İmam Musa Kazimin (ə) qızı həzrət Məsumənin (ə) həyatı
Qələm şə`ni və məqamını yazmaqda aciz olan çox möhtərəm qadınlardan biri İmam Musa Kazimin (ə) qızı Həzrət Fatimə Mə`sumədir (ə). Onun qəbri şiələrin ziyarətgahı və pənah apardığı yer, Qum elmiyyə hövzəsinin, müctəhidlərin və elm-əməl dahilərinin mərkəzidir. Bə`zilərinin nəql etdiyinə əsasən, onun anası həmin Həzrət Nəcmədir. Həzrət Rza (ə) həm ata və həm də ana tərəfindən onun qardaşıdır. Həzrət Fatimeyi-Mə`sumə (ə) hicri qəməri 173-cü il zilhiccə ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci il rəbiüs-sani ayının 12-də 28 yaşında Qum şəhərində dünyadan gedib.
Hicri 200-cü ildə (yeddinci Abbasi xəlifəsi Mə`munun israrı və də`vətindən sonra) Həzrət Əli ibn Musa ər-Rza (ə) Xorasana gəldi və burada Mə`mun onu ehtiramla qarşıladı. Çoxlu imam övladları Həzrət Rza (ə) ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən Həzrət Mə`sumə (ə) də öz qohumlarından ibarət karvanla qardaşı ilə görüşmək üçün İrana gəldi. Ancaq Savə şəhərinə çatanda xanım xəstələndi. Yaxınlarından Qum barəsində soruşdu. Onlar dedilər ki, yaxındır. Əmin-amanlıq və müqəddəs şəhər olduğuna görə xanım sakin olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan Sə`d Əş`ərinin oğlanları Həzrət Mə`sumənin (ə) Savəyə gəldiyini eşitdikdə onu qarşılayaraq izzət və ehtiramla Quma gətirdilər. O Həzrət (ə) Musa ibn Xəzrəc ibn Sə`d Əş`ərinin evinə gəldi.[166] 17 (ya 16) gündən sonra isə dünyasını dəyişdi.İndi Həzrət Mə`sumənin (ə) Qumdakı pak və İlahi ziyarətgahı, ölkənin və xaricdəki müxtəlif bölgələrdən gəlmiş Əhli-beyt (ə) aşiqlərinin ziyarət mərkəzidir. İmam Kazim (ə) buyurur: "Qum Ali Məhəmmədin (s) evi, Ali Məhəmməd (s) şiələrinin sığınacağı və pənahgahıdır”.
Bə`zi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər (ə) öz qohumlarından Həzrət Mə`sumə (ə) də daxil olmaqla 22 nəfərlə İrana gəlir. Yolda Harun (ə) yemək yeyərkən Mə`munun cəlladları hücum edərək onu şəhid etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. Nəql olunur ki, Savədə Həzrət Mə`sumənin (ə) yeməyinə zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. Xanım (ə) yatağa düşdü və çox çəkmədi ki, şəhid oldu. Mə`mun İmam Kazimin (ə) övladlarından altı, ya da yeddi nəfərini şəhid etdi. Çünki onlar qardaşları İmam Rzanın (ə) qanını almaq məqsədiylə Mə`munun hakimiyyətinə e`tiraz etmişdilər . . . ".
Müəllif isə belə deyir: "Bu nəzər, Həzrət Mə`sumənin (ə) 201-ci hicri qəməri ilində vəfat etdiyi qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki Həzrət İmam Rza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdu”.
Həzrət Mə`sumənin (ə) (Əhli-beyt (ə) kəriməsi) məzarının ziyarəti barədə çoxlu rəvayətlər nəql olunub. O cümlədən, Həzrət Rza (ə) buyurub: "Hər kəs Həzrət Mə`sumənin (ə) məzarın ziyarət etsə, onun yeri behiştdir”.
Yenə də buyurub: "Mənim şiələrimin hamısı Həzrət Mə`sumənin (ə) şəfaəti sayəsində behiştə daxil olacaqlar”.
Diqqəti cəlb edən digər nöqtə budur ki, Həzrət Mə`sumənin (ə) ziyarətnaməsinin mətnini Həzrət Rza (ə) Sə`d Əş`əriyə öyrədibdir.
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi