
İradə və seçim
Müxtəlif dərketmə qüvvələrinə və onların xüsusiyyətlərinə diqqət etdikdə, insanda iradənin necə fəaliyyətə başlaması aydın olur. İnsan əvvəlcə özündə bir növ çatışmazlıq hiss edir və bu çatışmazlıqdan əziyyət çəkməyə başlayır. Bir zaman dadılmış ləzzət yada düşür, onun ardınca gəzib əldə edə bilməyən insan, əzab çəkir. İnsan bu əzab-əziyyətdən qurtulub, ləzzət meylini tə’min etmək etmək üçün çalışmağa başlayır.
İnsan fitrətən nöqsanların aradan qaldırılması və kamillik qazanma yoluna istiqamətləndirilmişdir. O, daim ağrıdan qaçıb, ləzzətə qovuşmaq arzusundadır. Bu zaman insanda hərəkətə gəlmiş fəaliyyət həm psixoloji, həm də fiziki ola bilər. İnsan ləzzət əldə etmək üçün hətta başqalarına da yardım göstərə bilər. Sanki onun qəlbindəki ağrı, başqalarının narahatlığından yaranmışdı. İnsan başqalarını sevindirməkdən elə ləzzət ala bilər ki, ağrı-acısını unudar.
İnsan bə’zən öz daxili ehtiyaclarını təbii yolla hiss edir. Məsələn, insanın suya olan ehtiyacı bu qəbildəndir. Bə’zən qorxulu bir səhnəni müşahidə etməklə, insanda təbii olaraq özünümüdafiə hissi oyanır.
Fitri meyillərin oyanmasında xarici amillər də tə’sirli rol oynaya bilər. Məsələn, ilahi peyğəmbərlərin bəşəriyyəti də’vəti, onların daxilindəki Allahpərəstlik hissini oyadır.
Əgər bir anda yalnız bir meyil oyansa, insan dərhal onu tə’min etmək qərarına gəlir və əlverişli şərait vardırsa, fəaliyyətə başlayır. Amma belə də ola bilər ki, bir anda bir neçə meyil oyansın. Bu zaman hansı meyil daha güclüdürsə, əvvəlcə onun tə’mini üçün fəaliyyət göstərir. Məsələn, uşaqlar oynamağı yeməkdən üstün tutur. Ana ac olsa da, övladını doyurmağa üstünlük verir. Gənc tələbə mütaliəni, təqvalı insan ibadəti, gənc mücahid vuruşu digər şeylərdən daha üstün tuta bilər. Məhz bu zaman insanın gizli iste’dadları aşkarlanır, o səadət və bədbəxtliyə düçar olur. Dəfələrlə deyildiyi kimi, bu ziddiyyətlər insanın yaranış fəlsəfəsinə tam uyğundur. Sual oluna bilər ki, bir neçə meyil eyni zamanda oyandığı vaxt, insan hansı meylin qalib gələcəyini gözləməlidir, yoxsa düşüncəsini işə salıb, ağıl yolu ilə seçim aparmalıdır?
İnsan oturub gözləsə ki, daha güclü meyl qalib gəlib işə düşsün, heç şübhəsiz ki, bədbəxtliyə düçar olar. İnsanın nəfsə bu sayaq kor-koranə itaəti, Qur’anda «qəflət» adlandırılmışdır: «Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da, məhz onlardır» .
Növbəti sual budur ki, insan eyni zamanda oyanmış meyillərdən hansına üstünlük verməlidir? Bu suala üç şəkildə cavab vermək olar:
1. Əgər eyni zamanda bir neçə istək baş qaldırmışsa, insan fitri olaraq ən ləzzətli meylə üstünlük verir. Bu doğru yoldurmu? Çox dəyərli bir avtomobili qaçırmaq qərarına gəlmiş şəxs gördüyü işin əvvəlinin ləzzət, sonunun əzab olacağını, düşüncəsini işə salmadan anlaya bilərmi? Yə’ni ləzzət birinci addımda duyulan ləzzət deyil. Ləzzətə əsaslanaraq hər hansı bir meylə üstünlük vermək üçün bu meylin son mərhələyədək ləzzətli olub-olmadığından xəbərdar olmaq lazımdır. Məsələn, insan üçün ən üstün və ən e’tibarlı ləzzət Allahla yaxınlıqdır.
2. Qeyd etmişdik ki, fitri meyillər iki əsasa malik ola bilər: İnsanın varlığının qorunması və kamilliyin əldə olunması. Məsələn, insan öz varlığını qorumaq üçün qidalanır və ya özünü kamilləşdirmək üçün Qur’an oxuyur.
Meyil seçimində ikinci yol budur ki, meylin əsasına diqqət olunsun və onun, insanın varlığı və kamilliyi üçün nə dərəcədə faydalı olduğu nəzərə alınsın.
3. Meyil seçimində üçüncü yol kamillik üçün faydalılığa diqqət yetirilməsidir. İnsanın fiziki varlığı, əsl yaranış məqsədi olan kamillik üçün bir şərtdir. Demək, insan varlığının tə’mininə yönəlmiş meyillər, kamillik meyilləri ilə müqayisədə ikinci dərəcəlidir.
Son nəticə
Aydın oldu ki, insan təbii və ictimai səhnələr qarşısında bitərəf tamaşaçı mövqeyi tutmamalıdır. Əksinə, bu işdə öz insani qüvvələrini işə salıb, aparıcı rol oynamalıdır. O, öz iradə və agah fəaliyyəti ilə bütün meyilləri həqiqi kamillik istiqamətində yönəltməlidir.
Heç şübhəsiz ki, bütün bəşəriyyəti doğru yola yönəldəcək yeganə qüvvə ağıldır. Bu qüvvənin güclənməsi, kamillik yolunda olduqca mühüm rol oynayır. Sokrat əql, elm və hikməti «əsl fəzilət» adlandırmışdır. Ərəstun isə belə qeyd edir ki, elm və hikmətə malik olub, onu işlətməmək səbəbindən əxlaqi fəzilətlərdən məhrum olanlar çoxdur. Biz də Ərəstunun bu fikrinə qoşuluruq ki, elm və hikmət fəzilətin əsası ola bilməz və idrak qüvvələrinin əsas işi təhrik deyil. Hətta səmavi hidayətlər də öz-özlüyündə iradə yarada bilməz. «Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O imandan döndü. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu» .
Səadət üçün kafi şərt, Allahpərəstlik istəyinin qələbəsi və nəfs istəklərinin süqutudur. Amma buna da şübhə yoxdur ki, insanın düşüncə qüvvəsi onun iradəsinin müəyyənləşməsində mühüm rola malikdir. Seçim hazırlığında bizə kömək edən qüvvə də, düşüncədir. Ona görə də, biz əqlin köməyi ilə yolumuzu tə’yin etməli və ilahi nura qovuşmaq üçün çalışmalıyıq.
Doğru yolu tanımaqda ağıl qüvvəsi çox əhəmiyyətlidir. Lakin doğru yolun incəliklərini tanımaq, ağılın qüvvəsi daxilində deyil. Həqiqi doğru yolun tam kəşfi, ilahi vəhy və dini proqramlar vasitəsi ilə mümkündür. Demək, dini elmləri öyrənərək dini dünya görüşünü artırmaq zəruridir. Bütün bu həqiqətlər əql və düşüncə yolu ilə əldə olunur.
Söhbətlərimizin sonunda bizim üçün çox böyük əhəmiyyət kəsb edən məsələ, ilahi yaxınlıq məqamına çatma meyli və bu meylin gücləndirilməsinin yollarını öyrənməkdir.
Yuxarıda qeyd edildi ki, fitri meyil daxili bir hərəkət və ya xarici mühitlə təmas nəticəsində oyanır. Adətən, mövcudluğu qoruma meyilləri ya təbii, ya da yuxarıda göstərilən iki yolla oyana bilər. İnsanın özünüqoruma meyilləri onun iradəsindən asılı olsaydı, qəflət və unutqanlıq səbəbindən bir çox çətinliklər yarana bilərdi. Bu çətinliklər isə, təkamül üçün zəruri olan şəraiti korlaya bilər. Yalnız zəruri şərait yarandıqdan sonra növbə insanın iradi fəaliyyətinə çatır. İnsanın həqiqi kamilliyi onun iradəsi ilə həyata keçdiyindən, seçmə imkanı böyük olduqca, iradi kamilləşmə də yüksək olur. Demək, kamilliyə aparacaq meyllərin oyadılması və fəaliyyəti, birbaşa onun özündən asılıdır.
Meyillər fəaliyyətə başlayıb insana ləzzət və ya ağrı gətirdiyi an, insan bu meyillərə daha çox diqqət göstərir. Təkrar gerçəkləşən meylə maraq yaranır. Məhz bu zaman, «filan işi, filan şeyi, filan şəxsi sevirəm» deyirlər. Bu bağlılığın şərti, nəfsin məhbuba ardıcıl diqqətidir.
Əgər öz fəaliyyətimizə istiqamət verib onu həqiqi kamillik istiqamətinə yönəltsək, diqqətimizi ardıcıl şəkildə həmin məqsədə məşğul etməliyik ki, bu məqsədə məhəbbət yaransın. Əgər insan qəlbində allahpərəstlik meylinə digər meyllərlə bərabər yer verilsə, həmin meylin təkamülü mümkünsüz olacaq. Amma əsl kamilliyə çatmaq üçün bütün digər meyillər allahpərəstlik meylinə bir növ xidmətçi olmalıdır.
Bu işdə yalnız əməli proqramla müvəffəqiyyət qazanmaq olar. Bu proqramın üç əsas maddəsini şərh edirik:
1. İbadət, xüsusi ilə də vacib namazları vaxtında və qəlbin iştirakı ilə yerinə yetirin. «Həqiqətən mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında müt’i olub, boyun əyərlər» .
İmkan daxilində münasib vaxt və münasib bir yerdə Allahı düşünmək üçün xüsusi vaxt ayırın. «Səhər-axşam yalvararaq və qorxaraq səsini qaldırmadan Allahını yad et» . Əgər insan bu işi fasiləsiz davam etdirə bilsə, Allahla ünsiyyətin şirinliyini dadar, maddi ləzzətlərə olan maraq insanı tərk edər.
Başqalarının ehtiyacını ödəmək (infaq) və özünün ehtiyaclı olduğunu ətrafdakılara vermək (isar), nəfs istəklərindən uzaqlaşmağın gözəl vasitəsidir.
«Nəfsinin xəsisliyindən, tamahkarlıqdan qorunanlar-məhz onlar nicat tapıb səadətə qovuşanlardır» .
«Sevdiyiniz şeylərdən sərf etməyincə, savaba çatmazsınız» .
«(Ya Məhəmməd) Onların mallarından sədəqə almaqla, onları pak etmiş olarsan» .
Qur’ani-şərifdə namazla zəkat kəlmələri adətən qoşa işlədilir. Bəlkə də bu onların bir-birini tamamlamasına işarədir: «...O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı» .
2. Hər günün müəyyən bir vaxtını Allahın sifətlərini, insanın yaranış məqsədini, ne’mətləri, yolun uzaqlığını və vaxtın azlığını, dünyanın müvəqqətiliyini və ölümü, xəstəlikləri və bəlaları düşünməyə sərf edin. «Yeri döşəyən, orada möhkəm dağlar və çaylar yaradan, bütün meyvələrdən cüt-cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün dəlillər vardır» .
3. Kamilliyə yönəlmiş doğru məqsəd və yolun daim yadda qalması üçün gündəlik proqram tərtib edib, bu proqramda Qur’an qiraəti, dini mətnlərin mütaliəsi, fiqh və əxlaqla məşğul olmaq üçün vaxt ayırmaq lazımdır. «And olsun ki, biz Qur’anı ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!» .
Bəs insan ilahi hədəfdən yayınmamaq üçün nədən qorunmalıdır?
1. Nəfsin heyvani ləzzətlərə məhəbbətinin qarşısını almaq üçün maddi ləzzətlərdən istifadədə ifrata getməmək lazımdır. Maddi ləzzətlər yalnız o zaman faydalı olur ki, insanın fiziki və mə’nəvi sağlamlığı üçün şərait yaradır. Oruc tutmaq, çox yeməmək, az danışmaq, az yatmaq, orta həddi gözləmək insan səadəti üçün mühüm şərtdir. «O kəslər ki, lüzumsuz işlərdən üz döndərərlər...» . «Oruc tutmaq sizin üçün faydalıdır» .
2. Heyvani meyillərin oyanmaması üçün təxəyyülü pis təsəvvürlərdən, fikirlərdən qorumaq lazımdır. İnsan gözünü şəhvət yaradan səhnələrdən, qulağını batil sözlərdən hifz etməlidir. «Qulaq, göz, qəlb, hər biri sorğu-suala çəkiləcək» .
3. İnsan öz düşüncəsini yanlış fikirlərdən qorumalı, əsassız şübhələrdən, əlçatmaz arzulardan çəkinməlidir. «...Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman ... onlarla bir yerdə əyləşməyin» .
«Vəsailuş-şiə»-də oxuyuruq: «İnsan qulaq asdığı adama pərəstiş edir. Danışan şəxs Allah tərəfindəndirsə, pərəstiş də Allaha aid olacaq. Yox, əgər danışan şeytan tərəfindəndirsə, pərəstiş də şeytana aid olar».
Proqramın tənzimi və icrasında hökmən orta həddi gözləmək lazımdır. İnsanın özünü gücü çatmayan bir işə məcbur etməsi nəfsi qiyama qaldırır, fiziki və psixoloji xəsarətlərə səbəb olur.
Proqram tərtib edərkən agah və e’tibarlı bir şəxslə məsləhətləşmək yaxşı olardı. Proqram tərtib edildikdən sonra süstlüyə yol vermək olmaz. Götürülmüş öhdəliyi hər hansı bir bəhanə ilə pozmaq, pis nəticələrə səbəb ola bilər. Hər halda, bu işdə Allaha sığınıb, Ondan yardım diləmək zəruridir.
Kitabın adı: Nəfsi saflaşdırmadan qabaq özünütanıma
Müəllif: Ustad Misbah Yəzdi