Arxayındır ürəyim Zeynəbi Kübraya görə
Ömür edər kim ki, bu dünyada bu dünyaya görə,
Canına verməz əziyyət, daha üqbaya görə.
Kim ki, üqbanı xəyal zənn eləyir, ləngiməsin,
Fikrin izah eləsin etdiyi dəvayə görə.
Çox gözəl ömr eləyərdik bu həyatda, əfsus,
Hər ötən gün puç olur bir para ədnaya görə.
İnsan öz xilqətinin hikmətinə qarşı çıxır,
Sanki insan yaranıb haqq ilə qovğaya görə.
Hər şeyi Xatəmə xatir yaradan xilqətdə,
Xatəmi xəlq eləyib həzrəti Zəhrayə görə.
Ol xanım – sirri-Xuda şiri-Xudanı qorudu,
Eşq ilə etdi fəda canını Mövlaya görə.
Bizlərə gizli-nihan oldu məzarın, Ana can,
Gəlmirik qəbrinin üstə bu müəmmayə görə.
Əsli eşq eşqi-Xudadır, buna dözməz hər ürək,
Ayrılar ruh bədəndən, belə sevdaya görə.
Eşq rahatlığı pamal eləyəndir, ey dil,
Çöllərə salmadımı Məcnunu Leylaya görə?
Olmasa Kərbü-bəladə o şəhidlər Şahı,
Kim gedər Kərbü-bəlaya quru səhraya görə.
Cəm olub əhli-səma seyr eləyir Yer üzünü,
"Kərbəla vaqiəsi” – adlı təmaşaya görə.
Olmasaq da üzü ağ məhzəri - Əlada, fəqət,
Qəlbi-aram gələrik Məhşərə, Səqqaya görə.
Kimsə çıxmazsa yiyə Həşrdə mən biəmələ,
Arxayındır ürəyim, Zeynəbi-Kubraya görə.
Gün də istər ki, nəhayət sona çatsın həsrət,
Gün ötür tez - tələsik, Höccəti-Yektaya görə.