Mülki-şəriət sahibi
Ey könül, yatma, oyan, ömür keçir sür'ət ilə,
Nə qədər ömür sürər arif olan qəflət ilə.
Tanrıdan başqasının dərgahına etmə ümid,
Hər qapı görsə gedərmi kişi də minnət ilə.
Zahidin asma qulaq bir də nəsihətlərinə,
Həşr olunca başıvı yoxsa qatar söhbət ilə.
Tanrıdan qorxsan əgər, qorxma cəhənnəmdən sən,
O özü rəhm edəcək bəndəsinə rəhmət ilə.
Kişi ki, tapdığını payladı, o dövlətlidir,
Yoxsa ki, neylədi Qarun o qədər dövlət ilə.
Çox sevərmiş qabarıq əlləri gördükcə Rəsul,
Çün bilirmiş dolanır tutduğu əl zəhmət ilə.
Kişinin zəhmətinə Xaliqi, gör, bir nə verər,
Ruzi-məhşərdə onu dindirəcək ülfət ilə.
Varisəm Adəmə mən mülki-şəriətdə bu gün,
Biz nəzarət edirik mülkinə həm növbət ilə.
Vəqt olar sahibinə catdırarıq bu mülki,
Mailin müzdü çatar onda böyük ne'mət ilə.