İqtisadi səbəbdən törənən günahlara quraşdırılan üzrlərə aşağıda qeyd olunan nümunələri gətirə bilərik:
a) İctimai ədalət bərqərar etmək adı ilə xalqın hüququnu tapdalamaq.
b) Dolanışığın çətin olması adı ilə uşağın ana bətnində məhv edilməsi.
v) Ticarət adı ilə sələm yemək.
q) Hədiyyə adı ilə rüşvət almaq və yaxud vermək.
ğ) Məsləhətli yalan adı ilə haram yalan danışmaq və...
Fikrimizi əsaslandırmaq üçün Qur’anda haqqında bəhs olunan «Səbt» əshabının əzabı əhvalatına nəzər salaq.
Qur’anda gələn hadisələrdən biri də «Səbt» əshabının əhvalatıdır. "Ə’raf» surəsinin 163-166-cı ayələrində bu əhvalatdan bəhs olunur. Bu hadisədə iqtisadi üzrləri bəhanə edərək ilahi qanunların əks cəbhəsində dayanıb Allahın əzabına düçar olan şəxslər təsvir olunmuşdur. Onun xülasəsi belədir:
Bəni-İsrail camaatından bir dəstəsi dəniz kənarında yerləşən «İylə» adlı bir yerdə yaşayırdılar. Allah onları imtahana çəkmək məqsədilə öz Peyğəmbərləri vasitəsi ilə onlara şənbə günündə balıq tutmalarının qadağan əmrini göndərdi. Onlar isə Allahın bu əmrini yerinə yetirməmək üçün hiyləyə əl atdılar və dənizin kənarında bir neçə hovuz düzəltdilər. Şənbə günü balıqları dənizdən o hovuzlara gətirdilər. Onlar gün batan vaxtı bu hovuzların qabağını bağlayır və səhəri gün balıqları tuturdular. Əməllərinə isə belə don geyindirirdilər: Allahın balıq tutmaq barəsindəki qadağanı yalnız şənbə gününə aiddir. Biz də həmin gün balıq tutmamışıq. Onlar bu bəhanə ilə öz günahlarını yumaq istəyirdilər. Halbuki, onlar balıq ovunun bütün işlərini şənbə günü görürdülər. Əməllərinin cəzası olaraq Allah-təala «İylə» camaatına qəzəb edib onları çətin əzabla həlakətə yetirdi. Mə’sum İmamlarımızın bu əhvalat barəsindəki hədislərində qeyd edilir ki, İylə camaatı bu günah işin törədilməsində üç dəstəyə bölünmüşdü.
1. Birinci dəstə bu işi birbaşa edənlər idi.
2. Başqa bir dəstənin bu işin icrasında əməli fəaliyyəti olmasa da, bu günahın qarşısında müxalifətçilik də etmədilər. Yə’ni onu edənləri bu işdən çəkindirmək üçün heç bir tədbir görmədilər.
3. Üçüncü dəstə isə bu günaha qoşulmadı, üstəlik bu işi edənləri çəkindirməyə çalışırdılar. İmam Sadiq (ə) buyurur:
هَلَكَتِ الْفِرْقَتانِ وَنَجَتِ الْفِرْقَةُ الثّالِثَة
«Onlardan iki dəstəsi (günahkarlar və günah qarşısında sükut edənlər) həlak oldular. Üçüncü dəstə isə nicat tapdı».
7. Hərbi üzrlər
Ümumiyyətlə çətin işlərdə məs’uliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məs’uliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq həm dini, həm də dövləti mükəlləfiyyətlərdən boyun qaçırırlar. Həmçinin zahirdə müsəlman olanlarla müharibə edən zaman «biz müsəlman qardaşlarımızla müharibə edə bilmərik» deyərək bu müqəddəs işdən yayınırlar.
Nümunə kimi Təbuk müharibəsinə getməkdən boyun qaçırmaq üçün edilən bəhanəni qeyd edək. Hicrətin doqquzuncu ilində İslam Peyğəmbəri (s) tərəfindən bütün müsəlmanlara Rum təcavüzkarlarının qarşısını almaq üçün Təbuk deyilən yerə hərəkət etmələri əmr edildi. Müsəlmanlardan bə’zisi öz canlarını və mallarını islam dininin müdafiəsi yolunda qurban verməyə hazır olmadıqları üçün Peyğəmbərin (s) bu əmrinə itaət etmədilər. Onların bəhanəsi bu idi: Hava çox istidir və belə isti havada uzaq səfərə çıxıb müharibə edə bilmərik. Onlar bu sözlərlə başqalarını da müharibəyə getməkdən çəkindirirdilər.
«Tövbə» surəsinin 81-ci ayəsində oxyuruq:
وَقالُوا لا تَنْفِرُوا فِي الْحَرِّ قُلْ نارُ جَهَنَّمَ اَشَدُّ حَرّاً لَوْ كانُوا يَفْقَهُونَ
«Peyğəmbərin (s) əmrindən boyun qaçıranlar «bu istidə cihada getməyin» dedilər. De: «Cəhənnəm odu daha istidir», əgər başa düşsələr».
İmam Əli (ə) yalan bəhanələrlə müqəddəs cihaddan qaçanları tənqid atəşinə tutmuşdur. O həzrət söhbətlərinin birində (Müaviyənin qoşunu) ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurur:
«Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha bu qədər günah edirlər, siz isə bu günahlara razısınız.»
Sonra o Həzrət buyurur:
فَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي اَيّامِ الْحَرِّ قُلْتُمْ هذه حَمارَّهُ الْقَيْظِ، اَمْهِلْنا يفسَبَّحُ عَنّا الْحَرُّ
«Sizə yayda düşmənə hücum etmək əmrini verdim, siz isə dediniz: Bizə möhlət ver, havalar sərinləşsin».
وَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي الشِّتاءِ قُلْتُمْ هذِهِ صَبارَّةُ الْقُرِّ، اَمْهِلْنا يَنْسَلُخ عَنّا الْبَرْدُ...
«Sizə qışda düşmənlə müharibə fərmanını verdim, siz isə dediniz: İndi hava çox soyuqdur. Möhlət ver hava istiləşsin».
Sonra buyurur:
فَاِذا كُنْتُمْ مِنَ الْحَرِّ وَالْقُرِّ تَفِرُّونَ فَاَنْتُمْ وَاللهِ مِنَ السَّيْفِ اَفَرُّ
«Siz havanın soyuğundan və istisindən qaçırsınız, Allaha and olsun ki, düşmənin qılıncından daha çox qorxacaqsınız».
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti