Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
"Radikal və Radikalizm" - Elmi terminin faciəli aqibəti
Radikal – Nədir radikal və kimdir radikal? Bəzilərinin bilib bilmədən danışdığı, haqq-nahaq istifadə etdiyi bir söz...
Radikal fransız (bəzi kitablarda yunan (latın) ) sözü olub, köklü dəyişiklik tərəfdarı, mənasına gəlir. Əlbəttə bu onun ilk və bir mənasıdır. Bu söz müxtəlif elmi sahələrdə də istifadə edilmişdir.
Radikal sözü elmdə.
Radikal sözü Riyaziyyatda: “Kökalma əməliyyatını, eləcə də kökalmanın nəticəsini göstərən işarə (√).”
Radikal sözü Kimyada: “Bir birləşmədən digərinə dəyişikliksiz keçən atomlar qrupu.”
Radikal sözü Siyasətdə: “Baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs.”
“Radikallar partiyasının (sol siyasi partiyalardan birinin) üzvü, yaxud onun tərəfdarı olan şəxs (bu partiyaların proqramında dövlət çərçivəsində və onun mənafeyinə uyğun olaraq demokratik islahat irəli sürülür).”
Radikal sözü, lüğətdəki mənaları.
Radikal sözünün xüsusi mənası: - Radikal odur ki, fikir və ya əməldə həddi aşır. (Unutmayaq ki, hətta yaxşı işdə də həddi aşmaq olmaz.) (Bəqərə 256)
Radikal sözünü ümumi mənaları: ifrat siyasi görüşlər, qəti hərəkət və tədbirlər tərəfdarı, ekstremist, qorxmaz.
Radikal sözünün bir mənası da gördüyünüz kimi “qorxmaz”dır. Amma bu qorxmazlıq mənfi mənada istfifadə olunur. Bu qorxmazlıq əksər zamanlar elə faciələrə yol açır ki, nəinki bir şəxs bütün cəmiyyət ondan zərər görür. İnsanlarda qorxu hissinin olması fitri hisdir və bu ilahi bir nemətdir. İnsan əlini atəşə vurmağa qorxmasaydı əli yanardı. Vəhşi heyvandan qorxusu olmasaydı öz ehtiyatını tutmaz və çox asanlıqla vəhşi heyvanların yeminə çevrilərdi. Bütün həyatımızda bunun nümunələri vardır. Bəzən hansısa işləri etməməyimizin səbəbi onun nəticələrindən qorxduğumuza görədir. Hətta dini mənbələrimizdə də var ki, bir qisim insanlar məhz Allahdan – onun Cəhənnəmindən qorxduqları üçün ibadət edir. Onları ibadətə sövq edən səbəb yenə qoxudur. İslam qorxaqlığı bəyənmir. Amma heç bir şeydən qorxmamağı da bəyənmir. Hər bir işdə olduğu kimi orta yolu tutmağımızı buyurur.
Radikal sözünün qorxusuz mənasına gəlməsi, şəxsin yersiz qorxmazlığıdır. Özünə partlayıcılar bağlayaraq “mən qorxmazam” deyərək intihara getməyi qorxmazlıq yox, ağılsızlıq kimi dəyərləndirmək lazımdır. Radikal bir işin adı, radikalizm isə onun nəticəsi hesab oluna bilər.
Radikalizm - Dövlətin mənafeyi çərçivəsində demokratik islahat həyata keçirməyi tələb edən siyasi cərəyan; Radikalların dünyagörüşü, onların həyata keçirdikləri siyasət.
Nəzəri və təcrübi məsələlərin (xüsusən siyasi məsələlərin) həllində əsaslı qəti üsulların tətbiqi və bu üsulların müdafiə edilməsi.
Radikal sözü istənilən sahədə istifadə oluna bilər. İstənilən bir sahədə kəskin mövqe sərgiləmək və yalnız öz ideyasını nəyin bahasına olursa-olsun (doğru və yanlışlığa baxmadan) həyata keçirtməyin özü də radikallıq hesab olunur. Hətta bəzi xarici ölkələrdə “iqtisadi radikallıq” məfhumu mövcuddur.Bəzi ölkələrdə bu söz xüsusi isim kimi özünü göstərmişdir. Belə ki, bəzi bank və şirkət adlarının “Radikal” olduğunu müşahidə edirik. Yeri gəlmişkən qeyd edək ki, İslamda radikallıq yoxdur, və bu sözün İslam və din ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Bu sözün İslama aid edilməsi də, qeyri ənənəvi təriqətlərin bir çirkin oyunudur ki, buna toxunacağıq.
Alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi Karl Marks mövzu ilə bağlı deyir: “Radikal yəni, bir məsələnin kökünə - dərinliklərinə - getməkdir.”
Bir şəxs hər hansı bir mövzu barədə məlumatlı olmasa necə o məsələnin kökündə duran hadisələr barədə söz aça bilər? Necə o məsələlərin həlli yolunu tapıb, onu müxtəlif baxışlar baxımından təhlil edə bilər? Yalnız öz fikrini bəyənən və onu kəskin - radikal - şəkildə ortaya qoyan, necə müxtəlif fikirlərin içərisindən ən gözəlini seçə bilər?
Radikal şəxsin halı, xəstənin xəstəliyini aydınlaşdıra bilməyən və beləliklə də ona öz bildiyi yolla müalicə edən və bu yolda digər mütəxəssis həkimlərin rəy və fikirlərini öyrənməyən və səhv müalicə yolunu seçməklə cahilliyini yanlış əməlləri ilə gizlədən həkim kimidir.
Radikal şəxslərin bəzi xüsusiyyətləri.
Radikal şəxslər adətən mühafizəkar olurlar. Müasirliklə və həmçinin elmi-tərəqqinin inkişafı ilə heç cür barışa bilmirlər. Qeyri ənənəvi təriqətlər (sələfi-vəhhabilər)in nümayəndələri buna bariz nümunədirlər. Bir sıra dini ayinlərin icrasında yersiz kəskinlik nümayiş etdirərək “bunlar bidətdir,” peyğəmbər (s) zamanında belə şeylər yox idi” deyərkən, bəzi məsələlərdə (qısa balaq kimi) hələ də mühafizəkarlıqlarını qorumağa səy edirlər. Hələ də anlamırlar ki, Allah Rəsulunun (s) “paltarınızı qısaldın” əmri o zamanın şəraitinə uyğun olan bir əməl idi və dövrümüzlə ümumiyyətlə əlaqəsi belə yoxdur. Paltarı uzun geyinmək, onu yerlə sürümək o zaman, həmin cəmiyyətin təfəkkür tərzində özündən razılığın,təkəbbürün nişanəsi idi. Odur ki, İslam peyğəmbəri (s) onların əksinə olaraq, paltarın qısaldılmasını əmr edir. Yəni, əslində peyğəmbər (s) insanları təvazökarlığa dəvət edir. İndiki şəraitə nəzər salaq. Görək həqiqətən də paltarı qısaltmaq indiki cəmiyyətimizin təfəkküründə təkəbbürlük hesab olunurmu? Əlbəttə xeyr. Deməli, artıq bu əməl mühafizəkarlıq dairəsindən xaric olunaraq tərəqqiyə doğru getməlidir. Başqa sözlə, biz nəzər edib baxmalıyıq ki, təkəbbürün nişanələri indi nələrdir? Onları tapıb müasir həyatımızda o mənfi xislətlərdən uzaq durmalıyıq. Bu təfəkkürə sahib olanlar, hətta təsbehi də bidət – dinə əlavə - hesab edirlər. Baxmayaraq ki, təsbeh zikrlərin həyata keçirilməsində, habelə yadda saxlanılmasında alternativ vasitədir. Hər halda bu yersiz mühafizəkarlıq radikal düşüncəli şəxslərin bir növ xüsusiyyətinə çevrilib. Siz onlara nə qədər dəlil və isbatlar desəniz, əməli şəkildə mənbələr göstərsəniz, təcrübə bunu göstərir ki, təəssüfkeşlik kimi bir düşmən onlara həqiqətləri görməyə mane olur. Onlarla edilən müzakirələr əksər zamanlar nəticəsiz qalır. Bu cür mühafizəkarlıqla məsələyə yanaşanlara “gerici” də deyilir. Müasir zamanın tələblərini, keçmişə müraciət edərək həll etməyə çalışırlar. İnkişaf və elmi-tərəqqi ilə sanki ziddirlər. Bu mənfi xüsusiyyət barədə kifayət qədər danışmaq olar.
Radikal şəxslərdə olan ikinci xüsusiyyət isə onların öncəki xüsusiyyətləri ilə ziddiyyət təşkil edir. Öncəki mərhələdə dini mövzularda öz mühafizəkarlıqlarını qoruyanlar, öz dünya həyatlarının gedişatında əsasən bunun ziddinə əməl edirlər. Məsələn, sadə həyat tərzi deyil, lüks bir yaşayışa can atırlar. Onlar öncəki məsələdə mühafizəkarlıqda həddi aşdıqları kimi eyni mövzuda yenə də həddi aşırlar. Belə halda onlara “niyə sizdə peyğəmbər (s) kimi sadə yaşamırsınız? Bəs bu əməlləriniz bidət deyil?” dedikdə ya susur, yaxud özlərinin haqlılığını göstərmək üçün müxtəlif “dəlillərə” əl atırlar. Bu cür şəxslərin hər iki xüsusiyyətdə də orta yolu tuta bilmədiklərindən, əməlləri cəmiyyət tərəfindən zaman-zaman məzəmmət olunur. Onların ikinci xüsusiyyətini də ifratçılıq adlandırmaq olar. Bu ifratçılıq bir iddianı müdafiə edərkən də gözə çarpır. Belə ki, bir fikri sübuta yetirmək üçün həddindən artıq irəli gedərək ifratçılığa yol verirlər. Ədəb və əxlaqi normalara belə riayət etmirlər. Çox təəssüf ki, bu cür düşüncələrin əsirinə çevrilənlər özlərini müsəlman kimi qələmə verərək din və İslamın adına da ləkə gətirirlər. Bu cür şəxslər həm ölkə daxilində həmçinin xaricində mövcuddur. Özlərinə müxtəlif adlar seçərək fəaliyyət göstərən radikallar, məqsədlərinə yetişmədikdə daha təhlükəli yola əl atırlar. Onlar özlərini və əməllərini ənənəvi məzhəblərə aid etməklə məqsədlərinə daha tez çatmaq istəyirlər. Və beləliklə radikal sözünün İslam və müsəlmanlara aid edilməsində bu mənfi və məkrli addımın əvəzsiz rolu oldu. İslamla əlaqəsi belə olmayan “radikal” sözü, bu gün elə bir hala düşdü ki, “radikal” deyildikdə din və islam başa düşüldü. Elmi termin olan “radikal” faciəli aqibətlə üzbə-üz oldu. Və beləliklə də müasir zamanda “radikal” sözü əsl mahiyyətini tədricən itirdi və eybəcər səhnələrin adına çevrildi. Bəzən radikal sözü çox yersiz olaraq həqiqi İslama və müsəlmanlara da aid edilir ki, bu da yuxarıda qeyd etdiyimiz mənfi işlərin acı nəticəsidir. İslam dini sevgi, sülh və məhəbbət dinidir. Hətta dini və şəriət məsələlərini belə başqalarına çatdırarkən olduqca səmimi və məhəbbət dolu olmalıyıq. Təkfirçilik ruhiyyəsindən uzaq olmalı, biri fikrimizi qəbul etmədikdə belə məhəbbət bağlarını qoparmamalıyıq. Dini təbliğ edirik deyə bəzən insanlara əsəbləşmək, səsini ucaltmaq, “mən haqqam” deyərək müxtəlif söz və ifadələri işlətmək özü də o mənfi düşüncədən xəbər vermirmi?
Bu gün özlərini ənənəvi məzhəbə aid edənlər hətta dinin təbliğində də radikallığını aydın şəkildə göstərir, onlar kimi düşünməyənləri edam edirlər. Ötən illərin (2015) Ramazan və Qurban bayramında radikal düşüncənin əsiri olanlar elə çirkin işə əl atdılar ki, o çirkin işin vasitəsi ilə İslama qarşı da bəzilərində ikrah hissi oyandı. Belə ki, bayramı qan ilə elan edərək, müsəlman əsirlərinin başını kəsib video çarx vasitəsi ilə bütün dünyaya nümayiş etdirdilər. Özlərini din təbliğatçısı kimi qələmə verən bu radikal düşüncəli şəxslər dinin təbliğini elə eybəcər bir hala salıblar ki, bu mövzu üzərində bir qədər dayanmağı lazım bildim. Çünki, din necə təbliğ və nümayiş olunsa qarşı tərəfdə də dinə qarşı adətən o cür münasibət formalaşacaq. Əzizlər! Çalışaq ki, insanları dinə dəvət edərkən də səbr və təmkin yolunu seçək, Quran buyuran yolu özümüzə ülgü edək.
Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən
budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.” (Nəhl 125)
Bəli, ədəb və ərkan mütləq qorunmalı, qarşı tərəflə danışarkən mülayim olmaq lazımdır.Hətta qarşımızdakı kafir belə olsa. Məsələ daha da aydın olsun deyə Qurandan məsələ ilə bağlı bir hadisəni qeyd edək. Bildiyiniz kimi Firon Allaha üsyanı, və zülmkarlığı ilə həddini aşmışdı.İş o yerə çatmışdı ki, Firon özünü Allah elan etdi. (Naziat 24) Uca Allah o dövrün peyğəmbərini Hz Musa və qardaşı Harun (ə) Fironun yanına göndərərkən buyurduğu bu ayə çox ibrətamizdir. “Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).” (Taha 43-44) Deməli qarşı tərəflə kobud danışmaq, ədəb və ərkandan kənar olduğu kimi, Quranın prinsiplərinə də ziddir.
İnsanlarla fikir mübadiləsi apararkən diqqət edəcəyimiz bir məsələ təhqir və söyüş kimi nalayiq söz və hərəkətlərdən çəkinməyimizdir. Bu da Quranın istəyidir. Uca Allah buyurur: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.” (Ənam 108)
Deməli İslamı təliğ edərkən qarşı tərəfi təhqir edib söymək olmaz. Hətta qarşı tərəf kafir də olsa, hətta İslam libasına bürünmüş vəhhabilər də olsa. İslami dəyərləri qarşı tərəfə çatdırarkən təhqirdən qətiyyətlə uzaq durmalıyıq. Bu həm Qurana həm də əziz İslam peyğəmbərinin (s) əxlaqına ziddir.
Diqqət olunası bir məqamda bundan ibarətdir ki, qarşı tərəfə fikrimizi dəlil və subutlar əsasında təqdim etməliyik.Kor-koranə olaraq məcburi şəkildə inansanlara nəyisə qəbul etdirmək məntiqə və ağıla zidd olduğu kimi Qurana da ziddir. “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə.” (İsra 36)
Başqa bir mübarək ayədə Allah bizi dəlil və subutla danışmağa dəvət edərək buyurur: “De: Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.” (Bəqərə 111)
Digər bir ayədə isə bu mətləbə işarə olunaraq buyrulur: “(Ya Peyğəmbər,) de: Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik.”
Daha bir mühum məsələ bundan ibarətdir ki, qarşı tərəflə danışdığımız zaman, gətirdiyimiz subut və dəlillərə baxmayaraq əgər yenə də fikrimizi qəbul etmirsə, belə bir halda belə onu təhqir edib alçatmağa haqqımız yoxdur. Allah hətta bəzi yerlərdə peyğəmbərini (s) xristianlarla belə vəhdətə dəvət edərək buyurmuşdur: “De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq...” (Ali İmran 64)
Başqa bir ayədə isə belə buyrulur: “Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) sən mömin deyilsən deməyin...”
Radikallıq mənfi düşüncə tərzidir. Radikal şəxs istəyir ki, hamı onun kimi düşünə, onun təfəkkür tərzinə uyğun bir həyat yolu seçə. Radikal şəxslər başqalarının fikir azadlığına hörmət eləmir, yalnız öz fikrlərini doğru hesab edirlər.Onlarla həmfikir olmayanları hətta bəzən bir ölkənin əhalisini də bütünlüklə və çox asanlıqla ittiham edir, öz düşüncələrinə uyğun onlara cəzalar tətbiq edirlər.
Quran və rəvayətlərdə radikallığın – həddini aşmağın – məzəmmət olunması.
Radikallıq qoyulan hədd və sərhədi aşmaqdır. İstər təfrit istərsə də ifrat ola, hər iki halda da İslam bunu bəyənmir. Əksinə, İslam bizə bu ikisinin arasında orta yol tutmağı tövsiyə edir.
“Dində məcburiyyət yoxdur.” (Bəqərə 256)
...(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdiyi həddi) aşmaq olan hər kəsə itaət etmə! (Kəhf 28)
Odur ki, sənə əmr olunduğu kimi sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür. (Hud 112)
İslam heç bir məsələdə ifratçılığı sevmir. Dinimiz ibadət mövzusunda da həddi aşmamağı bizə tövsiyə edir. Hz peyğəmbər (s) səhabələrinə buyurdu: “Gücünüzün və taqətinizin yetdiyi qədər (nafilə) ibadət edin. Allaha xoş olan, çox əməl deyil, az olub davamlı olanıdır. (Buxari, İman, 16; Muslim, Salat, 283; Muvatta, Salatul-leyl, 4; Nəsai, Qiyamul-leyl 1) Allah Rəsulu (s) səhabələrinə xitabən dediyi bu kəlam məsələni necə də gözəl şəkildə aydınlaşdırır.
İslami mənbələrə baxsaq görərik ki, Allah Rəsulu (s) ölüləri kəfənə bükərkən belə lazımı qədər parçadan istifadə etməyi əmr edir. (Əbu Davud, Cənaiz 35)
İslam peyğəmbəri (s) bir dəfəsində Qurra sakinlərinə səslənərək buyurdu: “Ey Qurra camaatı! Doğru yolda gedin. Siz bir çox məsələlərdə önə keçənlərsiniz. Əgər (doğru yoldan ayrılaraq ifrat və təfritlə), sağa və sola meyl edəcək olsanız (pisliklərdə çox önə keçmiş) böyük bir zəlalətə düşmüş olacaqsınız. (Buxari, İtisam 2)
Başqa bir mübarək hədisdə yenə buyrulur: “Orta yolu tutun, gözəlliyə yaxın olanı axtarın. Günün müəyyən edilmiş hissələrində ibadət edin. Tədricən hədəfinizə vara bilərsiniz. Unutmayın! Heç kimsə (Allahın rəhməti olmasa) öz əməli ilə Cənnətə girə bilməyəcəkdir.” Bir nəfər soruşdu: “Sizdəmi ey Allahın peyğəmbəri?” Buyurdu: Bəli, hətta mən də.” (Buxari, Kitabul-mərza 1918)
Buxari və Nəsaidə gələn bir hədisdə “Bu din rahatlıqdır. Kimsə insanları çətinliyə salmaq, və həddi aşmaya səy göstərməsin.”
Əhməd bin Hənbəlin hədis kitabında gəlmişdir ki, Allah Rəsulu (s) buyurdu: “Siz mübaliğə ilə dində hədəfinizə çata bilməzsiniz. Dinin ən gözəl tətbiq üsulu sadə və rahat olanıdır.”
Ənəs bin Malik rəvayət edir: Bir neçə səhabə peyğəmbərin (s) evinə gələrək, onun ibadəti barədə xanımlarından xəbər aldılar. Məsələdən hali olduqdan sonra “Peyğəmbərlə (s) özümüzü müqayisə edə bilmərik. O kim, biz kim? Az ibadət də ona kifayət edər.” dedilər. Daha sonra onlardan biri dilləndi: “Bu gündən etibarən gecə namazını tərk etmərəm.” Digər biri: “Mən də ömrüm boyu oruc tutaram.” Başqa birisi dedi: “Mən də həyat yoldaşımla əlaqəmi kəsib, bir daha onlarla yaxınlıq etməyəcəyəm.”
Bu hadisədən xəbərdar olan əziz peyğəmbərimiz (s) onları bir yerə cəm edib buyurdu: “Eşitdim ki, siz bu cür sözlər demisiniz. Allaha and olsun ki, içinizdə, Allahdan ən çox qorxan və qadağanlarından ən çox çəkinən mənəm.Buna baxmayaraq bəzən oruc tutub bəzən yemək yeyirəm, bəzən ibadət edib bəzən yatıram, xanımlarla da əlaqəni kəsmirəm. Mənim yolum budur.Kim mənim yolumu bəyənməsə məndən deyildir.” (Buxari, Nikah, 1; Muslim, Nikah, 5: Nəsai, Nikah, 4;)
Radikal cərəyanlar.
Radikal cərəyanlardan nümunə çəkməzdən öncə bunu vurğulamaq yerinə düşərdi ki, radikallıq hansı cərəyanın daxilində olursa olsun mənfi bir işdir. Heç bir məzhəb, firqə bu işi ilə özünə haqq qazandıra bilməz. Ənənəvi məzhəblərdən istər şiə, istərsə də sünnilik daim radikal və radikal qüvvələrə qarşı olmuşdur. Bunu bilmək üçün tarixə baş çəkmək kifayət edər.
Mövzumuzda qeyd etdiyimiz kimi radikal həm də din və şəriət məsələlərində həddi aşana deyilir. Gəlin bir reallığı mövzumuz daxilində sizlərlə bölüşək. İnsanların əksəriyyətinin hər gün müraciət etdiyi sosial şəbəkələr, bu gün bəzən zərərli işlərin mərkəzinə çevrilir. Heç kimə sir deyil ki, bir çox zərərli, qeyri ənənəvi radikal qruplaşmalar da sosial mühitdən məharətlə istifadə edir, fikir və ideologiyalarını ən sürətli vasitə hesab olunan sosial şəbəkələr vasitəsi ilə yayırlar. Sosial şəbəkələrdə müşahidə olunan məzhəblərarası mühahisələrdə çox zaman ürəkaçan mənzərələr ilə nəticələnmir. Beləki, hər kəs öz məzhəb banislərinin müdafiəsinə qalxır və dəlillər gətirir. Ən acınacaqlı hal isə bundan ibarətdir ki, bəzən bu kəskin mübahisə iki ənənəvi məzhəbin (sünni və şiənin) arasında da baş verir. Əhli sünnə öz müqəddəs hesab etdiklərini müdafiə edərkən, şiə də onun müqəddəs bildiyini lənətləyir. Əlbəttə qeyd etmək lazımdır ki, həm şiə və həm də sünni alimləri bu edilən işləri qətiyyətlə pisləyir. Hər iki məzhəb alimləri aydın şəkildə fətvalar verib qeyd edirlər ki, sosial şəbəkələrdə qarşı tərəfin müqəddəslərini təhqir edib və lənət göndərmək olmaz. O fətvalara bir nəzər salaq.
Sual: Bəziləri sosial şəbəkələrdə və ya bəzi yığıncaqlarda əhli sünnə müqəddəslərinə açıq şəkildə lənət göndərir və ya təhqir edici sözlər söyləyirlər. Bu da qarşı tərəfdə haqlı narazılığa səbəb olur və bu da İslami vəhdətin pozulmasına xidmət edir. Sizin bu barədə fətvanız nədir?
Cavab: Salam. Ayətullah Xamenei dəftərxana:Müsəlmanlar arasında ixtilaf yaradan hər bir iş haramdır. Onları təhqir etməməlidirlər.
Cavab: Salam. Ayətullah Vəhid dəftərxana: Qeyd etdiyiniz işləri görməsinlər.
Cavab: Salam. Ayətullah Behcət dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Fazil dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Müsəlmanlar arasında təfriqə salan işlərdən çəkinmək lazımdır. Bütün müsəlmanlar düşmən qarşısında birləşməlidirlər.
Gördüyünüz kimi şiə aləminin böyük mərcəi-təqlidləri öz müqəllidlərinə, ardıcıllarına bu işləri görməmələrini əksinə, hər iki ənənəvi məzhəbin yeganə düşməni qarşısında birləşməyi tövsiyə edirlər. Eyni fətvaları əhli sünnə alimləri də vermişlər. Məsələn, "Əl-Əzhər" müftisi Şeyx Şəltuta və bir çox başqa alimlərə görə, cəfəri fiqhinə təqlid etmək dörd əhli-sünnə məzhəbinə təqlidlə eyni və mötəbərdir.
Elə isə, sosial şəbəkələrdə bir-birini lənətləyənlər kimlərdir? Böyük alimlərin birinin sözü ilə desək; “Müqəddəsləri ictimai yerlərdə təhqir edənlər nə sünnidirlər və nə də şiə. Onlar düşmən muzdurlarıdırlar.”
Bu gün bir şiə müctəhidlərin fətvasına məhəl qoymadan, “özüm bilərəm”, “öz işimdir”, deyib din adı altında ictimai mühitdə lənət yazmağı ilə vəhdəti pozursa, bilsin ki, bu əməl onu tədricən “radikallıq” (şəriət məsələlərində həddi aşmaq) bataqlığına sürükləyəcəkdir. Bu gün bütün İslam düşmənləri bu iki dəstəni (şiə və sünnini) aradan aparmaq üçün birləşib səy etdiyi halda, müsəlmanların öz düşmənlərini unudub bir-biri ilə çəkişməsi necə də ağıldan kənar bir addımdır. Bəzən bu məsələdə iş o həddə çatır ki, müctəhidin verdiyi fətvalar belə təhrifə məruz qalır, dəyişdirilir. Çox təəssüf ki, şiə və sünni adı altında gedən bu çəkişmədən yenə İslam ziyan çəkir. Ona görə də KİV-də tez-tez “radikal sünni”, “radikal şiə”, “radikal İslam” sözlərini eşdirik. Bunlar kökündən yanlış ifadələrdir. Biz nə sünnini nə şiəni və nə də onların hər ikisnin istinad mənbəyi –İslamı – radikal bilmirik. “İslam” sözünə radikal ifadəsin əlavə edənlər niyə unudurlar ki, İslam özü də radikallığa qarşıdır və bu məzmunda ayə və hədisləri qeyd etdik.İslam radikallığa qarşı olduğu və onunla müabrizə apardığı halda, necə ola bilər ki, onun mənsubları (sünni və şiə) radikal olsunlar? Bu mümkündürmü? Əsla. Əgər kimsə özünü bu ənənəvi məzhəblərə aid edib və radikallıq nümayiş etdirirsə ona “sünni” və ya “şiə” deyə xitab etməyin. Deyin: “O İslam libasına bürünmüş, düşmən muzudurudur.”
İslam dini tarix boyu radikallığın əksinə sülh və barış dini olduğubu əməli şəkildə isbat edib.
Əgər biri, (həkim olmadığı halda) əyninə həkim paltarı geyinib bir xəstənin ölümünə səbəb olursa biz bütün tibb müəssiəsni bu həkimə görə günahlandırıb şablon fikirlər səsləndirək? Eyni məsələni bütün mövzularda istifadə edə bilərik. Bu gün kimsə şiə və ya sünni libasını geyinib İslam adı altında Quranın, peyğəmbərin (s) və alimlərinin fətvalarına zidd mövqe tutursa onun İslamdan belə payı yoxdur. Bu mənanı əldə rəhbər tutub deyə bilərik ki, İslam və onun mənsubları radikal ola bilməz. Əgər radikaldırlarsa, onda İslama mənsub deyillər.
Radikal cərəyanlar dedikdə heç şübhəsiz ilk ağıla gələn “vəhhabilik” adı altında fəaliyyətə başlayan, daha sonra “sələfi,” “əhli sünnə vəl-cəmaət” və günümüzdə “İŞİD” kimi adı hallanan cərəyandır. Bir cərəyan barədə dolğun məlumata sahib olmaq üçün o cərəyanın qurucusunu və göstərdiyi “fəaliyyətə” bələd olmaq lazımdır. Elə isə gəlin ilk öncə vəhhabilik adı fəaliyyətə başlayan dırnaqarası təriqəti yaxından öyrənək.
Vəhhabilik necə və kimin əli quruldu?
İngilis casusu Mister Hemfin Əbdulvəhhabla tanışlığı və onu azdırması: Vaxtı ilə ingilislərin müstəmləkələrə çevirdiyi ölkələrə nəzarət etmək üçün 1710-cu ildə xüsusi bir nazirlik Müstəmləkələrə nəzarət nazirliyi (MNN) quruldu. Müstəmləkələrə nəzarət nazirliyi 10 nəfər casus təyin etdi ki, bunlardan biri də Mister Hemf idi. Bunların ilk tapşırığı iki maddədən ibarət olur;
1.Əlimizə keçmiş əraziləri əlimizdə saxlamaq. 2.Əlimizə keçməmiş əraziləri ələ keçirmək. Bunları Hindistan, Çin, Fransa, Rusiya kimi böyük dövlətlərə və əsasən müsəlman ölkələrinə (başda Türkiyə, Misir, İraq, Nəcəf və İran olmaqla) göndərirlər. Mister Hemf ilk olaraq Türkiyəyə-İstanbula gedir.İstanbulda Əhməd əfəndi aında bir alimlə tanış olur.Mister Hemf Əhməd əfəndiyə deyir: “Mənim valideynlərim ölüb, özümədə heç bir şey miras qalmayıb. İstəyirəm həm dini öyrənim, həm də işləyib pul qazanım. Əhməd əfəndi deyir: “Sənə üç səbəbdən ötrü hörmət lazımdır: 1. Sən müsəlmansan. Unutma ki bütün müsəlmanlar qardaşdılar. 2. Sən qonaqsan. Peyğəmbər (s) buyurur: “Qonağa hörmət edin.” 3. Sən işləmək istəyirsən. Çalışıb işləmək də savabdır.”
Mister Hemf iki il ərzində İslamı (Hənəfi fiqhini) və Quranı öyrənir. Cümə günləri isə bir dülgərin yanında işləyir. Həmçinin Əhməd əfəndi ona ərəbcə və türkcə dil dərsləri də keçir. Mister Hemf tez bir müddətdə Əhməd əfəndinin hörmətini qazanır. Əhməd əfəndi qızını ona vermək istəsə də o bundan imtina edir. İstanbulda öz işini bitirən Mister Hemf yeni tapşırıq almaq üçün Londuna gedir. Altı ay Londunda qalır və əmisi qızı Mariya ilə evlənir. Bu vaxt onun 22 yaşı olur.
MNN-yi Mister Hemfə iki maddədən ibarət yeni bir tapşırıq verir. 1.Müsəlmanların zəif nöqtələrini öyrənib, qarşı durma yaratmaq üçün onları qruplara bölmək. 2.Bunları etdikdən sonra ümumi
proqramı tədricən həyata keçirtmək. Tapşırığı alan Mister Hemf Bəsrə şəhərinə gəlir. Bu şəhərdə həm şiə həm də sünni olur. O, şiələrin də fiqhini öyrənir. Mister Hemf deyir ki; “Mən bir dəfə MNN-də dedim ki, əgər müsəlmanlar öz aralarındakı ixtilafı başa düşsəydilər, sünni şiə söhbətini aradan qaldıra bilsələr onlar birləşərdilər.” Mənə dedilər: “Sənin vəzifən bu ixtilafı qızışdırmaqdır onları birləşdirmək yox.”
Bir müddət Bəsrədə baqqal dükanında qalır və fars dilini öyrənir. Mister Hemf deyir: “Bir gün bir cavan oğlan iştirak etdiyim məclisə gəldi. O, ərəb fars və türk dilini bilirdi. O, son dərəcə çılğın, yüksək səslə danışan və əsəbi bir adam idi. Həmişə Osmanlı hökümətini pisləyərdi. Bu cavanın adı Muhəmməd ibn Əbdul-Vəhhab idi. O, zahirən özünü sünni kimi qələmə verirdi. Amma o əhli sünnənin dörd məzhəbdən olmasını qəbul etmirdi və deyirdi ki; “Quranda məzhəblər haqda heç bir dəlil yoxdur. O, peyğəmbərin (s) hədislərinə heç bir əhəmiyyət vermirdi. Əbdul-Vəhhab özünə güvənən və lovğa biri idi. Əbdul-Vəhhab deyirdi: “Peyğəmbər buyurub: “Mən sizin aranızda Quranı və sünnəni əmanət qoyuram.” Peyğəmbər deməyib ki; Mən Quranı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm.”
Mister Hemf deyir: “Mən axtardığımı tapmışdım. Əbdul-Vəhhabın alimlərə hörmətsizliyi, heç bir məzhəbə inanmağı, Quran və sünnəni öz fikirlərinə uyğun təfsir etməsi onun zəif cəhətləri idi. Onu yoldan azdırmaq çox rahat idi.”
Əbdul-Vəhhab Əbu Hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm” deyirdi. Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tərifləyərdim. Bir dəfə ona dedim."Sən Ömər və Əlidən daha böyüksən. Əgər peyğəmbər həyatda olsaydı səni öz canişini təyin edərdi. Mən İslamın sənin əlinlə genişlənib yüksələcəyini görürəm. İslamı bütün dünyaya ancaq sən yayacaqsan"
Mister Hemf deyir: Əbdul-Vəhhabla qərara gəldik ki, Qurana yeni bir təfsir yazaq. Elə bir təfsir ki, bütün təfsirlərə müxalif olsun. Bu işdə məqsədim onu tamam yoldan azdırmaq idi. Əbdul-Vəhhab da mənim etimadımı qazanmaq üçün dediklərimi qəbul edirdi. Bir gün ona dedim ki şərab haram deyil. O, mənə nə qədər Quran ayəsi və hədis gətirsə də mən hamısını inkar edib deyirdim. Yezid və onun kimi bəzi xəlifələr şərab içmişlər. Özünü onlarla müqayisə et. Gör onlar düz yoldadadılar yoxsa sən. Onlar Quran və sünnəni səndən daha yaxşı bilirdilər. Şərab Quranda haram yox, məkruhdur. Əbdul-Vəhhab bu sözlərdən sonra içki içir.
Mister Hemf bu barədə MNN (Müstəmləkələrə Nəzarət Nazirliyinə) xəbər verir. MNN- yi deyir: “Biz İspanyanı (Əndəlusu) da içki və zina ilə ələ aldıq.” Sözünə davam edən Mister Hemf deyir: Ona dedim: “Allah Quranda buyurur: "Rəbbinizi zikr etməklə səcdə edənlərdən ol." Bu ayədən belə nəticə çıxır ki namaz əvəzinə Allahı zikr etmək də olar. Əbdul-Vəhhab: “Düz deyirsən! Bəzi mötəbər şəxslər olub ki namaz əvəzinə Allahı zikr ediblər” dedi: Mister Hemf: Onun bu sözünə çox sevindim. Çünki, onda namaz haqda bu cür fikir yarada bilmişdim. Sonralar gördüm ki o namaza əhəmiyyət vermir, bəzən qılır bəzən qılmırdı. Əsasən sübh namazını qılmırdı. Mən iman libasını yavaş-yavaş onun əynindən çıxartdım. Mister Hemf bir müddət Əbdul-Vəhhabla bu cür təbliğat aparır və hər ay öz fəaliyyəti bağlı MNN-nə məlumat göndərir. Mister Hemf deyir: Bir gün ona yuxu gördüyümü söylədim. Dedim ki dünən gecə peyğəmbəri yuxuda gördüm. O bir kürsüdə əyləşmişdi. Sən içəri daxil olanda üzündən nur saçılırdı. Peyğəmbər sənin alnından öpdü və dedi: Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən. Sən dedin:Ya Rəsulullah! Mən öz elmimi insanlara açmağa qorxuram. Peyğəmbər buyurdu: Sən dahisən heç nədən qorxma. Əbdul-Vəhhab bu yuxuya o qədər inanır ki hətta Mister Hemfden bir neçə dəfə həqiqətən yuxunu görüb-görmədiyini soruşur.
Vəhhabilər belə bir şəxsin dalınca düşüblər ki, o içki içir, namaza biganə yanaşır (onu müstəhəb sayır). Bir sözlə Əbdul-Vəhhab Mister Hemfin əlində oyuncaq olmuşdu. Elə ki, Əbdul-Vəhhab Mister Hemfin yuxusunu eşidir. Bu yuxudan sonra o məzhəb qurmaq fikrinə düşür. Amma ilk öncə əhalinin ona qarşı çıxacağından qorxur və buna cəsarət etmir. Bundan xəbər tutan MNN-yi Əbdul-Vəhhaba lazım olan qədər pul hətta təhlükəsizliyini qorumaq üçün əsgər də göndərir.Bundan ürəklənən və cəsarətə gələn Əbdul-Vəhhab hicri qəməri 1143, miladi 1730-cu ildə öz çirkin fəaliyyətini yaymaq üçün tərəfdar yığmağa başlayır.Daha sonra Məhəmməd ibn Səud da ona qoşulur.Dini işlərə Əbdul-vəhhab, siyasi işlərə Məhəmməd ibn Səud rəhbərlik edir.Və beləliklə Dəriyyə şəhərində “Vəhhabi” firqəsi yarandı. Əbdul-Vəhhab Mister Hemfin iki planını həyata keçirdə bilmir. 1.Kəbəni dağıtmaq. 2.Quranın təhrif olunmuş variantını çap edib yaymaq.
Hərbi əməliyyatlar.
Əbdul-Vəhhab özünə dəstə düzəldərək İslama zidd fikirlərini yaymağa başlayır. Alimlər görəndə ki bunlar açıq-aşkar İslamla müharibə edir onları 1745-ci ildə həbs edirlər. Vəhhabilər 1785, 1797-1798-ci ildə Məkkə Mədinəyə hücum edib oranı işğal etmək isyədilər. Nəhayət 1800-cu ildə vəhhabilər şəhəri hər tərəfdən mühasirəyə alıb, şəhərin giriş və çıxışını bağlayırlar. Mühasirədə olan
Məkkə əhalisi şiddətli aclıq çəkir. Hətta iş o yerə çatır ki camaat it və pişik əti yeməli olur. Aclıq və çətinliyə dözə bilməyən əhali vəhhabilərlə müqavilə bağlayır.Bundan sonra vəhhabilər şəhərə daxil olub yeddi il orda hakimlik etdilər.Bu illər ərzində Kəbəyə qarşı hörmətsizlik olundu və insanlar yeddi il həcc ziyarətinə gedə bilmədilər. Həmçinin Mədinəyə hücum edərək İslam peyğəmbərinin (s) məzarı yerləşən müqəddəs otağı dağıdıb içində olan qiymətli əşyaları və xəzinəni qarət etdilər.Bütün bunlar o zaman baş verirdi ki Osmanlı dövlətinin daxilində parçalanma gedir, sultanlar tez-tez dəyişir, başqa dövlətlərlə müharibə aparırdı. Eləki Osmanlı dövlətinin başı müharibədən açıldı və gördü ki vəhhabilər Məkkə, Mədinə,Yəmən, Şam, Misir və Hicazı talan edib xaraba qoyurlar. 1806-cı ildə Sultan 2-ci Mahmud vəhhabilərin üzərinə Tosun paşanın komandanlığı ilə ordu göndərsə də döyüş məğlubiyyətlə başa çatır. Bu məğlubiyyətdən sonra Osmanlı dövləti 1807-ci ildə Məhəmməd Əli Paşanın başçılığı altında hazırlıqlı və mütəşəkkil bir ordu göndərir. Bu ordu vasitəsi ilə vəhhabiləri o torpaqlardan çıxarırlar. Vəhhabilər əvvəlki mərkəzlərinə Dəriyyə şəhərinə qaçırlar. Vəhhabilər insanların azad şəkildə onlara qoşulmadığını gördükdə zorla bu işi həyata keçirtməyə cəhd edirlər. Hər kim vəhhabiləri qəbul etmirdisı onları ayaqyalın şəkildə səhraya aparır və öldürməklə hədələyirdilər.Hətta onları qəbul etməyən lakin Quran oxuyub öyrətməklə məşğul olan insanlarında başlarını kəsirdilər.İş o yerə çatır ki vəhhabilər məscidə girib rüku və səcdədə olanları qətlə yetirirdilər.Məsciddə olan Quran və hədis kitablarını küçəyə ataraq onu ayaqlayıb keçirdilər. (Bu hadisələr hicri qəməri 1217-ci ildə baş verib).Vəhhabilərin bu işlərini görən İslam dünyasının görkəmli alimləri vəhhabiləri kafir adlandırırlar. Bu batil və azğın firqə yaranan gündən,dininə məhəbbət bəsləyən hər bir alim o,firqənin batil olması haqda kitablar yazıblar. Nümunə üçün bir neçəsini qeyd edirəm;
1.Əbdul-Vəhhabın qardaşı Şeyx Süleyman yazdığı "Əssəvaiqul- ilahiyə fi rəddi ələl vəhhabiyyə.
2. Ən-nuquluş-şəriyyə fi rəddi ələl vəhhabiyə-Şeyx Həsən ibn Ömər Şətta Hənbəli Dəməşqi.
3.İzhaqul batil fi rəddi ələl vəhhabiyə - Məhəmməd ibn Davud Həmədani.
4.Əd-dururus səniyyə fi rəddi ələl vəhhabiyyə-Şeyxul-islam və Məkkənin böyük müftisi Əhməd Zeyni Dehlan.
5.Ər rəddu ələl vəhhabiyyə- Məhəmməd Cavad Bəlaği.
6.Əl intimar lil-əvliyail əbrar-Taifli Şeyx Tahir Hənəfi.
7.Vəhhabilərə cavab-Şeyx Mehdi ibn Məhəmmədəli İsfəhani.
8.Əssəvaiqu vər ruud-Əfifuddin Abdullah ibn Davud Hənbəli.
9.Vəhhabilər- Əli Əsğər Fəqihi.
10.Əbdul vəhhabın ustadı Məhəmməd ibn Süleyman da onun əleyhinə bir məqalə yazıb. O məqalə Şeyx Süleymanın kitabına əlavə olunub. Həmçinin digər müəllimi Abdullah ibn Əbdul Lətif Şafai "Təcridu Seyfil cihad, limuddətik ictihad"adlı kitabında onu tənqid edir.
Bu məlumatları, bu kitablardan da əldə edə bilərsiniz.
1.İngilis casusunun etirafları və ingilislərin İslamla düşmənçiliyi. (İngilis dilindən tərcümə edən M.Siddiq Gümüş-türkcə 1999).
2.İslam həqiqətlərini öyrənək, vəhhabi toruna düşməyək. (Düşmənin İslamı necə yıxaq adlı planı) – Türkcədən çevirən Muhəmməd İntixabov -2009.)
3.Vəhhabilik nədir və vəhhabilər kimdir? (Kitabça -2004, Şəki)
Vəhhabilik bu gün.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra, vicdan azadlıqları ilə bağlı hüquqlar bərpa olunmaya başladı. Məscid və kilsələrin azad fəaliyyətinə rəsmən icazə verildi. Konstitusiyamızın 18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, insan şəxsiyyətini alçaldan və insanlıq prinsiplərinə zidd olan dini baxışların isə qadağanlığı göstərilir. Bundan sui-istifadə edərək bir sıra setka və cərəyanlar da Azərbaycanda öz ideyalarını yaymağa cəhd edirlər. Bəziləri öz ideyalarını öz adları (xristian missionerləri, krişnaçı rahiblər, satanist setkalar və s) ilə təbliğ edərkən, bir sıra cərəyanlar isə (sələfi-vəhhabilik, nurçuluq və s) İslam adı altında məkrli planlarını həm daxildə və həm də xaricdə həyata keçirməyə başladılar. Etiraf etmək lazımdır ki, radikal cərəyanlar adətən xaricdən maliyyələşir və bir çox hallarda onların fikir və düşüncələrini ölkədə bu və ya digər hallarda yaymağa başlayırlar. İngilis casusu Mister Hemferin xatirələrinə nəzər saldıqda bunu aydın şəkildə görə bilirik.
Sələfi-vəhhabilik bu gün ölkə daxilində əvvəlki illərdə olduğu kimi sərt və kəskin təbliğat apara bilməslər də, ölkədən xaricdə cəm olaraq din adı altında öz çirkin oyunlarını həyata keçirtməyə nail olurlar. Bununla yetinməyərək Azərbayacan və eləcə də digər qonşu ölkələrə səslənərək onları “cihada” səsləyirlər. Bu təbliğat öz bəhrəsini təəssüf ki verir və bəzi rayon və şəhərdlərdən xarici ölkələrə səfər edirlər. Pul, vəzifə və ya cihad eşqinə düşüb gedənlərin əksəriyyəti döyüşlər zamanı
öldürülür qadın və uşaqları bu günkü adı ilə İŞİD-çilərin xidmətçisinə çevrilir. Daha açıq desək cinsi istismara məruz qalırlar. Bu gün İŞİD adı ilə fəaliyyət göstərən sələfi-vəhhabilər olduqca çirkin bir mənzərə yaradırlar. Diqqət edin! Bu radikal düşüncəli şəxslər, “Allahu Əkbər” deyərək, “Lə iləhə İlləllah” deyərək insan başını kəsir və çox təəssüf ki, bu proseslər “İslam” adı ilə həyata keçir. Əsl problem elə buradadır. Öz məkrli oyunlarına din və İslamı alət etmək ən çirkin bir addımdır. Odur ki, KİV-ri, həmçinin bizlər bu məkrli planların İslam adına yazılmaması üçün əlimizdən gələni etməli, maarifləndirici tədbirlər keçirtməliyik. Ümid edirik ki, bir gün bütün dünya bu radikallara İslam adı ilə yox, elə onların öz layiq olduqları adı ilə çağıracaq və bu fitnələrə uymayacaq.
Nurçuluq- Öz sözünü Quran sözü ilə eyniləşdirən cərəyan.
Nurçuluq XX əsrdə Türkiyəli din mübəlliği Bədiüz-zaman Səid Nursinin (1878-1960) yaratdığı ideoloji cərəyanın adıdır. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. “Nurçu” sözünün həm “Səid Nursi tərəfdarı”, həm də “nur ideologiyasının ardıcılı” mənasını daşıdığını söyləyirlər. Nurçular öz təbliğat şəbəkələrinin iş prinsipini “hizmət” (xidmət) adlandırırlar. Nurçuluğun əsasları Səid Nursinin “Risaleyi-Nur” külliyatında ifadə edilmişdir. “Risaleyi-Nur” 130 müstəqil risalədən (kitabdan) ibarətdir. Nurçular bu kitabın Allah tərəfindən Səid Nursiyə ilham edildiyini, Qurani-kərimin ən gözəl təfsiri olduğunu və ümumiyyətlə, Qurandan sonra ən mükəm¬məl kitab sayıldığını iddia edirlər. Nurçuluqda Qurandan və sünnədən sonra ən əsas dini qaynaq “Risaleyi-Nur” sayılır. Nurçula¬rın hər biri “Nur məktəbi”nin şagirdi hesab edilir. Səid Nursi, "Sikkeyi Təsdiqi Qeybi" adlı risaləsində öz yazdıqlarını Quranla eyni sayır, özünü Allahla danışan peyğəmbərlərlə bərabər tutur. Və risalədə belə bir şərh gətirir: "Risaleyi Nur"u Allah Qurani-Kərimdə imzalamışdır. Hz Məhəmməd başda olmaqla, Hz. Əli, Əbdülqadir Geylani, Mühitidin Ərəbi və o biri böyüklər də Risaleyi Nura imza qoymuşlar."
Səid Nursi (Saidi Kürdü), "Sönməz Risaləsi"ndə bu sözlərlə "Risaleyi Nur"u tərifləməkdədir : "Risaleyi Nur Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir... Risaləyi Nura kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz."
Səid Nursiyə görə Risaleyi Nur ona Allah tərəfindən bilavasitə endirilmişdir. "Bədiüzzaman Cavab Verir, 1960" adlı əsərində də "Risaleyi Nur, Səid Nursiyə Allah tərəfindən verilmişdir." deyilir. Nursinin "Məsnəvini Nuriyyə" adlı yazısında isə bu ifadələr vardır :
"Risaleyi Nur Quranın bir möcüzəsi olduğundan hər şeydə bir mərifət pəncərəsi açmışdır. Bu kitab Qurana aid bir sirri həll edərək bir illik bir işi bir saatda bitirəcək vəziyyətə gəlmişdir... Risaleyi Nur Musa peyğəmbərin əsası kimi hara dəydisə oradan su çıxarmışdır." İslam dininə görə başda insan olmaqla, bütün yaradılmışlar öz dillərin tərəfindən Allahın adını xatırlayarlar. Səid Nursi isə baxın bu mövzuda nə deyir: "Risaleyi Nuru yalnız quşlar deyil, göydə və yerdə olan bütün varlıqlar alqışlar."
Səid Nursi yazılarının bir çoxunda özünün bəzi yerlərdə üstü örtülü, bəzi yerlərdə isə çox açıq şəkildə Allahla vasitəsiz danışdığını vurğulayır. Onun "Xidmət Rəhbəri" dediyi yazısında bu ifadələr vardır :
"...Amma onda (Risaleyi Nurda) yazılanlar Quranın tayıdır. Hamısı Allahdandır... Peyğəmbərimiz Qurani Kərimin yalnız bir tərcüməçisi idi. Ustad da (Səidi Kürdü) Risaleyi Nurun yalnız bir tərcüməçisi kimidir." "İman Həqiqətləri" başlıqlı yazısında isə bunu deyir : "Risaleyi Nur peyğəmbərimizin risalətini yəni peyğəmbərliyinin bir mirasını ustada verər."
Risaleyi Nurun "Xidmət Risaləsi" hissəsində yazılan bu sözlər də maraqlıdır :
"Risaleyi Nura etiraz edilə bilməz. Ediləcək hər etiraz ən ulu kəslərdən, Kutbu'l Əzəmdən də gəlsə diqqət edilməməlidir."
İslam terminologiyasında Kutbu'l Əzəm peyğəmbər deməkdir.
"Qurani Kərim və Risaleyi Nur, Rəhman və Rəhim olan Allahın nazil etdiyidir. Qurani Kərim və Risaleyi Nurun enməsi əziz və hakim olan Allahdandır."
"Və o nur həm Qurani-Kərimdir, həm də Risaleyi Nurda.""
"Risaleyi Nurun 129 parçası Qurandan uzanan elektrik telinin ucuna ilişən 129 elektrik lampası kimidir."
İslam dininin və Qurani Kərimin necə təhriflərə uğradılaraq Nurçuluq adlanan bu sayıqlamanın Allahın buyurduğu kimi göstərməyə çalışıldığı açıqca ortadadır.
Səid Nursi "Nur Meyvələri" adlı əsərində də belə yazır :
"Risaleyi Nuru oxumaq və ya yazmaq alim olmaq üçün kifayətdir, başqa məlumata ehtiyac yoxdur."
Səid Nursiyə görə "Risaleyi Nur, ona xidmət edənləri ən başda Nur tələbələrini mütləq cənnətə aparacaq." Orta əsrlər Avropasında kilsələr də zəngin kəslərə böyük pullar qarşılığında cənnətdən torpaq satırdılar.
Nurçuluq hər hansı dini özəllikli və ya sırf sufi təmayüllü cərəyan deyil. Bu, daha çox təfsirə dayaqlanan, əxlaqi və ictimai yönümlü bir hərəkat¬dır. Nurçular fiqhi məsələlərdə hənəfidirlər. Lakin
fiqhi yanaşma onlarda prioritet cəhət deyil. Ənənəvi sünni məzhəblərində güclü olan sxolastika və şəriətçilik onlarda demək olar ki müşahidə edilmir.
Nurçuluqla sufilik arasında da fərqli və oxşar cəhətlər mövcuddur. Belə ki, sufilikdən fərqli olaraq, nurçuluqda xüsusi zikr qaydaları, riyazət, xirqə almaq, çilə və sairə bu kimi ayinlər yoxdur. Amma nurçuluqdakı Səid Nursi kultu onu sufilikdəki mürşid iyerarxiyasına yaxınlaşdırır.
Nurçuların fəaliyyətində missionerlərə xas olan cəhətlər aydın görünür. Belə ki, hər bir nurçu (“Nur məktəbi”nin şagirdi) mütləq Qurandan sonra “Risaleyi-Nur”u oxumalı, bu kitabı başqaları üçün də təbliğ etməli, “Nur məktəbi”nə yeni şagirdlər gətirməlidir. Nurçuların əqidəsincə, Quranı “Risaleyi-Nur”¬suz anlamaq mümkün deyildir. Bununla belə, nurçular İslam dininin qaydalarına və ibadət əməllərinə sadiqlikləri ilə seçilirlər.
Nurçuluq hərəkatında Səid Nursi kultu güclüdür. Bu hərəkatın ardıcılları Peyğəmbərin buyurduğu bir hədisə əsasən, hər əsrin başında İslamın ənənələrini dirildən, ümməti hidayət edən bir din rəhbərinin gəldiyini və XX əsrdə bu missiyanın Allah tərəfindən Səid Nursiyə həvalə olunduğunu iddia edir¬lər.
Səid Nursinin təlimlərində İslamın rəmzlərlə şərhinə (təvilə) böyük önəm verilir, əbcəd hesabı və sairədən geniş istifadə edilir. Nursiyə görə, Quran ayələrinin fərqli məna qatları vardır. Hətta onun bəzi Quran ayələrini əbcəd hesabına uyğunlaşdıraraq, hicri 1545-ci, miladi 2120-ci ildə qiyamətin qopacağını xəbər verdiyi də söylənilir.
Səid Nursi Türkiyədə respublika quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qar¬şı çıxmış, əsərlərində dini dövlət modelini müdafiə etmiş, buna görə də Türkiyə hökuməti tərəfindən təqiblərə məruz qalmışdı. Bəzi müəlliflər onun kürd mənşəli olduğunu söyləməklə, əslində Türkiyə daxilində müstəqil kürd dövləti qurmaq ideyasına xidmət etdiyini yazmışlar. Tarixdən məlumdur ki, Səid Nursi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə qarşı mənfi münasibətdə olmuş, hətta onu Dəccal adlandırmışdı. Bununla belə, Səid Nursi siyasi həyata dərindən qatılmamış, heç bir siyasi partiyanı və qrupu müdafiə etməmiş, dövlət ifarəçiliyinə öz ardıcıllarını yeritmək fikrində olmamışdır. Bu, Fathullah Gülənin xətti ilə klassik nurçuluğun arasında olan əsas fərqli cəhətlərdən biridir.
Nurçuluq hərəkatı Səid Nursinin vəfatın¬dan sonra bir neçə şaxələrə bölündü. Xosrov Altınbaşakın başçılığı altında bir qrup “Risaleyi-Nur”un yalnız ərəb əlifbası ilə və əllə yazılmasını caiz bilir, bu kitabın çap olunmuş variantda oxunmasını düzgün saymırlar. Bunlara “yazıçılar” qrupu deyirlər. Əks mövqedə duran “oxuyucular” qolu isə “Risaleyi-Nur”un mətbəələrdə latın əlifbası ilə çap olunub xalq arasında yayılmasını dəstəkləyir. Bunlardan əlavə, nurçuluğun əsasən, öz liderlərinin adı ilə adlandırılan Kutlular (Yeni Asya), Sunqur Ağabey, Kırkıncı Hoca, Said Özdemir, Mehmet Fırıncı (Nesil), Abdullah Yegin, Mehmet Kürdoğlu kimi şaxələri də vardır. Bu şaxələrin bir qismi kitab nəşrinə (əsasən, “Risaleyi-Nur” külliyyatının çapı və yayımı), bir qismi qəzet və jurnal nəşrinə, bir qismi televiziya və radio yayımçılığına üstünlük verir. Türkiyədə bir neçə iri nəşriyyat, qəzet, radio kanalı bunların əlindədir. Bəzi şaxələr qapalı şəkildə fəaliyyət göztərir. Onların təşkil etdiyi kurslarda (dərsanələrdə) nurçuluq təlimi öyrədilir. Fəthullah Gülən tərəfin¬dən idarə edilən şaxə də təhsil istiqamətində daha geniş fəaliyyət göstərir, KİV-də, vəqf qurumlarında, bank sistemində və dövlət orqanlarında hərə¬katın şəbəkəsini yaradır.
Hal-hazırda böyük qalmaqallara səbəb olan Fəthullah Gülən hərəkatı nurçuluğun bir qoludur. Bəziləri bu hərəkatla klassik nurçuluq arasında prinsipial fərqlərin olduğunu iddia edərək, Fəthullah Güləni nurçuluq təlimini təhrif etməkdə təqsirləndirirlər. Zənnimizcə, Fəthullah Gülən hərəkatının klassik nurçuluqla bəzi fərqli cəhətləri olsa da, bu fərqləri şişirtmək və bu iki cərəyanı bir-birindən tamamilə ayırmaq düzgün deyil. Gülənçi hərəkatla klassik nurçuluq arasındakı əsas fərqliliklər siyasi baxış tərzində və təbliğat metodlarındadır. Belə ki, Bədiüz-zaman Səid Nursi siyasi proseslərə dərindən nüfuz etməməyə üstünlük verir, hökumətə qarşı öz narazılığını əsasən şəriət hökmlərinə əməl edilməməsi üzərində motivasiya edirdi. Səid Nursinin təlimlərində yalnız Türkiyədəki layik hökumət deyil, kommunizm və imperializm də tənqid edilir. S.Nursi bütün dünyada dinin arxa plana keçməsindən, sosialist və kapitalist quruluşların hakimiyyətə gəlməsindən narahat idi. O, bunları axirəz-zamanın əlamətlərindən, Dəccalın gəlişini tezləşdirən səbəblərdən biri olaraq dəyərləndirirdi. Çıxış yolunu Qurana sarılmaqda, onu düzgün şəkildə (yəni “Risaleyi-Nur”da göstərilən formada) anlamaqda, dini maarifi artırmaqda görürdü.
Fəthullah Gülən hərəkatı isə siyasi proseslərə daha fəal və çevik reaksiya verməsi ilə seçilir. Türkiyədə və hizmət şəbəkəsinin qurulduğu sair ölkələrdə iş adamlarını öz tərəfinə çəkmək, özəl təhsil şəbəkəsi vasitəsilə kadrlar yetişdirmək, lazım gələrsə şantaj və sairə üsullardan yararlanmaq, şəbəkənin imkanlı üzvlərindən bəzən qeyri-qanuni və qeyri-əxlaqi yollarla ianələr əldə etmək onları başqa nurçulardan fərqləndirən əsas cəhətlərdir.
Klassik nurçuluq İslam qanunlarına daha sadiqdir. Məsələn, təsəttür (qadınların hicabı) məsələsində S.Nursi sırf dini münasibət göstərir və hicabı dəstəkləyirdi. F.Gülən isə təsəttürü füruatdan, yəni İslamın ikinci dərəcəli, qeyri-vacib əmrlərindən sayır.
Fəthullah Gülənin liderlik etdiyi hərəkatda sair nurçu qollardan fərqli olaraq, Səid Nursi kultu daha az hiss olunur. Hətta Fəthullah Gülənin özü çıxış və yazılarında Səid Nursini ən zəruri hallarda xatırladır və onu “Bədiüz-zaman” ləqəbi ilə deyil, “Hazreti-Pir” işarəsi ilə təqdim edir. Burada “Risaleyi-Nur”la yanaşı, hətta bəlkə ondan daha artıq dərəcədə Fəthullah Gülənin kitabları və “vaaz diskləri” təbliğ edilir. Yüz il bundan əvvəlki Osmanlı ləhcəsində qələmə alınmış “Risaleyi-Nur”un gülənçilər tərəfindən müasir üsluba çevrilib yayımlanması da onları qalan nurçulardan fərqləndirir.
Digər nurçu qollarının Fəthullah Gülənə qarşı irəli sürdüyü ittihamlardan biri də bundan ibarətdir ki, Səid Nursi həyatı boyunca mübarizə aparmış, təqiblərə baxmayaraq dirəniş göstərmiş və mühacirət etməmişdir. Amma Fəthullah Gülən 1999-cu ildən bəri ABŞ-də məskunlaşıb. Türkiyənin mübarizə səhnəsini tərk edib xaricə getməsi bir çoxlarının, o cümlədən, bəzi nurçu liderlərinin onu qorxaq və xain adlandırmasına səbəb olmuşdur.
Nurçuluq hərəkatı 1965-91-ci illər arasın¬da Türkiyədə qadağan edilmişdi. 1991-ci il¬dən bəri nurçular ölkə ərazisində yenə sər¬bəst fəaliyyət göstərirlər. Son aylarda Türkiyədə baş verən məlum hadisələr nəticəsində nurçuluğa, xüsusən də onun F.Gülənçi qoluna qarşı təzyiqlər başlayıb. Türkiyədən əlavə, Azərbaycan, Rusiya, Orta Asiya dövlətləri, ABŞ, Amerika, Avstraliya kimi ölkələrdə də nurçuluq hərəkatı özünə ardıcıllar qazanmışdır.
Nurçuların bir qolu olan Fətullah Gülənçilər son günlərdə Türkiyədə baş verən terror hadisələri ilə öz əsl kimliklərini ortaya qodular.
(Nurçuluq mövzusunda yazılanların bəzi hissəsi http://az.islaEhliwie-samux.com/ və http://az.313news.net/ saytlarının araşdırması idi. Təşəkkür edirik)
Mahir Şəkərov – İlahiyyatçı yazar.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |