1. Hökmlərin yüngülləşdirilməsi və asanlaşdırılması İslam dininin xüsusiyyətlərindəndir.
2. Danışıqda ədəbi gözləmək Quranın xüsusiyyətlərindəndir. "Rəfəs” yaxınlıq məsələləri haqqındakı söhbət mənasındadır. Bu ayədə həmin söz yaxınlıq mənasında işlədilmişdir.
3. Nə vaxt bir yolu bağlamaq istədinizsə, şəri bir yolu açıq saxlayın. Çünki Allah Ramazan günü yaxınlığı qadağan etsə də, gecələr bunu caiz saymışdır. (Cinsi yaxınlıq hər ayın əvvəlində məkruh olsa da, Ramazan ayının əvvəlində müstəhəbdir. Bəlkə də bunun səbəbi əvvəlcə insanların təmini, sonra onlardan vəzifə tələbi olmuş olsun.)
4. Gündüz ibadət və gecə şəri ləzzət İslam dininin əhatəli olduğunu göstərir.
5. İslam təbii ehtiyaclara diqqətlə yanaşır.
6. Qadın və kişinin bir-birlərinə ehtiyacı ikitərəflidir. Onların hər biri təbii ehtiyacların ödənməsində o birinə möhtacdır.
7. Allah insanların ən cüzi işlərindən də xəbərdardır.
8. İnsan xətaya yol verəndir və ondakı cinsi meyl güclüdür.
9. Allahın əmrindən çıxmaq özünüzə qarşı xəyanət və zülmdür.
10. Övladlarınızın oğlan və qız olmasını Allah üçün vəzifə müəyyənləşdirməyin.
11. Cinsi yaxınlıq da məqsədli olmalıdır.
12. İslami hökmlərin meyarı ümumi, təbii və sadə meyarlardır. Sübh ağartısını və ya gecənin qaralmasını hər bir şəxs istənilən bir yerdə təyin edə bilər.
13. İbadətlərdə müəyyənləşdirilmiş vaxtların roluna diqqətsiz olmayın.
14. Etikaf məsciddə ibadət üçün qalmaqdır. Mötəkif şəxs həm də oruc tutmalıdır.
15. Günahın qarşısı alınmalıdır. Quran buyurmuşdur: Günaha yaxınlaşmayın. Çünki günaha yaxınlaşmaq günaha batmaqla yanaşıdır.
16. Təqva ilahi hökmlərin fəlsəfəsidir. Oruc təqva üçündür. Şəri cinsi yaxınlıq da təqvaya xatirdir.
17. İlahi göstərişlərə əməl inkişaf və təqva üçün zəminədir.
188. وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ
"Bir-birinizin malını öz aranızda haqsız yerə yeməyin. Xalqın malını günah yolla yemək üçün varınızı hakimlərə, qazılara boşlamayın. Bir halda ki, özünüz bilirsiniz (ki, xilaf edirsiniz).”
"Tudlu” qabı quyuya buraxmaq, boşlamaq mənasını verir. Bu ayədə qazıya rüşvət verilməsi də ona oxşadılmışdır. "Əmvalun-nas” dedikdə isə həm ümumi, həm də xüsusi mal nəzərdə tutulur. Rüşvət xalqın qeyri-mali haqqının alınması üçün veriləndə də qadağandır.
Rüşvət bir çox ictimai fəsadlara malik böyük günahlardandır. Ədalətsizlik, zəif təbəqənin ümidsizliyi, zorlularının cürətlənməsi, hakim və qazilərin fəsadı, qarşılıqlı etimadın puça çıxması rüşvətdən doğan fəsadlardandır.
Bu mənfi əsərlər nəzərə alınmaqla rəvayətlərdə rüşvət ciddi şəkildə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) həzrət Əliyə xitabən buyurmuşdur: "Ey Əli, ölmüş heyvanı satmaqdan əldə olunan qazanc, it, şərab, zina, rüşvət eynidir və haramdır.”("Vəsail”, c. 12, s. 63. ) Eləcə də, həzrət Əli (ə) "Maidə” surəsinin qırx ikinci ayəsi ilə bağlı buyurmuşdur: "Rüşvətxor o kəslərdir ki, xalqın çətinliyini həll edib, bunun müqabilində hədiyyə alırlar.”("Nəhcül-bəlağə” xütbə 131. )İmam Sadiq (ə) rüşvəti Allaha qarşı küfr həddində tanıtdırır. Həzrət Peyğəmbər (s) rüşvəti verənə, onu alana və vasitəçilik edənə lənət edərək buyurdu: "Rüşvət sahibinə behişt qoxusu çatmaz.”
Digər bir hədisdə oxuyuruq: Xalqın çətinliklərinə münasibətdə biganə olan hakimdən Allah Öz lütfünü pərdələyər. Xalqın işini görmək üçün hədiyyə qəbul etsə zəncirlənər, əgər rüşvət alsa müşrik olar.”("Nəhcül-fəsahə”, hikmət 2693. )
Həzrət Əli (ə) rüşvət alan şəxsi vilayət haqqından məhrum sayır.("Nəhcül-bəlağə” xütbə 224. ) Həzrət digər bir yerdə buyurmuşdur: Bütün rüşvət alanlar qorxuya, iztiraba və nigarançılığa düçar oldular.”("Nəhcül-fəsahə” hikmət 539. )
Bəziləri öz işlərinə don geyindirmək üçün rüşvətə min bir ad qoyurlar. Kimi onu hədiyyə, kimi də zəhmət haqqı kimi qəbul edir. Əşəs ibn Qeys adlı bir şəxs hədiyyə adı ilə həzrət Əliyə (ə) halva gətirmişdi. O ümid edirdi ki, bu yolla məhkəmədə İmam (ə) onun xeyrinə qərar çıxara. İmam buyurdu: "And olsun Allaha! Əgər yeddi iqlimi mənə bağışlasan ki, arpa qabığını haqsız yerə qarışqanın ağzından alım, bu iş olmayacaq.”("Təfsiri-Bürhan”, c. 1, s. 190. )
Bir şəxs İslam peyğəmbərinə dedi: "Mən müəyyən işlərin məsuliyyətini daşıyıram. Xalq isə mənim üçün hədiyyələr gətirir. Bu məsələyə münasibətiniz necədir?!” Həzrət onun cavabında buyurdu: "Necə olur ki, bizim işçilərə hədiyyə gətirilir?! Əgər onlar evdə otursaydılar, onlara hədiyyə verilərdimi?!”("Təfsiri-Məcməul-bəyan”, c. 2, s. 509. )
1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır.
2. Cəmiyyət vahid bir bədən kimidir.
3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz.
4. İslam xalqı öz mallarının sahibi bilir.
5. Bilərəkdən azğınlıq təhlükəlidir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti