Behişt geyimləri
"Kəhv” surəsində buyurulub: "Kim istəyir inansın, kim istəmir inanmasın. Zalımlar üçün pərdələri onları bürüyəcək od hazırlamışıq. Behişt əhli isə Behiştdə taxtlara söykənərək, qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər.”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur: Mö᾽min öz Behişt qəsrinə gedəndə başına kəramət tacı qoyular, ona Behişt cəvahirləri ilə bəzənmiş rəngbərənk 70 libas geydirilər. O libaslardan biri dünyaya gətirilərsə, ona baxmağa dünya əhlində taqət olmaz.
Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunmuşdur: Allah-Taala hər cümə Behiştdə mö᾽minlərə kəramət göstərər, mələklə libaslar göndərər, mö᾽min onlardan birini kəmərinə bağlayıb, digərini çiyninə atar. Getdiyi yerlər libasların nurundan işıqlanar.
Behişt qəsrləri
Qur᾽anın neçə yerində və”d verilmişdir:
"Allah mö᾽min kişilərə və qadınlara altından çaylar axan cənnətlər və "Ədn” cənnətlərində gözəl məskənlər və”də buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.” ("Tövbə” surəsi, ayə 72).
"Zümər” surəsində (ayə 20) buyurulmuşdur: "Lakin Rəbbindən qorxanları Behiştdə bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və”dəsidir. Allah və”də xilaf çıxmaz.”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, otaqlar mirvari, yaqut, zümrüddən tikilib və onların üstü qızıldandır. Hər bir otağın qızıldan min qapısı, hər qapıya müvəkkil vardır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb