Qurbanlığın yaranma tarixi
Hər kəsin bilmək istədiyi mövzulardan biri də odur ki, qurbanlıq nə vaxtdan vücuda gəlmişdir? Çünki, tarixi nişanələr göstərir ki, müxtəlif millətlər və ümmətlər arasında qurbanlıq məsələsi olmuşdur. Xoşbəxtlikdən Qurani-Kərimdə bu mövzunun kökü Adəm (əleyhissalam)-ın yaranışı və övladlarının zamanından olduğu bəyan olunur. "Maidə"surəsində oxuyuruq: "Ya Məhəmməd! Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: "Səni mütləq öldürəcəyəm!"Habil ona belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən qurban qəbul edər!”(Maidə surəsi, ayə:27)
Bu ayədən məlum olur ki, Allah-taalanın rəhmətinə yaxın olmaq yollarından biri də qurbanlıqdır. Adəmin övladları özlərinin hansının Allaha daha yaxın olmaq meyarını qurban kəsmək götürürlər.
İbrahim (əleyhissalam) Allaha yaxın olmağı sədəqə verməkdə bilirdi. Necə ki, "Tövrat" kitabından məlum olur ki, Allah ona heyvanları qurbanlıq etməyi əmr edir. İbrahim (əleyhissalam)-ın övladları da həmin yolla özlərini Allahın rəhmətinə yaxın edirlər.
Həzrəti Musa (əleyhissalam)-ın dövründə qurbanlıq iki qisim idi. Bir qism zibh olur, digər qisim isə Allah yolunda kəsilirdi. Zibh olunan üç qisim idi:
1.Odda yandırılan üçün kəsilən.
2.Xəta və günahın kəffarəsi üçün kəsmək.
3.Sağlamlıq üçün kəsilən.
Birinci qisim odda yandırılmalıdır. Təkcə dərisi qalır, o da kahinə məxsus olurdu. İkinci, qurbanlığın yarısı yandırılır, yarısı isə kahinə çatırdı. Üçüncü növ qurbanlığın əti hamıya halal idi.
Rumlular öz tanrılarından ötrü qurbanlıqlar kəsirdilər və onların kahinləri, qurbanlıq vaxtı su, bal və gülab çiləyirdilər. Tarix yazır: İnsanlar belə qurbanlıqlarda təkcə qoyun və heyvanları kəsməklə kəfayətlənmirdilər, bəlkə də, bəzən insanı da qurbanlıq ünvanı ilə zibh edirdilər.
Finiqinlər, kənanilər, farslar, rumlular və misirlilərin bir qisminin belə adəti var idi. Nəhayət, 657-ci ildə rumluların əyan və əşrəf məclisi bu növ qurbanlığı qadağan edirlər.
Nəql olunur ki, misirlilər öz bütxanalarına ehtiram göstərməkdən ötrü hər ilin isti ayında, Nil çayında, bakirə qızı gözəl şəkildə bəzədikdən sonra onu suda qərq edirdilər. Bu çirkin adət, misirlilərdə davam edirdi. Tainki, Əmr ibni As, Ömər ibni Xəttabın razılığı ilə bu adəti qadağan edir. "Risalətil-hüquq" kitabının müəllifi bu mətləbi "Hikmətut-təşriy və fəlsəfə" kitabından, Əl-Əzhər alimlərindən ustad Əhməd Curcaninin dilindən nəql edir.
İslam dini istər insanlar üçün, istərsədə bütlərdən ötrü olan bütün qurbanlıqları qadağan edib, səhih və düzgün qurban kəsməkliyi öz tərəfdarlarına öyrətmişdir. Keçmiş bəhslərdə bu mövzudakı ayələri zikr etdik. Əslində, İslam, insanın fitri meyllərini nəzərə almaqla qurbanlığın yalnız, Allahdan ötrü olmasını bəyənir və qurbanlığın kəsilməsi yolunu bəşərə öyrədir. Heç də güman olunmasın ki, qurbanlığın əti ya qanı Allaha çatır, xeyr, bəlkə də, bu iş insanın Allahın rəhmətinə yaxın olmasından ötrüdür. Ona görə də heyvanın başını kəsdikdə "qəsdi-qürbət" (Allaha yaxın olmaq) niyyəti olmalıdır və Allahın adı çəkilməlidir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi