İmam Sadiqin (ə) anası Ümmü Fərvə
Həzrət İmam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ümmü Fərvə kimi tanınırdı. Ümmü Fərvə İmam Səccadın (ə) xalası oğlu Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O, tanınmış şiə fəqihi və İmam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu İmam Səccadın (ə) daha e`tibarlı və e`timadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu "Tabein seyyidlər”indən və İmam Səccadın (ə) dövründəki "yeddi fəqihlər”dən biri kimi qeyd edirdilər. O hicri 101, ya 102, ya 108 və ya 112-ci ildə 72 yaşında Mədinədə vəfat etdi.
Bir gün İmam Rzanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: "Bu iki nəfər şiə idilər”.
İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şə`ni və məqamına İmam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: "Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər”.
Sonra buyurur, "anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurdu: "Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər”.
Görkəmli hədis alimi Məs`udi, "Mürucuz-zəhəb”də rəvayət edir: "Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi”.
O pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) "İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.
Nəql olunur ki, bir gün Ümmü Fərvə Kə`bənin kənarında təvafla məşğul idi. Həcərul-əsvədin yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: "Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yə`ni sol əllə "Həcərul-əsvədi” məsh etdin).
Ümmü Fərvə ona belə cavab verdi: "Bizim sənin elminə ehtiyacımız yoxdur”.
Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: "E`tiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri İmam Baqir (ə), qaynatası İmam Səccad (ə), övladı hikmət mə`dəni və elmin qaynar bulağı olan İmam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və İmam Səccadın (ə) e`timadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?”
7-İmam Kazimin (ə) əziz anası Humeydə
İmam Musa Kazimin (ə) əziz anası Humeydə Məğrib (Afrika və Əndəlos tərəflərindən olan) mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin (ə) onunla evlənəcəyi ərəfədə o xanıma buyurdu: "Adın nədir?”
Ərz etdi: "Humeydə”.
İmam (ə) ona buyurdu: "Sən dünyada mədh olunmuş, axirətdə isə bəyənilmisən”.
Sonra isə İmam Sadiqə (ə) buyurdu: "Bu qızı həyat yoldaşın olması üçün özünlə apar”.
İmam Sadiq (ə) həyat yoldaşı Humeydənin (İmam Kazimin (ə) anasının) şə`ninə buyurub: "Humeydə çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. Allahın mənə və məndən sonrakı höccətə bəxş etdiyi kəramətə xatir, mələklər onu mənə qovuşanadək daim qorudular”.
Humeydə savadlı və hədis bilən bir qadın idi. O e`timadlı rəvayətçi kimi bə`zən İmam Sadiqdən (ə) eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, İmam Sadiq (ə) şəhid olandan sonra onun yanına getdim və başsağlığı dedim. O ağladı və mən də ağladım. O dedi: "Əgər İmam Sadiq (ə) vəfat edən zaman hüzurunda olsaydın, təəccüblü bir mənzərəni müşahidə edərdin. O Həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: "Bütün yaxın adamlarımı buraya topla”.
Hamını çağırdım. O Həzrət (ə) onlara nəzər saldı və buyurdu: "Şübhəsiz bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq”.
İmam Kazim (ə) Əbva` kəndində (Məkkə ilə Mədinə arasında yerləşir və Peyğəmbərin (s) anası Həzrət Amənənin (ə) qəbri oradadır) dünyaya göz açdı. Həzrətin (ə) ata-anası (İmam Sadiq (ə) və Humeydə) həcc mərasimini yerinə yetirmək üçün dostları ilə birlikdə Mədinədən Məkkəyə gedəndə yolda İmam Kazimin (ə) dünyaya gəlməsi kəramətlər və təəccüblü hadisələrlə baş verdi. Bu barədə hədislərdə və tarixdə nəql olunub.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi