Münacat
Yazım "Bismillahir–Rəhmanir–Rəhim!”
Belə də öyrədir Qurani–kərim.
Allahın ismilə başlanan hər iş
Həmişə ən yaxşı nəticə vermiş.
Çoxları edibdir bunu imtahan
İşləri uğurlu olmuş hər zaman.
Mən də adın ilə başladım bunu
Ya Rəbbim xəcalət etmə qulunu.
Sənin dərgahına baş qoyan zaman
Ey tanrım məni də qovma qapından.
Bilik qapıların üzümə aç sən
Bəndən bəhrələnsin səxavətindən.
Sənə yalvarmıram dövlət ver mənə
Sənə yalvarıram hikmət ver mənə.
Elm bir dəryadır biliyim zərrə
Sənə şükr edirəm gündə min kərə
Bəxş etdin sən mənim ağlımı sağlam
Yazıb yaratmağa vermisən ilham.
Odur ki fikrimi yığdım bir yerə
Adınla çıxmışam uzaq səfərə.
Ən nazik iynənin dəliyi qədər
Yoluma nur salsan mənə bəs edər.
Qurani–kərimdən öyrənmişəm mən
"Bütün hikmətlərin sahibi sənsən”.
Sənsən məxluqata bilik öyrədən
Bütün elmlərdən xəbərdar edən.
Savadsız yetimə "Oxu” öyrətdin
Xatəmül–ənbiya Peyğəmbər etdin.
Xatəmül–Ənbiya–sonuncu peyğəmbər
O da dərgahına gətirdi pənah
Hər şeyi Görənsən Bilənsən Allah!
Müstəqim yolunun yolçusuyam mən
Çətinə düşəndə tut qələmimdən.
Bu yolda büdrəyib yıxılsam yerə
Tut mənim əlimdən qaldır göylərə.
Sənsən bu dünyada yol göstərənim
Heç kimdən köməyim yoxumdur mənim.
Düşünüb fikr etdim mən zaman–zaman.
Bir bağça yaradım olsun gülüstan.
Əlimə bel alıb yapışdım işdən
Yararsız çör–çöpdən təmizləyərkən
Bir yaz səhərində təmiz boş yerə
Bir boyda səhmanlı düz cərgələrə
Mühəmməd adına toxum səpmişəm.
Gözümdən su verib zəhmət çəkmişəm.
Çıxan şitillərə nurundan çilə
Məhsulun həm dadlı həm şirin elə.
Süfrəyə düzdüyüm nemətdən hər kəs
O ki var götürsün vermədən əvəz.
"Fatir” surəsində buyurduğun tək
"Allah diləyənə hər şey verəcək.
İstəsə insana yüksək elm verər
Misilsiz gözəllik sahibi edər.
Əta eylədiyi nemətə heç kəs
Durub maneçilik eyliyə bilməz.
Allah bəndəsindən pak söz eşidər
Saleh əməlin də tez qəbul edər”.
Madam ki Quranın buyurur belə
Qarşında diz çöküb gəlmişəm dilə.
Sənin dərgahına üz tutmuşam mən
Yazdığım heç nədir kömək etməsən.
Səndən diləyirəm elm mərifət
Bu misgin bəndənə göstər mərhəmət.
Sənsən kainatı idarə edən
Yaratdıqlarına ruzi göndərən.
Səndən artıq ruzi istəmirəm mən
Naşükür deyiləm, bəsdir nə versən.
Öləcəyim gün də sənə bəllidir
Onu səndən başqa bilən yox xeyir.
Sənə yalvarıram mən dönə–dönə
Ömür istəmirəm möhlət ver mənə.
Belə çox hadisə olmuş həyatda
Doğulan bir saat yaşamır hətta
Ana əziyyətlə doğur övladın
Torpağa tapşırır qoymadan adın.
Sən bilən yaxşıdır dünyada heç kəs
Sənin işlərinə qarışa bilməz.
Kamillik yaşına çatmışam daha
Səni and verirəm Rəsulüllaha!
Qəlbimə qüvvət ver gözümə işıq
Yazdığım misraya gətir yaraşıq.
Fikrimə aydınlıq şerimə ver can
Xəcalət çəkməyim oxuculardan.
Nə qədər maraqlı olsa yaşamaq
Arzuya çatmaq da şirindir ancaq.
Möhlət ver kitabı çatdırım sona
"Allahın elçisi” ad verim ona.
Sən hikmət sahibi ey Pərvərdigar!
Biz hələ bilməyən çox sirlərin var.
Bir qətrə nütfədən yaratdın bizi
Açdın bağlı olan gözlərimizi.
Ağıl verdin bizə qiymətdə gövhər
Dil verdin deməyə "Allahu–əkbər”.
Səni tanımaqçın bəndələrinə
Peyğəmbər göndərdin yer üzərinə.
Müxtəlif olubdur peyğəmbərlərin
Kəramət sahibi etdin hər birin.
Musa Tur dağına çıxaraq bəzən
Sənlə danışardı durduğu yerdən.
Gələcək günlərdən xəbər verərdi
Əsasın döndərib ilan edərdi.
Bir anlıq qoynuna əlin salardı
Çıxartdıqda parlaq nur qaldırardı.
Ona bəxş etmişdin rəhm mərhəmət
Süleymana isə hikmət əzəmət.
İsa düzgünlükdə çıxarmışdı ad
Ona da vermişdin çoxlu istedad.
Ölüyə üfürüb verərdi nəfəs
Gözlərin açardı kor olsa hər kəs.
Nə qədər möcüzə göstərdi onlar
Düz yola gəlmədi kafir olanlar.
Allahı göydə yox yerdə gəzirlər
Bütə "allah” deyib əzizləyirlər.
Bu qədər nəbilər gəlib getdilər
Onların öyüdü vermədi səmər.
Mühəmməd onlardan ən sonuncudur
Onun möcüzəsi – Quranı durur.
Kömək et ya Rəbbim söhbət açım mən
Sənin bu sonuncu Peyğəmbərindən.
Belə söyləyirlər tarix yazanlar
Yüz iyirmi dörd min peyğəmbərin var.
Birinci Peyğəmbər–Həzrəti Adəm.
Sonuncu–Həzrəti Rəsuli–əkrəm.
Bir adı Mustafa bir adı əhməd
Həbibullah adın aldı Mühəmməd.
Çünki o veribdir islama həyat
Həzrətin gül camalına salavat.