Təvəssül tövhiddir, yoxsa, şirk (3.Təvəssülün Quranda əsas və kökü)
İlahi övliyalara təvəssül etmək iki şəkildə olur: Bəzən onların özündən kömək istənilir ki, Allahın izni ilə çətinliklərimizi aradan qaldırsınlar, bəzən də bizimlə Allah arasında onların vasitə olmasını istəyirik ki, bu yolla Allah bizim problemimizi aradan qaldırsın. Hər iki növdən olan təvəssülün Quranda əsası və kökü vardır:
a) İlahi övliyalar Allahın izni ilə çətinlikləri aradan qaldırırlar.
Təbii məsələdir ki, hər bir müsəlman ilahi övliyalardan hansısa birini Allah icazə verdiyi zaman, vasitə seçə və ya ondan çətinliklərdə yardım istəyə bilər. Əks halda, ondan yardım istəmək olmaz. Həqiqətdə, bu əməlin şəri baxımdan düzgün olması Allahın izninə bağlıdır. Quranda həzrət İsanın (ə) Allahın izni ilə çətinlikləri aradan qaldırması, xəstələrə şəfa verməsi, hətta ölüləri diriltməsi bildirilmişdir.
"Maidə" surəsinin 110-cu ayəsində Allah-taala həzrət İsaya (ə) xitab edərək belə buyurur:
وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ کَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَکُونُ طَيْراً بِإِذْنِي وَتُبْرِءُ الاْکْمَهَ وَالاْبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوْتَى بِإِذْنِي
"O zaman ki, mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, mənim iznim və iradəmlə quş olurdu; mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir, mənim iznimlə ölüləri dirildirdin." (Diqqət edin!)
O həzrət elan edir ki, mən Allahın izni ilə bu işləri görürəm. "Ali-İmran" surəsinin 49-cu ayəsində o həzrətin dililə belə bildirilir:
أَنِّى قَدْ جِئْتُکُمْ بِآيَة مِّنْ رَبِّکُمْ أَنِّى أَخْلُقُ لَکُمْ مِّنَ الطِّينِ کَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَکُونُ طَيْراً بِإِذْنِ اللهِ وَأُبْرِءُ الاْکْمَهَ وَالاْبْرَصَ وَأُحْىِ الْمَوْتَى بِإِذْنِ اللهِ وَأُنَبِّئُکُمْ بِمَا تَأْکُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِکُم
"Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm. Mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm."
Nəticədə, əgər kimsə həzrət İsanın (ə) yanına gələrək "Mənim oğluma Allahın izni ilə şəfa ver və ya bu ölünü Allahın izni ilə dirilt." desəydi, əsla şirk deyildi və bu məsələ caiz idi, çünki həm hacət istəyən şəxs, həm də həzrət İsa (ə) belə bir işin Allahın izni ilə həyata keçəcəyini bilirdi.
Bilirik ki, hansısa bir iş əgər şəri baxımdan caiz (icazəli) olmasa və şirk sayılsa, o, hətta nadir halda belə caiz sayılmamalıdır, çünki Allaha şərik qoşulmaması istisna qəbul etmir. Nəticədə, əgər kimsə Allah dərgahına yaxın olan övliyalardan Allahın izni ilə çətinliyini aradan qaldırmasını istəsə, qeyri-şəri bir işi yerinə yetirməmişdir. Bilməyimiz yerinə düşərdi ki, həmin surənin 45-ci ayəsində Allah-taala o həzrətin hörmət sahibi və Allaha yaxın olmasını xatırladır və mələklər xanım Məryəmə (ə) həzrət İsanın (ə) dünyaya gəlməsini müjdə verdikdə belə deyirlər:
وَجِيهاً فِي الدُّنْيَا وَالاْخِرَةِ وَمِنْ الْمُقَرَّبِينَ
"Dünya və axirətdə hörmət və məqam sahibidir və Allaha yaxın olacaqdır."
Onların bu aşkar dəlil-sübut qarşısında hansı cavabları var? Heç bir cavabları yoxdur.
b) İlahi övliyalardan dua etmələri və Allahdan bağışlanmaq diləmələrini istəmək.
Qeyd: Bu məqalənin ardı var...
Müəllif: Höccətül-İslam Səid Davudi
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı