bədəni aram saxlamağa, üzü qibləyə dayanmağa şərait olmadıqda və digər şərtlər ödənmədikdə, qayda əsasında namaz qılmaq vacib olmur.
3. Namaz nemətlərə şükürdür.
4. İnsan bir çox bilmədiyi məsələləri təcrübədə əldə edə bilər. Bəzi məlumatlar isə yalnız və yalnız vəhy yolu ilə əldə oluna bilər.
240. وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِّأَزْوَاجِهِم مَّتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِيَ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ
"Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.”
Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yəni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.
Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yəni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.("Təfsiri-Ruhul-Məani”. )
1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
3. Dul qadının gələcəyi təmin olunmalıdır.
4. Qadın yeni ər seçimində ağıllı, şəri və məsləhətli qərar çıxarmalıdır.
5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti