“Bəqərə” surəsi (137-138)
137. فَإِنْ آمَنُواْ بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
"Əgər onlar (da) sizin iman gətirdiyiniz kimi iman gətirsələr, şübhəsiz, hidayət olmuşlar. Əgər boyun qaçırsalar, bundan başqa cür deyil ki, onlar (haqla) düşmənçilikdədirlər. Allah onların şərini səndən dəf edər. O eşidən, biləndir."
Əgər kitab əhli, yəhudilər və məsihilər inadkarlıq və özünə qürrələnmə əvəzinə irqi və milli məsələləri bir kənara qoyub, siz müsəlmanlar kimi bütün peyğəmbərlərə və səmavi kitablara inansalar, şübhəsiz , hidayət olarlar. Amma əgər keçmişdəki kimi yalnız özlərini haqlı saysalar və başqalarını azğın bilsələr, haqla düşmənçilikdədirlər və haqdan ayrılacaqlar. Siz müsəlmanlar öz yolunuzda möhkəm olun, təhqir və qurğulardan qorxmayın. Çünki Allah onların şərini sizdən dəf edib, sizi himayə edər. Çünki O eşidən və biləndir.
1. Müsəlmanlar doğru yolu tapmışların gerçək nümunəsidirlər. Çünki onlar bütün peyğəmbərlərə, səmavi kitablara etiqadlıdırlar.
2. Allah müsəlmanları himayə və qane edəcəyini buyurmuşdur.
3. Yəhudi və məsihilərin iman gətirməmələrinin səbəbi onların inadkarlığı və düşmənçilik axtarmasıdır. Onların heç bir məntiqi və dəlili yoxdur. İmam Sadiq (ə) düşmənçiliyi küfr saymışdır.("Qəsəs”, 88. )
138. صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدونَ
"(Budur) ilahi rəng? Rəngdə Allahdan üstünü kimdir?! Biz yalnız Ona ibadət edirik.”
İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır.(Ayətullah Cavadi, "Təfsiri-mövzui”, c. 5, s. 132. "Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 136. ) İbadət və bəndəlik etdiyimiz Allahın rəngindən hansı rəng üstün ola bilər?!
Ən gözəl rəng səfalı və davamlı rəngdir. Bu rəng Allah övliyalarının diqqətini özünə cəlb edir. Bu rəng fitrət və məntiqə uyğundur. Onun müştərisi Allah, dəyəri isə behiştdir. Bütün rənglər, irq və qəbilə rəngləri gec ya tez məhv olub gedəsidir. Əbədi və davamlı olan isə ilahi rəng, yəni ixlas və imandır.
Hədisdə nəql olunmuşdur: Bir şəxs evinin divarında dəlik açırdı. İmam Sadiq (ə) ondan nə iş gördüyünü soruşur. Həmin şəxs cavab verdi: "İstəyirəm ocağın tüstüsü mənzildən bayıra çıxsın.” İmam buyurdu: "Bu işdə belə bir məqsədin də ola bilər ki, namazın vaxtını bilmək üçün otağa işıq düşməsini istəyirsən.” Yəni əgər divardan baca açılırsa, nə üçün məqsəd təkcə otaqdan tüstünün çıxması olsun?! Nə üçün insanın niyyəti mənzilə işıq düşməsi olmasın?!("Tövbə”, 105.) Bəli, hər bir işə ilahi rəng vermək olar.
İlahi yol birdir. Əgər ilahi rəng olmasa, başqa rənglər insanın ağlını əlindən alar. Əksəri azğınlığa düçar olmuş camaatla eyni rəngə boyanmaq özü qiyamətdə rüsvayçılıq və zəlillikdir.
1. Allaha iman, peyğəmbərlər və ilahi kitablara etiqad, Allaha təslimçilik ilahi rənglərdəndir. Əvvəlki və hazırkı ayələrdə bu məsələlərə toxunulmuşdur.
2. Ən üstün və ən gözəl rənglər ilahi rənglərdir.
3. Başqalarının yox, yalnız Allahın bəndəsi olmaq lazımdır.
Kitabın adı: Nur təfsiri (birinci cild)
Müəllif: Möhsin Qəraəti