“Bəqərə” surəsi (159-160)
159. إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ
"O kəslər ki, Kitabda xalqa bəyanla nazil etdiyimiz aşkar dəlil və hidayət vasitələrini gizləyirlər, Allah onlara lənət edər və bütün lənət edənlər onlara lənət oxuyar”.
Hazırkı ayə yəhudi və məsihi alimlərini nəzərdə tutsa da, "gizlədirlər” təbirinin işləndiyi zaman bu işin bütün ört-basdır edənlərə aid olduğunu göstərir. Necə ki, Allahın neməti də əbədi davam edəcək.
Haqqı gizlətməyin də müxtəlif formaları ola bilər. Haqq bəzən susmaqla, həqiqətin bəyan edilməməsi ilə, bəzən də yanlış yozum və xalqın başını başqa işlərə qatmaqla pərdələnir. Başı qatılmış xalq isə əsil məsələlərdən xəbərsiz qalır. Bəzən isə möminlər və din qardaşlarının eyblərini gizləmək vacib və ya müstəhəb olur.
Gizlətmə günahı çox vaxt alimlərə aid olur. "Ali-İmran” surəsinin 187-ci ayəsində buyurulur ki, Allah həqiqətin xalqa bəyan olunması haqqında kitab əhlindən əhd almışdır. Rəvayətdə isə belə bildirilir ki, qiyamət günü haqqı gizlədənlərin ağzına cilov taxılacaq.
1. Etiqadi zülm ən pis zülmdür. Belə bir zülm Allahın və Onun yaratdıqlarının lənətinə gəlir.
2. İstər möcüzə və dəlil olsun, istərsə də tövsiyə və nəsihət, haqqı gizlətmək qadağandır. ("Ə`raf”, 38. )
3. Haqqı gizlətmək ən böyük günahdır. Çünki belə bir günah xalqın doğru yolu tapmasına, gələcək nəsillərin azğınlıqdan qorunmasına mane olur.
4. Haqqın gizlədilməsi Allahın dininə və xalqın hidayət haqqına zülmdür. Ona görə də haqqı gizlədənlərə Allah və insanlar lənət oxuyur.
5. Xalqın nifrin və lənəti çox təsirlidir. Xalqın bu nifrətindən pis işlərin qarşısının alınması üçün istifadə edilməlidir.
160. إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ
"İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam.”
Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahibinə qaytarılmasıdır. Burada da həqiqəti gizlətməklə elm dünyasına, düşüncə və nəsillərə xəyanət etmiş kəs yalnız həmin həqiqətləri açmaqla günahını yuya bilər.
Allah şeytana buyurdu: "Mənim lənətimə gələsən.”("Yusuf”, 101. )Növbəti ayədə isə haqqı gizlədənlərə lənət oxunur. Demək, haqqı gizlədənlər də şeytanla bir cərgədə dayanır.
1.Allah xatakarlar üçün bütün şəraitlərdə tövbə və geri qayıdış yolu qoymuşdur.
2. Dini həqiqətlərin gizlədilməsi fəsaddır. Ona görə də tövbə edənə islah və nöqsanların aradan qaldırılması əmri verilmişdir.
3. Hər bir günahın tövbəsi onun özünə uyğundur. Haqqı gizlətməyin tövbəsi həqiqətin bəyanıdır.
4. Hədə və məzəmmət məqamında haqqı gizlədənlər lənətlənirsə, mehribanlıq məqamında "ənə”, "təvvab”, "rəhim” kimi sözlərlə əks münasibət bildirilir. Allah bildirir ki, O Öz xüsusi mehribanlığı ilə bağışlanma yolu qoymuşdur.
5. Fərd və cəmiyyətin tərbiyəsində günahkarın hədələnməsi və saleh əməl sahibinin müjdələnməsi iki mühüm əsasdır.
6. İlahi lütfün tövbə edənlərə şamil olunması daimi, qəti, və məhəbbətamizdir.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti