Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ramazan ayı ilə söhbət və Qədr gecəsi
Qeyd: Yazı, Quran, hədis və hədisi qüdsilər əsasında yazılmışdır.
-Salam ey Allahın ayı! Səni yenidən görmək nə xoş səadət.
-Salam ey Allahın bəndəsi! Artıq gediş vaxtım yaxınlaşır.
-Gediş vaxtın?
-Bəli, məgər görmürsən ayın çevrəsi getdikcə azalır?
-Axı səndən kifayət qədər istifadə edə bilmədik...
-Hələ yenə də fürsət var. Tələs.
-Axı şeytan...
-(gülərək) Şeytan?!
-Bəli, şeytan. Səni güldürən nədir?
-Ey bəndə! Allah bu ayda şeytanlara zəncir vurur. Yəni, onun insan üzərində hökmdarlığına bu ayda məhdudiyyət qoyulur. Cəhənnəm qapıları bağlanır, Cənnət qapıları üzünüzə açılır. Bu ayda şeytanı yox, özünüzü ittiham edin. Bu ay sizə, sizin özünüzü tanıtdıran aydır.
-Mən bu sayılı günlərdə yenə özümü islah edə bilərəm?
-Əlbəttə. Bu ayın hər saatı, hər anı qiymətlidir. Bu ayın son gününə qədər özünüzü bağışlatdırın. Yoxsa...
-Yoxsa nə?
-Sadəcə bu hədisi demək istəyirəm özün anla hər şeyi. Hədis: "Ramazan ayında özünü bağışlatdırmayan şəxs bəs hansı ayda bağışlatdırar?”
-Mənə yol göstər. Mənə elə bir şey de ki, onun vasitəsi ilə az zamanda Allaha yaxınlaşıb, özümü bağışlatdırım.
-Elə isə Qədr gecələrini ibadətlə keçir. O gecə oyaq qalıb ruhunu təmizlə.
-Mənə o gecədən danış.
-O gecə üstünə qaranlıq çökən bütün gecələrin ən üstünü, ən fəzilətlisidir. O gecə Quranın nazil olduğu gecədir. Qədir-qiyməti danışmaqla bitməyən bu gecəyə Qədr gecəsi deyilir.
-Niyə ona Qədr gecəsi deyilir?
-Çünki o gecə təqdir, müqəddərat gecəsidir. Çünki o gecə, az bir zamanda çox uzun bir yol qət etmə imkanınız var. O gecə sizin müqəddəratınız müəyyən olur.
-Müqəddərat?
-Bəli. Ölüm, həyat, ruzi, xoşbəxtlik, bədbəxtlik və bunun kimi digər hadisələr ki, qarşıda sizi gözləyir. Odur ki bu gecənin qədrini bilin.
-O gecəni mənə kamil şəkildə başa sal.
-Bu mümkün deyil bəşər! Ən kamil əqlin sahibinə Quran buyurur ki; "Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” (Qədr sürəsi 2) Məgər bu ayə sizə kifayət etmir?
-O gecəni sənin dilinlə tanımaq istədim sadəcə...
-Elə isə Quran oxu. Quran o gecə barədə buyurur: "Qədr gecəsi min aydan daha xeyirlidir.” (Qədr sürəsi 3)
-Min ay?
-Bəli, niyə təəccüblənirsən?
-Yəni, həqiqətən Allah bizə min ayın savabını əta edəcək ya bu söz mübaliğə üçündür?
-Allah bu gecəni dərk edib onu ibadətlə keçirən şəxsə min ayın savabını əta edəcək. Sonsuz rəhməti olan, kərim Rəbbiniz üçün bu çox asandır. Məgər bu ümmət Allahdan min ayı istəmədimi? Və Allah da sizə bunu əta edərək Qiyamətdə bəhanənizi kəsdi. Məgər bu barədə olan hədisi oxumayıbsan?
-Hansı hədis?
-Hədis: "Bir gün Həzrəti Peyğəmbər (s) səhabələr üçün Bəni-İsrail ümmətindən olmuş və min ay düşmənlərlə cihad etmiş bir nəfərin əhvalatını danışdı. Səhabələr qibtə ilə soruşdular ki, görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər (s) onlara cavab verdi ki, Qədr gecəsində yatmayıb ibadət etsələr, onlar da bu qədər savab qazana bilərlər.”
-Bəzən ibadət etmək bizə çətin gəlir.
-Bu gecə elə dəyərli gecədir ki, hətta təkcə oyaq qalmağınız belə sizə savab qazandıracaq. Çünki, bu gecənin bir əməli də sırf oyaq qalmaqdır. Əlbəttə heç bir günaha yol vermədən...
-Allah bu gecə bütün günahlarımı əfv edərmi?
-Bəli, yetə ki sən ona tərəf üz tut.
-Axı mənim günahım çoxdur.
-Bəs bu hədisi eşitməyibsən ki Allahın peyğəmbəri (s) buyurur: "Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da.
-Həqiqətən Allah sonsuz mərhəmət sahibi, lütflər edən və ən kərimdir.
-Bir hədisdə deyim. Hədis: "Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona Cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvarı min il çapsa kölgəsi qurtarmaz. Hər oxuduğu ayəyə görə Allah ona Cənnət taclarından bir tac verər.”
-Bu gecə necə oyaq qalım?
-Sənə yenə öz sözümü yox, peyğəmbərin (s) sözünü çatdırıram. O həzrət (s) buyurur: "Hər kim iman və mühasibə ilə Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar.”
-Kaş bu deyilənləri kamil şəkildə yerinə yetirə biləydim.
-Tələs bəndə, tələs. Bu fürsətləri əldən vermə ki, ziyankarlardan olarsan. Qəza namazın varsa ilk növbədə onları qıl. Əgər yoxdursa nafilə namazlarınla axirət yurdunu bəzə. Quran və dualarla üns qur. Əvvəl özünü bağışlatdır ki, etdiyin dualar da Allah dərgahına ucalsın. Axı, günah duaların qəbuluna maniədir. Allahın pak bəndələrinə təvəssül et.
-Təvəssül?
-Bəli, Allaha onlar vasitəsi ilə yaxınlaş. De ki: "İlahi! Mən günah etməklə özümə zülm etmişəm və bu günahlarım dualarımı həbs edib. Elə isə səni, and verirəm pak bəndələrinə, onlara xatir duamı qəbul et və günahımı bağışla. Öz əziz peyğəmbərinə (s) xatir günahlarımı bağışla.”
Və çoxlu salavat de.
-Salavatı necə deyim?
-Belə de: "Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd.” Budur kamil salavat.
-Daha nə edim?
-Səcdəyə get, səcdə halında Allah ilə üns qur. Çünki bəndəçiliyin ən gözəl nişanəsi səcdədir. Səcdə halında Allahdan bağışlanma dilə. Etdiyin günahları Allah qarşısında etiraf et və səcdələrini uzat. Sən dünyada başını Allah qarşısında yerə qoy ki, Allah o başını Qiyamət günü yerə vurmasın.
-Dediyini edərəm. Səcdə edib, özümü çoxlu dua edərəm.
-Təkcə özünü yox! Xudbin olma bəndə! Bütün insanlığı dua et. Bütün müsəlman və möminləri.
-Axı bəzilərindən xoşum gəlmir... Və qəlbimdə...
-Əfsus sənin halına əfsus... Belə mübarək ayda sən hələ də qəlbini təmizləməyib kin saxlayırsan? Hətta nifrət etdiyin mömin və müsəlmanları belə dua et. Unutma! Qədr gecəsi fədakarlıq gecəsidir. Sən başqalarını dua et ki, Allah da bu fədakarlığın müqabilində sənə nəzər edib, səni əfv etsin.
-Axı bəziləri haqqımı tapdalayıb.
-Bəs sən Allahın haqqını heç tapdalamamısan? İstəmirsən Allah səni əfv etsin?
-Əlbəttə istəyirəm.
-Sən öz haqqından Allaha xatir keç başqalarını əfv et ki, Allah da öz haqqından keçib səni əfv etsin. Budur İslamın gözəlliyi və sizə tövsiyəsi...
-Ey Allahın ayı elə isə şahid ol! Mənə bilərək və bilməyəkdən zülm edən və incidən hər kəsi Allaha və bu aya xatir əfv etdim.
-Allah da səni əfv etsin. Artıq getməliyəm...
-Səndən ayrılmaq mənə çətin gəlir ey Allahın ayı. Gələn il səni görüb görə bilməyəcəyimiz isə müəmmalıdır.
- Allahdan istəyin ki gələn ilin Ramazan ayını da sizə qismət eləsin.
-Gələn il yenidən görüşmək ümidi ilə. Qiyamət səhnəsində bizi unutma ey Allahın ayı!
Müəllif: Mahir Şəkərov / İlahiyyatçı yazar.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |