Böyük məqam sahibi və müctəhidə qadın xanım İsfəhani
Haqqında qeyd etdiyimiz qadınlardan biri də möhtərəm alim, filosof, müctəhid, zamanədə nadir və müasir qadın kimi tanınmış Xanım İsfəhani Nüsrət Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan olub. Atası mərhum Hacı Seyyid Məhəmməd Əli Əminut-Tuccar idi. Onun anası da abidə və pak bir qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş yaşında İsfahanın tanınmış və mö`təbər tacirlərindən olan öz əmisi oğlu Hacı Muinut-Tuccarla evlənib. O uşaqlıq dövrlərindən iste`dad sahibi və İslam elmlərini öyrənməyə çox meyilli idi. Onun ustadlarından biri mərhum Ayətullah Hacı Mir Seyyid Əli Nəcəfabadidir. O deyir: "Bir gün eşitdim ki, Xanım İsfəhaninin uşağı dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani dərsi tə`til edəcək. Ancaq iki gündən sonra xəbər göndərdi ki, mənzilinə gedib tədris edəm”.
Bu qadın İslam elmlərindən fiqh, üsul, fəlsəfə və irfanda ictihadın ali dərəcəsinə nail oldu. Böyük alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.
Xanım İsfəhaninin əsərləri
O, bir çox kitabların müəllifidir. Onun çap olunmuş əsərləri bunlardır:
1. Məxzənul-ləali (İmam Əlinin (ə) şə`ninə yazılıb).
2. Seyru-süluk dər rəveşe Ənbiya (ə).
3. Məad ya axərin seyre bəşər.
4. Əxlaq və rahe səadəte bəşər.
5. Rəveşe xöşbəxti.
6. Təfsire Qur`an be name "Məxzənul-irfan” dər 15 cild.
7. Nəfəhatur-rəhmaniyyə.
8. Camiuş-şətat.
9. Ərbəinul-Haşimiyyə (bu kitab ərəbcə yazılıb və Xanım İsfəhaninin şagirdlərindən biri "Ələviyyə Humayuni” onu tərcümə və çap edib yaymışdır. Bu, Xanım İsfəhaninin ilk əsərlərindəndir).
Xanım Əmin İsfəhaninin tə`sis etdiyi "Əmin” qızlar məktəbi və dini dərslər tədris olunan "Fatimə (ə) məktəbi” mədrəsəsi kimi digər işləri də vardı. O xanımın özü də bu mədrəsədə tədrislə məşğul olardı. O, Ələviyyə Humayuni ("Ərbəinul-Haşimiyyə” kitabının mütərcimi) və "Fatimə (ə) məktəbi”nin müdiri kimi şagirdlər yetişdirdi. Xanım İsfəhani 87 yaşında 1361-ci hicri şəmsi ilində İsfahan şəhərində dünya ilə vidalaşdı.
Beləliklə, nəticə alırıq ki, "Tövbə” surəsinin 31-ci ayəsində "Onlar kişilərlə bərabər fəsadla mübarizə və əmr be mə`ruf, nəhy əz münkər meydanına gələr” buyurulduğu kimi, qadınlar müxtəlif sahələrdə ali dərəcədə elmi və siyasi tərəqqilərə nail ola bilər, ağır məs`uliyyətli işləri öhdəsinə almaq ləyaqətini tapar və böyük şəxsiyyətli kişi və qadınlar yetişdirib cəmiyyətə təhvil verə bilərlər.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi