4-İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə)
İmam Səccadın (ə) anası Şəhrəbanu axırıncı Sasani padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirildi və burada öz seçimi ilə İmam Hüseynlə (ə) ailə qurdu. Onun Ömərin, ya Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə evlənməsi barədə üç ehtimal irəli sürülür. Ancaq Şəhrəbanunun ilk övladı İmam Səccad (ə) hicrətin 37-ci, yəni İmam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, İmam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki İmam Hüseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə uşaqlarının olmaması inandırıcı görünmür.
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görür ki, Peyğəmbər (s) İmam Hüseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: "Ey əcəm padşahının qızı! Mən səni Hüseynə (ə) nişanladım”.
O sonrakı gecə yuxuda Həzrət Zəhranı (ə) görür və Xanım Zəhra ona deyir: "Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Hüseynin (ə) vüsalına çatacaqsan”.
İmam Hüseynin (ə) Şəhrəbanu ilə evlənməsi barədə İmam Baqirin (ə) buyurduğu sözlər
İmam Məhəmməd Baqir (ə) buyurur: "Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər ona baxanda, üzünü gizlətdi və farsca dedi: "Vay! Hörmüzün ruzigarı qara gəldi”.
Ömər (farsca bilmədiyi üçün) dedi: "Bu qız məni söyür?”
Sonra onu satmaq qərarına gəldi. Əmirəl-mö`minin Əli (ə) Ömərə buyurdu: "Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytül-maldakı payından hesabla”.
Ömər Əlinin (ə) təklifini bəyəndi və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoydu. Şəhrəbanu qabağa gəldi və əlin İmam Hüseynin (ə) çiyninə qoydu. İmam Əli (ə) ona buyurdu: "Adın nədir?”
O cavab verdi: "Cahanşah”.
Həzrət Əli (ə) buyurdu: "Sənin adın Şəhrəbanuvəyh olsun!”
Sonra İmam Hüseynə (ə) buyurdu: "Ey Hüseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək”.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi